Anası ölmüş arvadını qısqanır

Anası ölmüş arvadını qısqanır
10:39 28 Oktyabr 2016
124 Digər
Ölkə mətbuatı
A- A+

 

Bu  günlərdə nəvəmi həkimə aparmışam.  Həyat yoldaşım da yanımda. Belə məsələləri özümüz həll edirik, daha doğrusu, övladlarımıza  nəvələrimizi hələ yetərincə etibar eləmirik.  Həmişə  xəstəxanalara gedəndə həyat yoldaşımın   ürəyində bir ümid doğur ki, burda hökmən məni şair kimi tanıyan olacaq. Salam verəcək, hal-əhval tutacaq. Bu da uşağın savadlı  həkimə  göstərilməsinə stimul  ola bilər, yəni mənlə tanış çıxan adam bizi daha yaxşı həkimin,  tutaq ki, Türkiyədə təhsil almış təcrübəli bir həkimin yanına aparar. Yoldaşımın o ümidi də var ki, elə o yaxşı həkimin özü tanış çıxsa, lap yaxşıdır. O həkim də  birdən qayıdıb desə ki, şair, mənə kitab gətirmədin? Bu işin  lap yüksək səviyyədə həll olunmağının göstəricidir. Çünki  kitab istəyən həkim  bizi növbəsiz qəbul edcək. Pul tələsi olan  aparatlara müayinəyə göndərməyəcək. Firma dərmanları yazmayacaq. Hərdən elə  olur  ki, belə anlarda üstümdə pul olsa da, kitab olmur. Yoldaşımın hirsi lap vurur kəllə-çarxa. Az qala, uşağın həkim məsələsini təxirə salam, elə yoldaşımı əsəb həkiminə göstərəm. Hirsinin də əsas səbəbi odur ki, evdə sənin kitablarının əlindən tərpənmək olmur, birini niyə çantana atmırsan?  O boyda həkim səndən kitab istəyir, durub üzünə baxırsan.  Birdən də elə olur ki, heç məni tanıyan olmur. Yoldaşım yenə əsəbləşir.  Pıçıltı ilə qulağıma deyir:  “Elə bil, heç səni televezorda-zadda görməyiblər, qəzet-zad oxumurlar”. Guya özü oxuyandı.

 

Belə salam alıb, salam vermədiyim günlərin birində Moskvada 3 aylıq kurs keçən  bir həkimin növbəsində dayanmışıq.  Gözləyən də çox. Yoldaşım düşünür ki, həkim tanımır-tanımır, heç olmasa burda növbədə dayananların biri tanıya ərini. Növbəsini bizə verə. Biz də bu dünyada  şeirdən axır ki, bir xeyir görək. Təssüflər olsun ki, heç üzümə baxan da yoxdur. Həkim bir-iki dəfə başqa bir otağa gedib qayıtsa da, başını yuxarı  qaldırmadı. Yoldaşım ha böyrümü dümsüklədi ki, özünü irəli ver. Mən özümü irəli verdikçə, kök bir qadın üzünü  daha da qabağa atdı. Yəni növbə mənimdir.

 

İndi keçək bu arvadın məsələsinə. Gəlini ilə gəlib. Tez-tez gəlinini növbə gözləyənlərə göstərib deyir ki, anası ölmüş (yəni oğlu) gəlini heç hara tək buraxmır. Hara gedir yanına bir adam qoşur.  Bu gün özünün işi oldu, məni qoşdu gəlinin yanına.

 

İndi keçək gəlinə. Gəlin, nə gəlin?! O qədər arıqdı ki, hörümçəkdən can istəyir.  Ayaq üstə güclə dayanıb. Bizim yerdə  belə adama deyirlər ki, elə bil, ot yeyib su içmir. Ayaqqabının dabanı qopub, hiss edirsən ki, çoxdan qopub, çünki qopan yeri özü də köhnəlib. Əynindəki paltarın təzəliyindən və böyüklüyündən bilmək olar ki,  ya  böyük baldızının, ya da eltisinindir. Çünki  gəlin qucağındakı gombul uşağı  o qolundan bu qoluna ötürdükcə, avadın zəhmli səsi qəbul otağını başına götürür: “Donu qırışdırma!”. Gəlinin gözlərinin  altı qapqaradır. Əlləri cadar-cadardır. Hiss edirsən ki, gəlin  bu ailədə zülm görüb, kipriyi ilə od götürüb, doyunca yemək yeməyib. Qaynana, qayın və baldızlarının  represiyası  altında əzilir. Qolunu   keçirdiyi bağlamanın ağırlığında uyğun sağ tərəfə əyilir. Hələ bu azmış kimi  arvad  qalın jaketini də çıxarıb  gəlinin üstə atır, “bunu  da  qoy  torbaya” – deyir. Özü də  pəhləvan kimi  dayanıb tən ortada, heç  olmasa gəlinin qucağından uşağı almır. Tez-tez  növbədə dayananlara  deyir ki, oğlum gəlini, yəni arvadını  bərk  qısqanır, evdən çölə çıxmağa qoymur.  Əlinə telefon vermir. Ətir nədi, gəlin onu görməz.   Televizor nədi - gəlin nədi, ona  baxmağa qoymaz. Neynəsin, anası ölmüş qısqancdı,  zəmanə pisdi, indi  hər cür hadisələr baş verir.

 

Arvad  öz çantasını da  gəlinin torpa keçmiş qoluna  əlavə edir. Bu dəfə gəlin az qala müvazinətini itirsin, yanında dayanmış  yoldaşım ona dayaq  durur.  Gəlinin bircə göz və burnu görünür. Köhnə yun şalla  başını bürüyüb. Arvadların biri deyir ki, ay  bala, heç olmasa  başından şalını aç, hava çox istidir. O saat qaynanası  bərk qışqırır, anası ölmüş eşidər,  o saat gəlib gəlinin başını burdaca kəsər.  

 

Özünü saxlaya bilməyən  həyat yoldaşım uca saslə deyir:

- Anası ölmüş onu qısqanmır, öldürür.

 

Araya süküt çökür. Həkim çölə çıxır, yenə məni tanımır.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/257883

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR