Azərbaycan ilə Gürcüstan arasında iqtisadi əlaqələrin inkişaf perspektivləri müzakirə olunub

Azərbaycan ilə Gürcüstan arasında iqtisadi əlaqələrin inkişaf perspektivləri müzakirə olunub
09:57 28 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Tbilisi. 28 oktyabr. REPORT.AZ/ Tbilisidə səfərdə olan Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev oktyabrın 28-də Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Dmitri Kumsişvili ilə görüşüb.
“Report”un Gürcüstan bürosu xəbər verir ki, görüşdə regionda həyata keçirilən və hazırlanan yeni layihələr, strateji tərəfdaşlığın inkişaf perspektivləri, eləcə də, qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.
D.Kumsişvili deyib ki, Gürcüstan dost və qardaş Azərbaycan ilə əlaqələrin inkişafında maraqlıdır: "Bu gün xalqlarımız, dövlət və hökumət rəhbərlərimiz arasındakı dostluq münasibətləri əlaqələrimizin hərtəfəli inkişafı üçün geniş imkanlar yaradır. Bizim bir sıra layihələrimiz var və çalışırıq ki, həmin layihələri tez bir zamanda reallaşdıraq".
Nazir bildirib ki, bu layihələr iki xalqın və dövlətin ümumi rifah halının yaxşılaşmasına və dövlət maraqlarına uyğundur. D.Kumsişvilinin sözlərinə görə, bu layihələr həm də, strateji tərəfdaşlığın daha möhkəmlənməsinə xidmət edir.
Şahin Mustafayev göstərilən qonaqpərvərliyə görə təşəkkür edib. O bildirib ki, Azərbaycanla Gürcüstan strateji tərəfdaşdırlar: "Bizim birgə iştirakımızla həyata keçirilən irimiqyaslı və regional layihələr təkcə bizim xalqlarımızın deyil, ümumilikdə regionun inkişafına, sülhün və təhlükəsizliyin təminatına xidmət edir".
Nazir nümayəndə heyətlərinin beynəlxalq tədbirlərdə də mövqelərinin birgə müdafiə olunmasının vacibliyini qeyd edib. O bildirib ki, hər iki dövlətin əraziləri işğal olunub: "Torpaqlarımız işğaldan azad olunduqdan sonra regional əməkdaşlığımız daha genişlənəcək".


Xəbərin orijinal ünvanı: http://report.az/i-nfrastruktur/azerbaycan-ile-gurcustan-arasinda-iqtisadi-elaqelerin-inkisaf-perspektivleri-muzakire-olunub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR