ABŞ-da demokratiya böhranı

ABŞ-da demokratiya böhranı
09:18 28 Oktyabr 2016
44 Dünya
Ölkə mətbuatı
A- A+

Prezident seçkiləri kampaniyası bu ölkədə ciddi problemlərlə müşayiət olunur

Özünü demokratiyanın beşiyi və müdafiəçisi adlandıran ABŞ-da bu gün əsl demokratiya böhranı müşahidə olunmaqdadır. Özü də belə bir böhranın yaranmasını kənardan müşahidə edənlər yox, elə amerikalıların özləri etiraf edirlər. Hər halda noyabrın 8-də ABŞ-da keçiriləcək prezident seçkilərində respublikaçıların namizədi Donald Trampın açıqlamaları da bu qənaətə gəlməyə əsas verir.
Növbəti prezident seçkisi kampaniyası ABŞ-da müasir tarixin ən uzun və mübahisəli kampaniyalarından biridir. Eyni zamanda bu kampaniya ABŞ-da demokratiya ilə bağlı ciddi probemlərin üzə çıxmasında mühüm rol oynayıb. Prezident seçkilərində namizədlərin qarşılıqlı ittihamları və səsləndirdikləri fikirlər, faktlar bunun real təsdiqidir. Teledebatlarda prezidentliyə namizədlər Donald Tramp və Hillari Klinton bir-birilərini korrupsiyada, siyasi manipulyasiyalarda, seçiciləri müəyyən vasitələrlə ələ almaqda və digər məsələlərdə ittiham edirlər. Hətta iş o yerə çatıb ki, sonuncu teledebatda Donald Tramp seçkilərin nəticələrini tanımayacağını belə istisna etməyib. Donald Tramp Las-Veqasda çıxış edərkən söylədiyi sözləri təkrar xatırladıb: “Seçkilərdə hiylədən istifadə olunacağını düşündüyüm üçün nəticələri qəbul etməyə bilərəm”.
Xanım Klinton isə Şimali Karolinada seçiciləri ilə görüşü zamanı bəyan edib ki, Trampın seçkilərin nəticələrini tanımayacağı barədə fikirləri Amerika demokratiyasına vurulan zərbədir: “Tramp bu cür davranışları ilə demokratiyaya ciddi təhlükə yaradır. Əgər sən seçkilərin nəticələrini tanımırsansa, bu, birbaşa demokratiyaya vurulan zərbədir. Amerikanı Amerika edən hakimiyyətlərin bir-birinə sülh yolu və sabitliklə təhvil verilməsidir”.
Amma Donald Trampın açıqlamaları əslində Hillari Klintonun bəhs etdiyi demokratiyadan ABŞ-da heç bir əsər-əlamət qalmadığını göstərir. Məsələn, o bildirir ki, seçki kampaniyasına mane olan tərəflərdən biri ABŞ mediasıdır və bu prosesdə Hillari Klintonun rolu heç də az deyil. Tramp qeyd edir ki, indiki vəziyyətdə ABŞ mediasına inanmaq olmaz: “Onlar yalnız sifarişlər əsasında işləyirlər”.
Tramp Florida ştatında tərəfdarları qarşısında çıxışında da ABŞ mediasını kəskin tənqid edərək onları seçkiqabağı kampaniyanı qeyri-obyektiv şəkildə işıqlandırmaqda ittiham edib: “Biz birlikdə fırıldaqçı sistemə və korrupsiyaya uğramış mediaya qalib gələcəyik. Media işçilərindən daha çox korrupsiyalaşmış kimsə yoxdur. Hamısı yox, amma əksəriyyəti korrupsiyaya qurşanıblar. Onlar korrupsiyalaşmış qruplardır”.
Bundan əlavə, respublikaçı namizəd medianı sifariş əsasında seçki kampaniyasında mübarizədə demokratlara aşkar dəstək göstərməsində ittiham edib. Söhbət ondan gedir ki, ABŞ mediasının əksər hissəsi açıq şəkildə tərəfkeşlik nümayiş etdirərək Klintonu dəstəkləyir. Bu səbəbdən də Tramp bildirir ki, rəy sorğularında Klintonun onu qabaqladığı iddia olunur. Reallıqda isə Tramp rəqibinin ondan çox geridə qaldığını bildirir. Qeyd edir ki, ABŞ mediasının bəzi təmsilçiləri rüşvət və korrupsiya müqabilində ona qarşı belə addımlar atırlar. Amma ittihamlar bununla bitmir. Tramp diqqəti həm də ona yönəldir ki, seçici qeydiyyatı ilə bağlı da böyük problemlər var. Onun sözlərinə görə, hətta qeydiyyata alınmamalı olan seçicilər belə, qeydiyyata alınıblar ki, Klintonun qələbəsi təmin edilsin: “Milyonlarla insan seçkilərdə səs vermək üçün qeydiyyata alınıblar, hansı ki onların bir çoxu qeydiyyata alınmamalıydılar”.
Bütün bunların fonunda Tramp seçkilərin nəticələrinin tanınmasının sual altında olduğunu vurğulayır. Bu vəziyyət ABŞ-da seçki, demokratiya böhranının mövcudluğunun real ifadəsi də sayıla bilər. Görünür, elə bu səbəbdəndir ki, “The Washington Post” qəzetinin yazdığına görə, amerikalıların demokratiyaya inamı azalmaqdadır. Qeyd olunur ki, ABŞ-da budəfəki seçki kampaniyası seçkidən çox Amerika demokratiyasının dəstəklədiyi dəyərlərin dəyişdiyini nümayiş etdirir. Qəzet diqqəti ona çəkir ki, aparılan sorğular amerikalıların çoxunun demokratiyaya inamını itirdiyini, seçicilərin böyük hissəsinin səsvermənin qanuniliyini qəbul etməyəcəyini göstərir. Belə sorğuların biri 3 min seçici arasında aparılıb və onlardan 40 faizi “Mən Amerika demokratiyasına etibarımı itirmişəm” - deyib. 6 faizi sistemə heç vaxt etibar etmədiyini bildirib. Respublikaçılar ilə demokratların tərəfdarları arasında bu cür düşünənlərin say fərqi var. Hillari Klintonu müdafiə edən seçicilərin 10-dan 6-sı, Donald Trampın tərəfdarlarının isə 10-dan yalnız 4-ü ABŞ demokratiyasına inandığını bildirir. Trampı müdafiə edənlərin çoxu, ümumiyyətlə, Birləşmiş Ştatlarda idarəetmə mexanizminə etimadını itirdiyini deyib.
Demokratiyaya inamın göstəricilərindən biri bu seçkidə uduzacaq namizədin tərəfdarlarının seçkinin nəticələri ilə barışıb-barışmayacağı barədə suallara verilən cavablardır. Respondentlərin çoxu namizədləri qalib gəlməyəcəyi halda seçkinin qanuniliyinə şübhə edəcəklərini bildirirlər. “Survey Monkey” seçki izləmə təşkilatının apardığı sorğular isə bu faktı üzə çıxarıb ki, respondentlərin cəmi 31 faizi istədiyi namizəd seçilməsə belə, seçkinin nəticələrinə şübhə etməyəcək. 28 faiz isə seçkinin nəticələrini qəbul etməyəcəyini bildirib.
Seçkinin nəticələrinə şübhə ilə yanaşacaqlarını bildirənlər daha çox Trampın tərəfdarlarıdır. Amma bu cür düşünənlərin sayının hər iki tərəfdə çoxalması ABŞ-da milyonlarla adamın seçkinin qanuniliyinə şübhə etdiyini göstərir. Bu dəyişikliyi seçki kampaniyası zamanı müşahidə olunan ruh düşkünlüyü ilə bağlamaq olar. “The Washington Post” yazır ki, bu rəqəmlər daha dərin problemlərdən xəbər verir, demokratiyanın dayağı olan sosial etimadın dağılmaqda olduğunu göstərir: “Amerikalıların dövlətə etibarının azalması institutlara etibarın azalması deməkdir. 40 il ərzində “Gallup” ABŞ-da mətbuat, din, ictimai məktəblər, banklar, birliklər və böyük bizneslər kimi institutlara inamın böyük olduğunu müəyyən edirdi. İndi bütün institutlara etimad göstəriciləri ən aşağı həddə düşüb, ya da yaxınlaşıb. Daha pisi isə amerikalıların bir-birinə inamının azalmasıdır”.
Qəzet yazır ki, ABŞ-da fikir ayrılıqlarına yaxın gələcəkdə son qoyulacağı ilə bağlı bədbin olanların sayı çoxdur. ABŞ seçicilərinin 80 faizi hesab edir ki, ölkə indi heç vaxt olmadığı qədər bölünüb və çoxları bu fikir ayrılığının hələ uzun müddət davam edəcəyini düşünür: “İndi siyasi liderlər anlamalıdırlar ki, seçki kampaniyasının üzə çıxardığı bu fikir ayrılığını sadəcə seçki keçirməklə aradan götürmək mümkün olmayacaq”.
Beləliklə, bütün bunlar ABŞ-da demokratiyanın ciddi böhran keçirdiyini aydın şəkildə nümayiş etdirir.

Elçin CƏFƏROV,
“Azərbaycan”


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/173817.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR