Səfir: "Niderland Azərbaycanla daha sıx iqtisadi əlaqələrin qurulmasında maraqlıdır"

Səfir: "Niderland Azərbaycanla daha sıx iqtisadi əlaqələrin qurulmasında maraqlıdır"
11:57 28 Oktyabr 2016
28 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 28 oktyabr. REPORT.AZ/ Niderland Krallığının Azərbaycana yeni təyin olunmuş səfiri Onno Kerversin "Report" agentliyinə müsahibəsi:
- Əvvəlcə özünüz barədə məlumat verə bilərsiniz?
- İxtisasca hüquqşünasam. Leyden Universitetində beynəlxalq hüquq üzrə təhsil almışam. Sonra xarici siyasətdə işləməyə başladım. 36 illik təcrübəyə malik peşəkar diplomatam. Azərbaycan mənim üçün 12-ci xidmət yerimdir və Venesueladan sonra səfir kimi çalışacağım ikinci ölkədir. 2009-cu ildə Azərbaycanda səfirlik açılandan sonra Bakıda fəaliyyət göstərəcək Niderlandın dördüncü səfiriyəm.
- Niderlandın ölkəmizə yeni təyin olunmuş səfiri kimi qarşınıza hansı məqsədləri qoymusunuz?
- Hesab edirəm ki, əlaqələrimiz çox yaxşıdır və səfir kimi vəzifəm ümumilikdə Azərbaycan və Niderland arasında əlaqələrin daha da dərinləşməsinə, iqtisadi planda, investisiya və mədəniyyət sahəsində daha sıx əməkdaşlıq üçün imkanlar tapılmasına köməklik etməkdir. Hollandiya Avropa İttifaqının yaradıcılarından biridir. Azərbaycan Aİ ilə münasibətlərin dərinləşməsini dəstəkləyir. Hesab edirəm ki, bu, yalnız Aİ üçün yox, həm də birliyə üzv olan ölkələr üçün vacibdir. Strateji tərəfdaşlıq üzrə danışıqların tezliklə başlayacağına ümid edirəm və düşünürəm ki, üzərimizə düşən mühüm vəzifələrindən biri bu danışıqların baş tutması üçün səy göstərməkdir.
İkitərəfli münasibətlərdə digər aspekt sıx iqtisadi əlaqələrin, ticarət və investisiyanın təşviqinin təbliğ edilməsidir. Hollandiya şirkətləri burada fəaldır. Biz iqtisadiyyatın şaxələndirilməsində Azərbaycanla birgə işləmək istərdik. Onu dəqiq bilirəm ki, Hollandiya daha sıx iqtisadi əlaqələrin yaradılmasında, ticarət və kommersiya fəaliyyətinin artımında maraqlıdır. Bu məsələləri Bakıdakı fəaliyyətimin önəmli vəzifələri olaraq görürəm.
Mədəniyyət sahəsində əməkdaşlıqda da çoxlu imkanların olduğuna inanıram. Bu, müxtəlif insanlar arasında anlaşmanı təşviq etmək üçün çox yaxşı vasitədir. Azərbaycan Şərqlə Qərbin kəsişməsində yerləşir. Fikrimcə, mədəni əməkdaşlıq münasibətlərin yaxınlaşmasına, mədəniyyətimizin Azərbaycanda daha yaxşı anlaşılmasına, eləcə də əksinə, Azərbaycan mədəniyyətinin Niderlandda dərk edilməsinə köməklik göstərə bilər. Elə buna görə də mədəni əməkdaşlığın gücləndirilməsini əsas məqsədlərimdən hesab edirəm.
- Niderland və Azərbaycan arasında iqtisadiyyat sahəsindəki əməkdaşlıq barədə nə deyə bilərsiniz? 2015 və 2016-cı illərdə ticarət dövriyyəsi nə qədər olub? Neftin qiymətinin aşağı düşməsi və beynəlxalq böhran Azərbaycanla iqtisadi əməkdaşlığa təsir edib?
- Son 6-7 il ərzində iqtisadi əlaqələrin inkişafını müşahidə etmişik. Hətta ölkəm 2013-cü ildə qeyri-neft sektorunun ən böyük sərmayədarı olub. 2014-cü ildə ticarət dövriyyəmiz xeyli yüksək idi. Hollandiya Azərbaycana 284 milyon avro məbləğində mal ixrac etmiş və Azərbaycandan 69 milyon avro dəyərində mal idxal etmişdi. Sirr deyil ki, neftin qiymətinin düşməsi ilə əlaqədar vəziyyət heç də əvvəlki kimi qalmayıb. Həmçinin, aramızda daha az ticarət əməliyyatlarının olması mənasında ikitərəfli iqtisadi əlaqələr axsayıb. Amma deyə bilərəm ki, hələ də çoxlu sayda biznesmen Azərbaycanda potensial və nikbinlik görür. Yəni demək istəyirəm ki, iqtisadi çətinliklərə baxmayaraq, ölkəmin Azərbaycana olan marağı azalmayıb. Bir çox holland sahibkarlar hələ də Azərbaycanda imkanlar görürlər.
- Azərbaycanda Hollandiyanın neçə şirkəti fəaliyyət göstərir?
- Bunu hesablamışam və deyə bilərəm ki, 15 şirkət Azərbaycan bazarında daimi mövcudluğunu qoruyur, təxminən bir o qədəri də bu ölkə ilə müntəzəm biznes əlaqələri qurur. Uzunmüddətli layihələri olan şirkətlər var. Eyni zamanda, elə şirkətlər də var ki, onlar təsadüfi dar ixtisaslı ticarət əməliyyatları aparırlar.
- Niderlandın su resurslarının idarə olunması, gəmiqayırma, limanların idarə olunması və s. sahələrdə yaxşı təcrübəsi var. Niderland bu sahələrdə hansısa birgə layihələrin həyata keçirilməsini planlaşdırır? Hollandiya şirkətləri Azərbaycanın qeyri-neft sektoruna sərmayə yatırmaqda maraqlıdırlar?
- Çox maraqlıdırlar. Bu məsələni artıq xeyli sayda insanla müzakirə etmişəm. Etimadnaməmi Prezident İlham Əliyevə təqdim edərkən onunla, həmçinin iqtisadi vəziyyətlə bağlı maraqlı dialoq aparmaq imkanım oldu. O, iqtisadiyyatın şaxələndirilməsini fəal şəkildə dəstəkləyir və qeyd etdiyiniz sahələrdə Hollandiya ilə əməkdaşlıq imkanlarını görür. Su resurslarının idarə olunması çox vacibdir. Tezliklə başa çatacağına ümid etdiyimiz layihə Azərbaycanda yeraltı suların inventarlaşmasını özündə əks etdirir. Bu, kənd təsərrüfatının planlaşdırılması üçün vacibdir. Yeraltı suların harada və nə miqdarda olduğunu bilmək zəruridir.
Gəmiqayırma sahəsini qeyd etdiz. Hollandiyanın məşhur "Damen" şirkəti burada mülki və hərbi gəmiqayırma sahəsində çox fəaldır. Limanların idarə olunmasına gəlincə, bir neçə şirkət Ələtdə yeni ticarət limanı ilə birgə işləyir. Hazırda daha çox hökumətiniz tərəfindən böyük potensila malik sahə kimi müəyyən edilən kənd təsərrüfatına maraq artıb. Bizim hollandiyalı iş adamları ilə əlaqələrimiz var və onlar kənd təsərrüfatı sahəsində əməkdaşlıqda çox maraqlıdırlar. Həmçinin kənd təsərrüfatı sahəsində bilik mübadiləsi aparılmasına da maraq var. Hollandiyada Vageningen şəhərində məşhur kənd təsərrüfatı universiteti fəaliyyət göstərir. Bu sahədə əməkdaşlıq imkanlarını araşdırırıq. İstixanalar üçün texnologiyadan danışsaq, bizdə daha az su işlədib, amma çox miqdarda yüksək keyfiyyətli məhsul verən qabaqcıl texnologiyalar var. Süd məhsulları, toyuq əti, dana əti, keyfiyyətli toxum istehsalında da ümumi maraqlar var.
Azərbaycan kənd təsərrüfatı nazirinin iki həftə müddətinə Hollandiyaya səfər edəcəyinə görə şadam. Bütün bu sahələr müzakirə olunacaq. Səfər çərçivəsində nümayəndə heyəti iki şirkətdə və Vageningen Universitetində olacaq. Bu səfərin gələcəkdə iki ölkə arasında kənd təsərrüfatı sahəsində əməkdaşlığın dərinləşməsinə gətirib çıxaracağını gözləyirəm.
- Niderland Azərbaycanda humanitar sahədə layihə həyata keçirməyi, məsələn, sərgi keçirməyi və ya azərbaycanlı tələbələr üçün təhsil proqramı reallaşdırmağı planlaşdırır?
- Mədəni əməkdaşlığı təşviq etməyi çox istərdim. Hələ konkret layihələr müəyyən etməmişik. Amma Azərbaycanda, xüsusilə Bakıda cazın sevildiyini bilirəm və Bakı Caz Festivalında kvintetlə iştirak edəcəyik. Digər imkanlar da axtaracam. Bizdə qədim ənənlərə malik klassik musiqi də var. Yəqin Qəbələdə istehsal olunan "Beltman" pianolarının Hollandiya şirkətinin məhsulu olduğunu bilirsiniz.
