"Azərbaycan xaricdən olan təzyiqlər, hədə və təhdidləri zərərsizləşdirə bildi"

"Azərbaycan xaricdən olan təzyiqlər, hədə və təhdidləri zərərsizləşdirə bildi"
12:05 28 Oktyabr 2016
29 Ölkə
Ölkə mətbuatı
A- A+

"Azərbaycan müstəqillik əldə etdiyi ilk illərdə çox ciddi iqtisadi böhranla üz-üzə idi. Vətəndaşların təhlükəsizliyində ciddi problemlər yaranmışdı. Qanunsuz silahlı birləşmələr, kriminal qruplar o dərəcədə aktivləşmişdi ki, küçədə gəzmək belə təhlükəli idi. Hakimiyyət daxilində qruplaşmalar nəticəsində qardaş, vətəndaş müharibəsi başlandı. Gəncəyə ordu yeridildi, dövlətə tabe olmayan digər qrup hərbi çevrilişə əl atdı. Bir sözlə, Azərbaycanın suverenliyi təhlükə altında idi". 

Milli.Az 525.az-a istinadən bildirir ki, bu sözləri "Düşüncə" İctimai Birliyinin sədri, ekspert Emil Hüseynli deyib. O bildirib ki, 1993-cü il Azərbaycan üçün dönüş ili oldu: "Keşməkeşli tarixi dövrdə ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqının israrlı təkidi ilə hakimiyyətə qayıdışından sonra dahi və müdrik insanlara xarakterik olan strateji, uzaqgörən baxışa və dərin düşüncəyə malik olan ulu öndər tərəfindən Azərbaycanın daxili və xarici siyasətinin strateji ana xəttinin konturları cızılıb. Azərbaycanın müstəqilliyinin itirilməsi və Xalq Cümhuriyyətinin acı aqibətinin yenidən yaşanıla bilinəcəyi bir şəraitdə ölkəmizin yaxın və uzaq tarixi keçmişi, üzləşdiyi geosiyasi reallığı dərindən təhlil edilərək Heydər Əliyev tərəfindən formalaşdırılan strategiya ilk növbədə respublikamızın milli maraqlarının aydın və dəqiq şəkildə müəyyən edilməsini, bərabərhüquqlu, daxili işlərə qarışmamaq və qarşılıqlı faydalı əməkdaşlıq prinsipləri əsasında qonşu dövlətlər və dünya birliyi ilə mehriban münasibətlərin qurulmasını təmin etdi. Ümummilli lider Heydər Əliyevin Azərbaycanda hakimiyyətə qayıdışı dövlətçiliyin tənəzzülü dövrünə düşmüşdü.  Dövlətçiliyin tənəzzülü ən çox Azərbaycanın xarici siyasət apara bilməməsi parametri üzərində qurulmuşdu. Heydər Əliyev hakimiyyətə gələnə qədər Azərbaycan dövlətinin xarici siyasətindən danışmaq mənasız idi. Ona görə ümummilli lider Heydər Əliyev ilk olaraq Azərbaycanın xarici siyasətini qurmaqla məşğul olub. Bu məsələdə məhz Heydər Əliyevin əvəzsiz biliyi və bacarığı aparıcı parametrə çevrildi. Heydər Əliyev birinci növbədə özünün populyarlığından istifadə edərək Azərbaycanın daxili və xarici problemlərinin həllinin mümkünlüyü barədə həm məlumatlar yaydı, həm də beynəlxalq ictimaiyyətdə nikbin əhval-ruhiyyə yaratdı. Azərbaycanın siyasət apara bilmək bacarığına inam yarada bildi. Digər tərəfdən vətəndaş cəmiyyətinin inkişafı, iqtisadi və siyasi stabilliyi yaratdı. Azərbaycanın iqtisadi strategiyası üçün çətin siyasi dövrdə "Əsrin müqaviləsi"nin imzalanmasına nail oldu. Azərbaycanda iqtisadi islahatlara start verildi və bazar iqtisadiyyatı prinsipləri bərqərar oldu. 1993-cü ildən 2003-cü ilə qədər Azərbaycan çox böyük inkişaf dövrü keçdi".

E.Hüseynli qeyd edib ki, Heydər Əliyevin əsas fəaliyyətlərindən biri də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı olub: "Heydər Əliyev Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində Ermənistan məsələsi ilə Dağlıq Qarabağ məsələsini ayırdı. Yəni, Heydər Əliyevə qədər Dağlıq Qarabağ münaqişəsi deyilən yeganə termin var idi.  Ulu öndər Ermənistanı əlavə etdi ki, Dağlıq Qarabağ münaqişəsi Ermənistanla Azərbaycan arasında təkcə münaqişə deyil və Ermənistan işğalçı dövlətdir, tarixən miflərlə yaşayan dövlətdir".

Ekspertin sözlərinə görə, Heydər Əliyevin qurduğu konsepsiyanın uğurlu davamını 2003-cü ildən sonra prezident İlham Əliyev həyata keçirməyə başlayıb: "Prezident İlham Əliyev Azərbaycan adlı yükün altına girmək məsuliyyətinin davamçısı olduğunu anlayaraq ölkəmizin uğurları üçün yorulmadan fəaliyyət aparır. Xarici siyasətimiz qarşısında hücum strategiyasını müəyyən edən prezident İlham Əliyev diplomatiyamız tərəfindən erməni yalanlarının ifşa edilməsi və dünya miqyasında yayılması istiqamətində Azərbaycan diplomatları qarşısında ciddi tapşırıqlar qoyub. Dövlət başçısı Dağlıq Qarabağ tənzimlənməsində yeni mərhələ yaradıb. Münaqişənin mərhələli həll variantı olan Praqa prosesi başlayıb. Qısa zamandan sonra Praqa prosesi Madrid prinsipləri və sonradan Yenilənmiş Madrid Prinsipləri ilə əvəzlənib. Ermənistanın hərbi təcavüzü şəraitində təşəkkül tapan Azərbaycanın ümumi inkişaf və xarici siyasət strategiyası yüz ildən artıq bir dövr ərzində erməni ideoloqları tərəfindən formalaşdırılan böyük bir xülyanı tamamilə boşa çıxarıb. Məhz Azərbaycan dövlətinin güclənməsi fonunda erməni lobbisinin ölkəmizə qarşı təxribatlarının qarşısı alınmağa və yalanları ifşa olunmağa başlanıb. Erməni lobbisinin sıx cəmləşdiyi ölkələrdə belə Azərbaycan haqqında həqiqətlər bu ölkələrin geniş ictimai dairələrinə sirayət edib. İlham Əliyev prezident postuna gəldikdən sonra Ermənistanın Azərbaycana qarşı təcavüzünün nəticələrinin aradan qaldırılması xarici siyasətimiz qarşısında duran vəzifə və tapşırıqlar sırasında prioritet yer tutmaqla yanaşı, bu sahədə daim konstruktiv və praqmatik yanaşma nümayiş etdirilib".

QHT sədrinin fikrincə, müstəqilliyimizin üçüncü dövründə prezident İlham Əliyev, demək olar ki, yeni Azərbaycan qurub: "Paytaxt Bakı yenidən qurulub. Bakının Qız qalası ilə yanaşı, müasir "Alov qüllələri", Heydər Əliyev Mərkəzi kimi müasir simvolları yaradılıb. Bakının infrastrukturu tamamilə yenilənib, modernləşdirilib. Bu proses bütün şəhər və rayonlarda aparılıb. Güclü sosial infrastruktur layihələr həyata keçirilib. Prezident İlham Əliyev 2011-ci ildə daha bir uğura imza atıb. 155 dövlətin səs verməsi ilə Azərbaycan BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilib. Bu fakt İlham Əliyevin xarici siyasətində çox mühüm keyfiyyət mərhələsinin göstəricisi idi. O vaxtadək MDB dövlətlərindən heç kəs BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməmişdi. Azərbaycanın bu seçkilərdə mütləq qələbəsinin qaçılmaz olduğunu dərk edən Ermənistan eyni qrupdan namizəd olsa da, biabırçı məğlubiyyətdən xilas olmaq üçün prosesin ilkin mərhələsində namizədliyini geri götürüb. Azərbaycan Avropa İttifaqı ölkələrinin tam dəstəyini alaraq seçkilərdə iştirak edən Sloveniya və Macarıstan ilə rəqabət şəraitində dünya birliyinin tam dəstəyini qazanıb. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, BMT Təhlükəsizlik Şurasına seçilməyimiz müstəqilliyinin 20 illiyində Azərbaycanın böyük tarixi qələbəsi idi".

Prezident İlham Əliyevin uzaqgörən, praqmatik siyasəti nəticəsində Azərbaycanın beynəlxalq problemlərin araşdırma mərkəzinə çevrildiyini deyən ekspert hesab edir ki, bu işin bünövrəsi İlham Əliyevin dövründə qoyulub: "Bütün istiqamətlər üzrə tədbirlər keçirilib: Rusiya ilə birlikdə humanitar forumlara start verilib. Sivilizasiyalararası dialoq forumları, qlobal problemlərin dünyanın tanınmış siyasətçiləri, analitikləri, eks-prezidentlər və fəaliyyətdə olan rəhbərlərin iştirakı ilə forumların keçirilməsi adi iş rejimimizə çevrilib. Prezident İlham Əliyevin təşəbbüsü və himayəsi sayəsində ərsəyə gələn Bakı Humanitar Forumunda hazırlanan tövsiyə və təkliflər multikulturalizmin konseptual inkişafında mühüm rol oynayır, bu tövsiyələr beynəlxalq təşkilatlar, dövlətlər və tədqiqat mərkəzləri tərəfindən ciddi şəkildə öyrənilir, tətbiq edilir. Azərbaycan bu kimi fəaliyyəti ilə milli, dini, mədəni və irqi müxtəliflik şəraitində dünyada sülhün bərqərar olmasına və sivilizasiyalararası dialoqun möhkəmlənməsinə əsaslı töhfəsini verir. Çoxminillik tarixində multikulturalizm və tolerantlığın nəinki mümkünlüyünü, hətta inkişafını sübut edən Azərbaycan bu xüsusda dünya üçün bir örnəkdir. Ona görə də Bakı bu gün sivilizasiyalararası dialoq və multikulturalizm mövzusunda aparılan qlobal müzakirələrin mərkəzi məntəqələrindən birinə çevrilib".

E.Hüseynli qeyd edib ki, İlham Əliyevin siyasətində çox mühüm hadisə 2014-cü ilin sentyabrın 20-də baş verib: "Əslində, 2014-cü ilin sentyabr ayı tamamilə Azərbaycanın tarixi siyasətinə düşməli hadisədir. "Əsrin müqaviləsi"nin 20 illiyinin tamam olduğu vaxtda "Cənub Qaz Dəhlizi"nin təməlqoyma mərasimi keçirilib. Bu istiqamətdə bir neçə sənəd imzalanıb. Həmin mərasimdə Rusiya və Qərb şirkətlərinin rəsmiləri iştirak ediblər. Bu layihə "Köhnə qitə"nin sakinləri üçün çox önəmlidir. "Cənub Qaz Dəhlizi" layihəsinin əsas özəlliklərindən biri də kəmərlərin keçəcəyi ölkələrin bu və ya digər formada dividentlər əldə etməsidir. Məsələn, Makedoniya və Serbiya kimi ölkələr kəmərin təhlükəsizliyini təmin etməklə gəlir əldə edəcəksə, Yunanıstan milyardlarla dollar və milyonlarla yeni iş yeri qazanacaq. Eyni vəziyyət Bolqarıstana və digər ölkələrə də aiddir. Həmçinin, layihənin reallaşmasında iştirak edən 11 şirkətin mənsub olduğu ölkələr də əlavə gəlir əldə edəcəklər. İlham Əliyevin müəllifi olduğu "Cənub Qaz Dəhlizi" bir sıra Avropa ölkəsinə qazanc gətirməklə yanaşı, Azərbaycan üçün də iqtisadi və siyasi divident baxımından önəmlidir. Azərbaycan öz qaz ehtiyatlarını Avropa bazarlarına çıxarmaqla kifayət qədər gəlir əldə edəcək. Bu ölkənin gələcək iqtisadi həyatına ən unikal yatırımdır. Digər tərəfdən, layihəyə əlavə mənbələr qoşulacağı təqdirdə tranzit haqqından gəlir götürüləcək. Layihədən əldə olunacaq siyasi dividentlər də xüsusi diqqət çəkir. İlk növbədə, Avropanın enerji təminatındakı rolu Azərbaycanın imicini xeyli yaxşılaşdıracaq. Digər tərəfdən, Cənubi Qafqazda liderliyini möhkəmləndirən Bakının Avropa üçün əvəzolunmaz olduğu bir daha özünü göstərəcək. Layihədə iştirak edən ölkələrdən tutmuş bütün Avropa regionunda Azərbaycanla hesablaşmaq artıq istəklə yox, məcburi olacaq".

Ekspert bildirib ki, nüfuzlu idman yarışlarının keçirilməsi Azərbaycanın xarici siyasətinin prioritetinə çevrilib: "İdman Azərbaycanın nailiyyətlərinin tərənnümçüsünə çevrilib. Azərbaycan kifayət qədər ciddi uğurlu idman yarışları təşkil edir. Ölkəmiz dünya idman ailəsinə möhtəşəm mərkəz kimi daxil olub. Azərbaycanda idman sahəsinə göstərilən diqqət artıq bütün dünyada böyük rəğbətlə qarşılanır. Təkcə, ilk Avropa Oyunlarının Azərbaycanda keçirilməsinin ölkəmizə gətirdiyi iqtisadi və siyasi dividentləri sadalamaq kifayət edər ki, idmanın böyük siyasət olduğunu qeyd edək".

QHT sədri söyləyib ki, Azərbaycan prezidenti İlham Əliyevin uğurlu xarici və daxili siyasətində Heydər Əliyev Fondunun da xüsusi payı var: "Azərbaycanın xarici siyasətini qeyri-siyasi və ya digər metodlarla beynəlxalq aləmə çatdırmaq Heydər Əliyev Fondunun xarici siyasət istiqamətindəki iştirakının əsas prioritetidir. Bu xüsusda Azərbaycan Respublikasının birinci xanımı, Milli Məclisin deputatı, UNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın rolu xüsusi qeyd edilməlidir. Mehriban Əliyeva Azərbaycan ilə UNESCO arasında münasibətlərin inkişafı üçün mühüm işlər həyata keçirir. Onun rəhbərliyi altında Heydər Əliyev Fondu Azərbaycan xalqının tarixini dünyaya təqdim edir, Azərbaycanın dini və milli inkişaf yolunu təbliğ edir, ölkəmizin tolerantlığının tarixən olduğunu sübut edir. UNESCO çərçivəsində həyata keçirilən siyasətin davamı olaraq məhz Mehriban Əliyevanın fəaliyyəti nəticəsində unikal çalarları olan zəngin Azərbaycan mədəniyyətinin dünya səviyyəsində təbliği həyata keçirilir. Bu sırada Avropanın və dünyanın aparıcı şəhərlərinin mədəni həyatında mühüm hadisəyə çevrilən Azərbaycan mədəniyyət günlərini, sərgiləri, rəqs və musiqi proqramlarını, yaradıcılıq gecələrini və təqdimatları qeyd etmək olar. Hər bir xalqın ilk növbədə öz mədəniyyəti ilə tanındığını nəzərə alaraq qeyd etmək lazımdır ki, mədəni və ictimai diplomatiyamız sayəsində dünya miqyasında yalnız siyasi, biznes və ya akademik dairələrdə deyil, məhz geniş kütlələr arasında Azərbaycan haqqında dolğun fikir formalaşdırılır.  Heydər Əliyev Fondu Vatikanla işi yenidən qurdu. Fondun hesabına katakombaların təmiri bu istiqamətdə Vatikanla müqavilənin imzalanması, Parisin dünyaca məşhur Luvr muzeyində Azərbaycanın inkişafına dair ərazinin götürülməsi və burada sərginin təşkil edilməsi kimi humanitar layihələr həyata keçirildi. Ehtiyacı olanlara yardım etmək kimi Azərbaycan xalqının digər bir nəcib xüsusiyyətindən və ənənəsindən çıxış edərək Heydər Əliyev Fondu başda olmaqla, dünyanın bir sıra regionlarında Azərbaycan tərəfindən həyata keçirilən humanitar layihələr beynəlxalq təşkilatlar və dövlətlər tərəfindən böyük minnətdarlıqla qarşılanır".

E.Hüseynli əlavə edib ki, Heydər Əliyev irsinə sadiq qalaraq prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu və zəngin xarici siyasət sayəsində ötən müddət ərzində Azərbaycan ətrafında əlverişli xarici mühit formalaşdırılıb, xaricdən olan təzyiqlər, hədə və təhdidlər zərərsizləşdirilib, Azərbaycan öz milli maraqlarına xələl gətirmədən bərabərhüquqlu və qarşılıqlı faydalı əməkdaşlıq prinsipləri əsasında bütün xoşniyyətli tərəfdaşlar üçün unikal əməkdaşlıq məkanına çevrilib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/483961.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR