Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Trampın ulduzunu niyə qırdılar?

Trampın ulduzunu niyə qırdılar?

Date: 28 October 2016 13:17

Hollivudun Məşhurlar xiyabanındakı ulduz qalmaqalına simvolik fon verməyə çalışanlar yanılmırlar. Los-Anceles polisi prezidentliyə namizəd Donald Trampın şərəfinə qurulmuş ulduzun maddi dəyərini önə çəkib, onun dağıdılmasını kriminal müstəvidə şərh etməyə çalışsa da, inandırıcı alınmır. Guya ki, Cemi Otis adlı şəxs parçaladığı ulduzun hissələrini hərraca çıxarıb "Trampın təcavüzünə məruz qalan qadınlar üçün vəsait toplayacaqmış". Üst-üstə 2500 dollar dəyəri olan ulduzun hissələrini satmaqla, nə qədər şəxsin dərdinə dərman tapılacaq ki? Ulduz, tarixən bəxt, tale, qismət və uğur simvolu kimi dəyərləndirildiyindən, seçki gününə 10 gün qalmış aparıcı namizədin ulduzunun dağıdılması da təsadüfi deyil.

Bu simvolik ulduzun dağıdılması üçün seçki prosesinə start verildiyi ötən bir il müddətində bütün imkanlardan istifadə edildi. Hələ 2015-ci ildə, seçkiyə qatılmasıyla əlaqəli ilk mətbuat konfransını keçirərkən, Trampa qarşı təxribat quruldu. "Univision TV"nin meksikalı əməkdaşı Xorxe Ramosu qeyri-adi davranışına görə konfrans zalından qovduran namizədi ləkələmək üçün jurnalistin etnik mənsubiyyəti önə çəkildi. Rəy formalaşdırıldı ki, Trampın etnik qruplara qarşı münasibəti normal deyil və Ramosu da məhz ispandilli olduğu üçün cəzalandırıb. Bənzər təxribatlarla dəfələrlə üzləşən Trampa sonda aydın oldu ki, "müstəqil" ləqəbli ABŞ mediasının "şər şəbəkəsi" ilə bacarmaq heç də asan deyil. "Fox News" telekanalının  canlı yayımında  çıxış edən Tramp ölkə KİV-lərini seçkiqabağı kampaniyanı qərəzli işıqlandırmaqda ittiham etdi. "ABŞ-da KİV əməkdaşlarından daha çox rüşvətxor heç kim yoxdur. Onlar - korrupsiyalaşmış bir qrupdur", - deyən Respublikaçı namizədin təkcə korrupsiyalaşmış KİV-ləri deyil, ABŞ siyasi sistemini ifşa etməyi hədəflədiyi aydınlaşınca, ona qarşı qurulmuş təxribatlar da artdı. Donald Tramp "müsəlman miqrantların ABŞ-a girişinin yasaqlanması" layihəsinin müəllifi kimi təqdim edildi, ölkənin böyük bir elektoratının səsini itirmək təhlükəsiylə qarşılaşdı.

Ən nahəyət, onun hansısa məclisdə 10 il öncə qadınlar haqqında söylədiyi fikirlər ortaya çıxdı. Beləliklə, Trampın nəinki prezidentliyə namizəd üçün gərəkən keyfiyyətlərə, "elementar insani dəyərlərə malik olmayan şəxs" imici formalaşdırıldı.

Onda sual yaranır ki, bu cür "keyfiyyətsiz biri" amerika seçicilərinin 41 faizinin səsini necə toplaya bilib?! Deyəsən, problemin kökü də bundadır. Tramp olayı isbat edir ki, ABŞ cəmiyyəti ilə bu cəmiyyət adından çıxış edənlər arasında ciddi uçurum mövcuddur. Bu uçurum özünü 2014-cü ildə baş verən Fergüson hadisələri və onun davamı olaraq 2016-cı ildə kəskinliyi ilə ortaya çıxan Şarlot qırğınları ilə daha dolğun şəkildə göstərdi. ABŞ hakimiyyəti öz ərazisində irqi ayrı-seçkilik, qanunsuz silah alveri, polis zorakılığı kimi ciddi faciələrə yol açan problemləri nəinki aradan qaldırmır, əksinə, bu problemlərə etiraz edən vətəndaşlara divan tutur. ABŞ-ın siyasiləşmiş, şəbəkələşmiş "müstəqil" mediası isə bu siyasətə haqq qazandırır, baş verənləri ört-basdır edir. Siyasiləşmiş və şəbəkələşmiş "müstəqil QHT-lər" də bu prosesdə ona yardımçı olur. Trampın topladığı 41 faiz həmin əzilənlərin, sözü eşidilməyənlərin səsidir. Bəlkə də səslərin sayı daha çoxdur, bütün ABŞ seçiciləridir, amma faizləri aşağı göstərilir. Topladığı səslər rəsmi elan edilənlərdən çox olmasaydı, Tramp ciddiyə alınmazdı, bu qədər üzərinə gedilməzdi, nüfuzdan salınması üçün tam bir QHT, media şəbəkəsi işə salınmazdı. Səslərinin saxtalaşdırıldığını, süni şəkildə azaldıldığını Tramp özü də bəyan edib. O, ABŞ-ın on illər boyunca sirr kimi saxladığı seçki saxtalaşdırma mexanizmlərini ifşa edəcəyini vəd verib. Bu, ABŞ seçki və siyasi sisteminin demokratikliyi barədə formalaşdırılmış stereotiplərin dağıdılması deməkdir. İşin ciddiliyini nəzərə alaraq, hazırki prezident Barak Obama duruma müdaxilə etmək zorunda qalıb. "Tramp Amerika seçki sisteminə şübhə toxumu səpir, ABŞ-ın demokratik imicinə zərbə vurur". Görünür, Trampın belə eyhamlarla susmayacağını anladılar. Trampın "seçicilərimlə birlikdə fırıldaqçı və korrupsiyaya bürünmüş mediaya, onu idarə edənlərə qalib gələcəyik" tezisi özünü doğrultmağa başlayınca, qarşı tərəf gücə əl atdı, çəkici götürdü və onun ulduzunu qırdı.

Müşfiq Ələsgərli

Milli.Az


Tags:  Trampın ulduzunu niyə qırdılar

RƏYLƏR


Top news