Hollandiya, həmçinin yaradıcı incəsənəti ilə tanınır. Bizim Rembrandt, Van Qoq və başqaları kimi dünya şöhrətli rəssamlarımız var. Azərbaycanla işləmək üçün imkanları nəzərdən keçirməyə davam edəcəyik. Azərbaycanda Milli İncəsənət Muzeyində holland rəssamın 17-ci əsrdə çəkdiyi rəsm əsərinin olduğunu bilirəm. Bu səbəbdən Muzeyin direktoru ilə əlaqəda olub əməkdaşlıq imkanlarını araşdırmaq istəyirəm.
Humanitar sahəyə gəlincə, bildiyiniz kimi, müxtəlif humanitar sahələrdə - insan hüquqları, humanitar yardım və s. iştirak edirik. Qoşunların təmas xəttində ötən il başlatdığımız uşaq meydançası salınması üzrə layihəni bu il tamamladığımızı bilirsiniz. Biz əhalinin, xüsusilə uşaqların rifahına qatqı təmin etmək istəyirik. Onların təhlükəsiz şəraitdə oynaya bilməsi çox vacibdir. Artıq Qızıl Aypara Cəmiyyətindən olan həmkarlarla söhbət etmişəm və onların da əməkdaşlığı dərinləşdirməkdə maraqlı olduğunu deyə bilərəm. Ona görə də çoxlu imkanlar görürəm.
- Niderlandın miqrantların axını, Aİ ölkələri arasında etimadın olmaması, terror təhlükəsi kimi məsələlər üzrə mövqeyi necədir? Azərbaycan və Niderland miqrasiyanın idarə edilməsi kimi sahələrdə bir-biri ilə necə əməkdaşlıq edə bilər?
- Bu, əlbəttə ki, mühüm məsələdir. Avropa İttifaqının üzləşdiyi problemlərə baxsaq, fikrimcə, 2009-cu ilin iqtisadi böhran ilə yanaşı, miqrasiya və terror təhlükəsi ən ciddi problemlərdir. Hollandiya 2016-cı ilin birinci yarısında Aİ-yə səfirlik edib. Miqrasiya, beynəlxalq təhlükəsizlik, terrorla mübarizə sahələrində tərəqqi əldə etmək üçün çox səy göstərdik. Hesab edirəm ki, müəyyən uğurlar əldə etdik. Aİ və Türkiyə arasında qaçqınların qaytarılması barədə bəyannamə qaçqınların qanunsuz daşınması ilə mübarizədə çox vacibdir. Biz, həmçinin Aİ sərhədlərinin təhlükəsizliyinin təmin olunmasında uğur əldə etdik. Məncə, bu, Şengen zonasını təhlükəsiz etməyə kömək etdi.
Eyni zamanda, miqrantların uzun yola çıxdığı Afrika ölkələri ilə yüksək səviyyədə dialoqa başladıq. Bu məsələni həll etmək üçün miqrantlar və qaçqınların qəbulu məsələsini qaydaya salmaq həll yolu deyil, gərək axını azaldasan. Elə ona görə də Afrika ölkələri ilə dialoq vacibdir.
Terrorçuların təhdidlərinə gəlincə, bu il təəssüf ki, Fransa, Almaniya, Belçika, Türkiyə, Banqladeşdə çox sayda terror hücumlarına şahidlik etdik. Terrorla mübarizə sədrliyimiz dövründə prioritet məsələ olub. Məlumat mübadiləsi, miqrasiyanın idarə edilməsi və sərhədlərinin qorunması mühüm məsələlərdir və deyə bilərəm ki, 2016-cı ilin birinci yarısında Aİ çox sayda antiterror tədbirləri həyata keçirib.
- Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Niderlandın mövqeyi necədir?
- Niderlandın mövqeyi məlumdur. Əlbəttə, aprel ayında yaşanan gərginliyin artmasına görə, narahatıq. Dağlıq Qarabağdakı mövcud vəziyyət regionun bütün üzvləri üçün və daha geniş miqyasda arzuolunmazdır. Münaqişənin uzunmüddətli həllinin tapılacağına inanırıq. Hollandiya belə həll yolunun ATƏT-in Minsk qrupunun və Aİ-nin xüsusi nümayəndəsi Herbert Zalberin vasitəsilə axtarışına tərəfdardır. Bu baxımdan, ölkəm konstruktiv tərəfdaş rolunu oynayacaq.






Xəbərin orijinal ünvanı: http://report.az/xarici-siyaset/sefir-niderland-azerbaycanla-daha-six-iqtisadi-elaqelerin-qurulmasinda-maraqlidir-musahi-be

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR