Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Uşaqlarıma bir həftə necə zülm etdim?

Uşaqlarıma bir həftə necə zülm etdim?

Date: 28 October 2016 10:52

Uşaqlarımın bağça həyatı cəmi bir həftə çəkdi. Özü də necə bir həftə - göz yaşı, iztirab, ürək dağlayan ayrılıq səhnələri, kədər, həsrət...

Bunlara birtəhər dözmək olardı,

Lakin...

Məsələ tək bununla bitmir. Bir həftə, bəlkə, daha az müddət kifayət edir ki, uşaqları necə bir bataqlığa saldığının şahidi olasan.

Əvvəla, ondan başlayım ki, jurnalist üçün özəl bağçalar əlçatmaz olduğundan, sövq-təbii, seçim ancaq dövlət bağçaları arasında idi. Yaşadığımız ünvana yaxın olan Xətai rayonunda yerləşən 241 saylı bağçaya üz tutduq. Deyim ki, dövlət bağçalarında uşaqların qəbulu üçün müxtəlif məbləğlər tələb edildiyi barədə həm oxumuş, həm eşitmişdim. Və bu pulu vermək niyyətində deyildim.

Xanım-xatın direktor Xalidə xanımla söhbətimiz uzun çəkdi. Müxtəlif məsələlərdən danışdıq, pulla bağlı eyhamları bilməzdən, duymazdan gəldim, özümü "ölülüyə" vurdum. Deyim ki, nəticəsi də oldu. Mümkündür ki, peşəmin verdiyi "toxunulmazlığıma" görə çox da üzərimə gəlmədi.

Xüləs, uşaqları qəbul etdi. Amma o sifətdəki ifadə, ah, o ifadə... Xanım-xatın direktor nifrət tuluğuna dönmüşdü, zərif davranışından, gülər üzündən əsər qalmamışdı.  Zarafat deyil, adam "qazanc"ından olmuşdu.

Uşağın ilk "travması"

Uşaqlarını bağçaya qoyan valideynlərə əyandır ki, ilk dəfə hansı həngamələr qopur. Ata-anadan ayrı düşdüyünü görən balaca necə fəryad qoparır, doğmalarından ayrılmamaq üçün bacardığı qədər müqavimət göstərir. Tərbiyəçinin isə metodu çox amansızdır. "Uşağı burada qoyun gedin, narahat olmayın, hamısı belədir. Ağlayıb-ağlayıb sakitləşirlər", - deyib körpənin qolundan tutub, otağa salır və qapını bağlayır.

Adamlar uşağı ovutmaq, onunla dil tapmaq, müxtəlif vasitələrlə ələ almaq kimi "lazımsız" metodlarla uğraşmaq belə istəmirlər. Elə bil, axırda qoyun ayırırlar. Bəlkə də uşaq elə ilk "travma"sını onda alır. Onu atıb gedən ataya-anaya etimadını itirir. Qayğıyla əhatə olunduğu bir dünyadan qoparılır, daha qəddar bir mühitə düşür.

Birtəhər bağrına daş basıb dözürsən. O fikirlə ki, bağça uşaqlar üçün vacibdir, cəmiyyətdə davranış qaydalarını, təkbaşına ayaqda durmağı, ibtidai şeyləri öyrənməsi üçün burada olması zəruridir.

Amma gedişat səni xəyal qırıqlığına uğradır.

Yemək yox, yaxantı

Bir qohumum var, deyirdi ki, bağçada işləyən qonşusu heç zaman marketdən bazarlıq etmir. Hər dəfə işdən dolu zənbillərlə gəlir. Hətta qonşulara da pulla ərzaq təklif edir.

Bu bir həftə həmin sözləri xatırladım, hər dəfə uşaqlara verilən yeməklərə nəzər salanda. Şorbalarda yağdan əsər-əlamət yoxdur. Makaron və vermişellər isə demək olar, əksər vaxtı ətsiz verilir. Hər səhər isə uşaqlar ancaq bir dilim yağ-çörəklə kifayətlənməli olurlar. Hansı ki, bağçaların ərzaq təchizatı yüksək səviyyədədir. Bütün zəruri qida məhsulları ilə təmin olunur. Lakin körpələrin boğazından keçməyən məhsullar böyüklərin mədələrinə çox rahatlıqla oturur.

Bağçadan tək uşaqlar "faydalanmır", həm də "jurnalistlər" dolanırlar

Uşağınızı bağçaya qəbul etdirmək üçün etdiyiniz ödənişlə canınız qurtarmır. Bunun hələ aylığı da var. 

Aylıq ödənişi direktor uşaqların anası ilə söhbətdə elə əsaslandırıb, elə əsaslandırıb ki, xanım qəhərdən azca qalıb boğulsun.

Məlum olub ki, həmin puldan bağçanı saxlamaqla yanaşı (Deyim ki, bağça Bakı Şəhər İcra Hakimiyyətinin balansında olduğundan, saxlanılması dövlət büdcəsi hesabınadır), oraya gələn jurnalistlərə də haqq verirmiş (Artıq hansı əyər-əksiyini ört-basdır etmək istəyirsə).

Bir sözlə, adam ilanı seyid Əhməd əli ilə tutmaq istəyib.

Deyim ki, həmin puldan 100-150 manat civarında maaş alan tərbiyəçilərə qəpik də çatmır. Təsəvvür edin, bağçada təxminən 300 uşaq varsa, bu, ayda nə qədər qazanc deməkdir. Əslində, tərbiyəçilər tərəfindən uşaqlara laqeyd münasibətin qaynağını da burada axtarmaq lazımdır. Məntiq budur: yığılan pullardan mənə heç nə çatmırsa, 150 manata görə əsəblərimi niyə korlamalıyam?!

Bir həftədən sonra uşaqların canını bağçadan, direktorun canını isə "xeyirsiz" valideynlərdən qurtardım. Bu müjdəni Xalidə xanıma verəndə isə onun simasındakı sevinci, sadəcə, görmək lazım idi. Bu qadına ki o sevinci yaşatdım, xoşbəxtəm.

Firdovsi Fərzəliyev
Milli.Az   


Tags:  Uşaqlarıma həftə zülm etdim

RƏYLƏR


Top news