Spikerdən deputata İRAD: “Zahid Oruc, yenə də mövzudan kənar çıxış etdin”

Spikerdən deputata İRAD: “Zahid Oruc, yenə də mövzudan kənar çıxış etdin”
14:23 28 Oktyabr 2016
58 Ölkə
Ölkə mətbuatı
A- A+

Millət vəkili Zahid Oruc Milli Məclisin bu gün keçirilən plenar iclasında “Dini etiqad azadlığı” haqqında qanuna edilən dəyişikliyə münasibət bildirib.

Publika.az xəbər verir ki, deputat Zahid Oruc xaricdə dini təhsil almış 3 min nəfərin Azərbaycan vətəndaşları olmasını xatırladıb.

Z.Oruc qeyd edib ki, Azərbaycan İslam Universiteti pulsuz təhsil verərsə, bununla bağlı dövlətin dəstəyi olarsa, ölkədə təhsil almağa üstünlük verilər: “Unutmayaq ki, xaricə gedənlər həm də pulsuz təhsil alacaqlarına görə bu seçimi edirlər”.

Deputat Musa Qasımlı bu məsələyə kifayət qədər həssas yanaşmanın tələb olunduğunu söyləyib.

M.Qasımlı xüsusilə də xaricdə təhsillə bağlı məsələyə ciddi yanaşmanın vacib olduğunu vurğulayıb.

Milli Məclis sədrinin müavini Bahar Muradova isə qanunun yalnız dini ekstremist fəaliyyətlə məşğul olan dini qurumları əhatə edən bir maddəsinin dəyişdirildiyini bildirib.

Daha sonra B.Muradova konkret maddə ətrafında danışmağı təklif edib.

Spiker Oqtay Əsədov isə konkret məsələdən kənar çıxış edən deputatlara iradını bildirib:

“Hər dəfə mən Zahid Orucun çıxışını kəsəndə, şikayət edir ki, mənim çıxışıma imkan verilmir. İndi çıxışını kəsmədim, ancaq Zahid Oruc, yenə də mövzudan kənar çıxış etdin. Mən xahiş edirəm ki, qanun layihəsini düzgün oxuyasınız və biləsiniz ki, konkret nəyi müzakirə edirik. Biz bu qanunu qəbul etmişik və bir maddəyə dəyişiklik edirik. Buna görə bu qədər çıxış etmək olmaz!”.

Daha sonra sözügedən qanuna edilən dəyişikliklə əlaqədar layihə səsə qoyularaq qəbul edilib.

Vasif Həsənli


Xəbərin orijinal ünvanı: http://publika.az/news/nida/173871.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR