"Diaqnostik qiymətləndirmədə zəif nəticə göstərənlərə..."

"Diaqnostik qiymətləndirmədə zəif nəticə göstərənlərə..."
08:37 28 Oktyabr 2016
1264 Ölkə
Ölkə mətbuatı
A- A+

Müəllimlərinin maaşının aşağı olması son zamanlar müzakirə olunan məsələlərdəndir. Təhsil üzrə əksər ekspertlər təhsilin arzuolunan inkişaf səviyyəsinə çatmamağını, təhsil prosesindəki neqativ halları da məhz müəllimlərin maaşının az olması ilə bağlayırlar. Onların fikrincə, müəllimlər yüksək əmək haqqı alarlarsa, tədrisin keyfiyyətinin artırılmasında da maraqlı olarlar.

Qeyd edək ki, artıq iki ildir Bakıda və bölgələrdə müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi keçirilir. Bunun nəticəsində də qiymətləndirmədən uğurla keçən müəllimlərin maaşında artım olur. Yeri gəlmişkən, növbəti belə qiymətləndirmə daha 26 rayonda noyabr-dekabr aylarında keçiriləcək. Diaqnostik qiymətləndirmədən keçənlər üçün əməkhaqqı sisteminin yeni qayda ilə hesablanmasına gələn ildən başlamaq nəzərdə tutulur.

Təhsil nazirinin müavini Ceyhun Bayramov müəllimlərin diaqnostik qiymətləndirməsinin keçirilməsinə iki il əvvəl başlanıldığını xatırladıb. Nazir müavini jurnalistlərlə söhbətində bildirib ki, ilk olaraq 2014-cü ildə Bakı şəhərində diaqnostik qiymətləndirmə keçirilib. 2015-ci ildən artıq yeni qaydalarla dərs yükü normasının müəyyənləşdirilib və bunun əsasında da əmək haqqı hesablanır. Ötən il ölkənin 3 şəhər və 9 rayonunda qiymətləndirilmə davam etdirilib, bu il 26 rayonda noyabr-dekabr aylarında diaqnostik qiymətləndirmənin keçirilməsi planlaşdırılır: "Bununla da biz ölkə üzrə diaqnostik qiymətləndirmədən keçən müəllimlərin əhatə dairəsini 70 faizə çatdırmağı planlaşdırırıq".

Bayramov deyib ki, hazırda Təhsil Nazirliyinin işçi qrupu diaqnostik qiymətləndirmə keçiriləcək 26 rayonda işçi səfərindədir: "Orada görüşlər keçirilir, müəllimlərə prosedurlar izah edilir. Təbii ki, bu izahatlar verilərkən ötən illərin təcrübəsi nəzərə alınacaq".

Azərbaycanda gələn il əmək haqqı artırılan müəllimlərin sayının 100 min nəfərə çatdırılacağını deyən Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdir müavini Eşqi Bağırov isə bildirib ki, bu da ölkə üzrə hər 3 müəllimdən birinin əmək haqqının artımla ödənilməsi deməkdir. Onun dediyinə görə, diaqnostik qiymətləndirmə keçirilən şəhər və rayonlarda müəllimlərin həftəlik dərs yükü norması 1,5 dəfə, aylıq vəzifə maaşı isə 2 dəfə artırılıb. "Diaqnostik qiymətləndirmə keçirilən rayonlar müəyyənləşdirilərkən ilk növbədə həmin rayonda müəllim-şagird nisbəti nəzərə alınır. 2015-ci ildə müəllim-şagird nisbəti 10-11-dən yuxarı götürülürdüsə, bu ildən o nisbət bir az da aşağı endi və 7-8 nisbətdə olan rayonlar diaqnostik qiymətləndirməyə cəlb olunacaqlar".

E.Bağırov bildirib ki, 2015-ci ildə keçirilən qiymətləndirmələrdə iştirak etməyən, qiymətləndirmədən keçməyən və eyni zamanda işə yeni qəbul edilən, yaxud iş yerini həmin rayonlara dəyişən, əmək haqqı əvvəlki qaydada ödənilən müəllimlər də bu il keçiriləcək qiymətləndirmədə iştirak edə biləcəklər.

Şöbə müdiri onu da deyib ki, builki qiymətləndirmə də kompüter vasitəsilə, yəni proqram təminatı tətbiq edilməklə keçiriləcək.

Milli.Az xəbər verir ki, Azərbaycan Təhsil Şurasının sədri Əjdər Ağayevin "Ekspress"ə bildirdiyinə görə, diaqnostik qiymətləndirmə müəllimlərin işində fəallaşmasına təsir edir: "Diaqnostik qiymətləndirmədə zəif nəticə göstərənlərə tapşırıqlar verilir və həmin müəllimlər öz üzərində işləyir. Burda da əsas amil əmək haqqının artırılmasıdır".

Müsahibimizin sözlərinə görə, diaqnostik qiymətləndirmə müəllimlərin tədris prosesinə marağını artırır, onları inkişaf etməyə vadar edir. Maaşın artırılması isə onlara stimul verir.

Təhsil sahəsi üzrə ekspert Məhərrəm Zülfüqarlı qəzetimizə bildirib ki, müəllimlərin maaşının artırılması təhsilin səviyyəsinin yüksəlməsinə təkan verəcək: "Lakin müəllimlərin maaşı hissə-hissə deyil, ümumiyyətlə, artırılmalıdır. Onların maaşını hissə-hissə və cüzi artırmaqla heç nəyə nail olmaq olmaz".

Beynəlxalq aləmdə gedən iqtisadi amilləritn Azərbaycanda da təzahür etdiyini deyən ekspertin sözlərinə görə, bu da müəllimlərin maaşının artırılmasını zəruri edir ki, təhsil arzuolunan inkişaf pilləsinə yüksəlsin.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/483774.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR