"Qarabağ"ın rəqibi xüsusi məşqlər keçir

"Qarabağ"ın rəqibi xüsusi məşqlər keçir
11:57 28 Oktyabr 2016
34 İdman
Ölkə mətbuatı
A- A+

"Qarabağ"ın Avropa Liqasındakı rəqibi PAOK-un qol yollarında problem yaşaması məşqçilər korpusunu narahat edir.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, Saloniki təmsilçisində bununla bağlı xüsusi məşqlər keçirilir.

PAOK-un məhsuldarlığının aşağı düşməsi yerli KİV-in də tənqidinə yol açıb. Media PAOK-un həm Super Liqada, həm də Avropa Liqasında uğurlu çıxış etmədiyini düşünür. Baş məşqçi Vladimir İviçin yetirmələri çempionatda keçirdikləri 6 matçda cəmi 6 qolla yadda qalıblar ki, bunun da yalnız 2-si hücumçuların payına düşür. Həmin 2 topun müəllifi isə Eftimis Kolourisdir.
 
Yunanıstanlı həmkarlarımız komandanın qrup mərhələsində ilk 3 görüşdə 2 qol vurmasından da narahatdırlar. Komanda yalnız "Slovan"la səfər qarşılaşmasında vurduğu 2 qolla kifayətlənib. Çexiyadakı qarşılaşmada digər yerli forvard Stefanos Atanasiadisin dubl etməsi əcnəbilərlə bağlı narazılığı daha da alovlandırır.
 
"Yuventus"dan icarəyə götürülən seneqallı Mame Tiam, anqolalı Djalma Kampos və argentinalı Fakundo Pereyra cari mövsümdə nə çempionatda, nə də Avroliqanın qrup mərhələsində qol hesabını açıb. Vladimir İviçi, xüsusən də, sabiq "Qəbələ"li Pereyranın çıxışı qane etmir. Yerli mətbuatın fikrincə, yalnız Avropa Liqasının pley-off mərhələsində Tbilisi "Dinamo"su və ölkə kubokunda AEL-lə görüşdə fərqlənən Fakundo baş məşqçinin ümidlərini doğrultmur. Argentinalının "Qarabağ"la Bakıdakı qarşılaşmada ehtiyatda oturması və son 24 dəqiqədə mübarizə aparması da məşqçilər korpusunun gözündən düşməsi ilə əlaqələndirilir.
 
Qeyd edək ki, PAOK Avroliqanın IV turu çərçivəsində noyabrın 3-də "Qarabağ"ı qəbul edəcək.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/483946.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR