MTRŞ telekanalları və aparıcıları TOPA TUTDU

MTRŞ telekanalları və aparıcıları TOPA TUTDU
11:28 28 Oktyabr 2016
31 Ölkə
Ölkə mətbuatı
A- A+

“Efirə dəvət olunan ekspertlərin tərkibi və səviyyəsi ilə bağlı da çox ciddi, özü də haqlı narazılıqlar var”.

Publika.az xəbər verir ki, Milli Televiziya və Radio Şurası (MTRŞ) sədrinin müavini Qafar Cəbiyevin "Xalq" qəzetində dərc olunan məqaləsində deyilir.

Q.Cəbiyev bildirib ki, ayrı-ayrı kanalların daha çox müğənni və artistlərdən ibarət az qala daimiləşmiş ekspertlərini hər gün efirdə görmək, onların ekspert qismində peşələrinə, sənətlərinə və yaşlarına əsla uyğun olmayan problemlərlə bağlı məsləhət, tövsiyə və iradlarını eşitmək, əlbəttə, tamaşaçıya xoş ola bilməz.

“Məgər Azərbaycanda intellekt qıtlığı var?! Ekspert kimi bilavasitə müzakirəyə çıxarılmış mövzularla bağlı nüfuzlu, keçərli fikir söyləyəsi insanlar yoxdur?!

Heç kəsə sirr deyil ki, bu və ya digər verilişin nə dərəcədə uğurlu, əhəmiyyətli və baxımlı olacağı birbaşa müəllif və aparıcının özünün şəxsiyyətindən, onun intellektual səviyyəsindən çox asılıdır. Çoxsaylı peşəkar televiziya kadrlarının yetişməsi də müstəqillik illərində Azərbaycanda teleradio fəaliyyəti sahəsində əldə edilmiş uğurların bariz göstəricisidir. Bununla belə təəssüf hissi ilə onu da bildirməliyəm ki, bu gün telekanallarımızda peşəkar kadrların açıq-aşkar qıtlığı hiss olunur. Təkcə aparıcılar deyil, ümumilikdə digər sahələrdə də peşəkar televiziya kadrlarının çatışmaması hazırkı dövrdə televiziyalarımızın, lap elə radiolarımızın da bir nömrəli probleminə çevrilib. Teleradio işçiləri içərisində təsadüfi insanların olması təəssüf doğurur. Bəli, nə qədər təəccüblü olsa da, efir imkanlarından sui-istifadə edən, kamera və mikrofonları işə salaraq “ağa nəzərəm, belə gəzərəm” düşüncəsi ilə davranan, vəzifə borcunu unudaraq açıq-aşkar dələduzluqla məşğul olan teleradio işçiləri də var. Təbiidir ki, bu cür üzdəniraq əməl sahibləri teleradio ailəsinin özü tərəfindən tez bir zamanda çıxdaş olunmalıdır və olunurlar da”.

Q.Cəbiyev onu da vurğulayıb ki, “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikası Qanununa görə, proqramlar yayım üçün hazırlanarkən maarifçilik və mədəniyyət məsələlərinə üstünlük verilməli, proqramların tarazlaşdırılması yolu ilə efirin kommersiya, informasiya, yaxud digər eynitipli verilişlərlə yüklənməsinin qarşısı alınmalıdır.

“Yaxın keçmişdə efir məkanımız Latın Amerikası ölkələrinin istehsalı olan və bir çox hallarda Azərbaycan mentaliteti ilə əsla uzlaşmayan ucuz teleseriallarla dolmuşdu. Bu isə xalqın çoxəsirlik milli-mənəvi dəyərlərini sürətlə aşınmaya aparırdı. Bunu nəzərə alaraq ölkə Prezidenti 2012 və 2013-cü illərdə milli teleseriallar çəkmək məqsədi ilə telekanallara təqribən 15 milyon ABŞ dolları həcmində yardım ayırdı.

Teleradio Şurası tərəfindən müvafiq müqavilə şərtləri ilə həmin vəsait respublika yayımçısı olan özəl kanallar arasında bərabər şəkildə bölüşdürüldü. Məmmunluq hissi ilə bildirməliyəm ki, yayımçıların əksəriyyəti dövlət başçısının qayğısı müqabilində üzərlərinə düşən öhdəliklərə layiqincə əməl etməklə keyfiyyətli efir materialı ortaya qoydu. Əfsuslar olsun ki, müqavilə öhdəliklərindən yayınaraq ayrılmış vəsaiti saxta yollarla israf etmək cəhdləri də oldu. Lakin Teleradio Şurası sona qədər prinsipiallıq göstərərək belə cəhdlərin qarşısını aldı”.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/nida/173843.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR