Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Qlobal neft siyasəti: Azərbaycanın real və ədalətli mövqeyi

Qlobal neft siyasəti: Azərbaycanın real və ədalətli mövqeyi

Date: 28 October 2016 15:27

Enerji daşıyıcıları sahəsində qlobal miqyasda hökm sürən çətinliklər məlumdur. Dünya üzrə bu istiqamətdə mürəkkəb vəziyyət meydana gəlib. Neft istehsal edən ölkələrin gəlirləri sürətlə azalmaqdadır. Bunun fonunda süni qaydada neftin qiymətinin aşağı salınması insanları narahat edir. Mütəxəssislərin rəyinə görə, həmin proses dünya iqtisadiyyatında anormal situasiya formalaşdırır.

Milli.Az newtimes.az-a istinadən bildirir ki, eyni zamanda, ölkələr arasında ixtilafların güclənməsi, radikal qrupların meydana gəlməsi, sosial-siyasi risklərin və yoxsulluğun artması kimi neqativ tendensiyalar da intensivləşir. Bu şəraitdə dünya dövlətlərinin enerji siyasəti məsələsi daha da aktuallaşır. O cümlədən rəsmi Bakının seçdiyi strateji xətt ciddi maraq doğurur. Prezident İlham Əliyevin Venesuela Prezidenti Nikolas Maduronun Azərbaycana səfəri zamanı ifadə etdiyi fikirlər bu baxımdan çox böyük əhəmiyyət daşıyır. Dövlət başçısı həyata keçirdiyi enerji siyasətini müasir tələblərə uyğun inkişaf etdirməkdədir. İlham Əliyevin həmin kontekstdə irəli sürdüyü tezislər çox vacib məqamları əks etdirir.

Süni maneələr: dövlətlərə vurulan ziyanlar

Dünya miqyasında enerji siyasəti daha aktual bir səviyyəyə yüksəlib. Böyük dövlətlər arasında geosiyasi mübarizə kəskinləşdikcə bu məsələ ilə bağlı da müəyyən dəyişmələr müşahidə edilir. Xüsusilə neft və qaz istehsalçısı olan ölkələr bu proseslərə daha həssas reaksiya verirlər. Hazırda əsas problem neftin qiymətinin tənzimlənməsi ilə bağlıdır. Məsələ ondan ibarətdir ki, bir müddət neftin qiymətini aşağı salmaq istiqamətində xüsusi siyasət yeridildi. Bunu okeanın o tayında müəyyən dairələrin təşkil etdiyi barədə informasiyalar vardır. Həmin tendensiyanın fonunda bir sıra neft istehsalından asılı olan ölkələrin, o cümlədən Səudiyyə Ərəbistanı, İran, Rusiya, Venesuela və başqalarının maliyyə gəlirləri azaldı.

Bu prosesin fonunda neftin qiymətinin süni olaraq aşağı salınmasına olan etirazlar da yüksəlməyə başladı. Nəhayət, neft istehsal edən ölkələr ortaq mövqeyə gəlmək üçün müəyyən addımlar atmağa başladılar. Bu tendensiya ABŞ Konqresinin Səudiyyə Ərəbistanını 11 sentyabr terror hadisəsinə görə məhkəməyə verməsi ilə yeni dinamika kəsb etdi. Artıq Ər-Riyad da Vaşinqtonun təzyiqlərinə baxmayaraq, neft hasilatını artırmamağa qərar verib. Venesuela da eyni mövqedədir. Moskvanın neftin qiymətinin aşağı düşməməsində nə dərəcədə maraqlı olduğu sirr deyil. İran isə daha çox gəlir əldə etmək üçün neftin istehsalını aşağı salmaq istəmir, lakin Amerikanın da iradəsinə qarşı durmaqda davam edir.

Bu proseslərin fonunda Azərbaycanın neft siyasəti dünya dövlətlərinin böyük marağına səbəb olub. Rəsmi Bakı bu dəfə də rasional davranaraq, neft istehsal edən ölkə kimi həm də ədalətli mövqe nümayiş etdirməkdədir. Dövlət başçısı bir neçə dəfə vurğulayıb ki, məsələ yalnız neft istehsal edən dövlətlərin gəlirlərinin azalmasında deyil. Əsas məqamlardan biri dünya üzrə real enerji balansının təmin edilməsi və iqtisadi inkişaf üçün lazım olan motivasiyanı saxlamaqdır. Belə ki, enerji daşıyıcılarının qiymətinin süni olaraq aşağı salınması qlobal miqyasda anormal iqtisadi situasiyanın yaranmasına səbəb ola bilər.

Burada inkişaf etməkdə olan ölkələrin enerjiyə olan tələbatının artması prosesini də unutmaq olmaz. Dünya Enerji Şurasının tərtib etdiyi proqnostik hesabata görə, 2040-60-cı illərə qədər təbii üsulla istehsal edilən qaz və neftə olan tələbat qalacaq. Yəni alternativ enerji sektoru nə qədər inkişaf etsə də, indiki üsulla istehsal edilən enerji daşıyıcıları aktuallığını qoruyub saxlayacaq. Bu o deməkdir ki, bütövlükdə dünya üçün neft istehsalının həcmi, onun daşınma marşrutları və istifadəsi məsələsi gündəmdə olacaqdır. Əsas olaraq neft istehsal edən dövlətlərin enerji siyasətinə bu aspektdə baxdıqda, onun bəşəriyyətin strateji kontekstdə taleyi ilə sıx bağlı olduğunu görürük.

Mütəxəssislər neft siyasətinin bu cəhəti ilə dünyada artan yoxsulluq səviyyəsi bağlılığında maraqlı müqayisələr aparırlar. Belə ki, ABŞ-ın start verdiyi daşdan qaz alınması üsulu gözlənilən effekti vermədiyindən, dünya üzrə enerjiyə olan tələbatı ödəməkdə inqilabi yenilik olmadığından, qlobal bazarda tələblə təklif arasında ziddiyyət kəskinləşməkdədir. Bunun fonunda bir sıra dövlətlərin maliyyə imkanları sürətlə tükənir. Nəticədə, demək olar ki, bütün regionlarda iqtisadi çətinliklər yaranır, əhalinin həyat səviyyəsi aşağı düşür. Bu isə radikal təşkilatların meydana gəlməsinə, yoxsulluğun artmasına, müxtəlif dövlətlər arasında intriqaların yaranmasına səbəb olur. Deməli, real vəziyyətə uyğun enerji siyasəti yeritmək, əslində, bütün bəşəriyyət üçün faydalıdır.

Balansın və ədalətin bərpası: dəyişən situasiyalarda neft siyasətinin çevikliyi

Rəsmi Bakının bu səbəblərdən hansı mövqe tutacağı maraqlı idi. Prezident bəyan edib ki, Azərbaycan birtərəfli qaydada neft istehsalını artırmamaq haqqında qərar qəbul edib. İlham Əliyev həmin kontekstdə deyib: "Mən bu yaxınlarda rəsmi qaydada bildirdim ki, dünyanın neft bazarının tənzimlənməsi, sabitləşdirilməsi və neftin qiymətinin qalxması üçün Azərbaycan öz neft hasilatını və ixracını artırmayacağını birtərəfli qaydada bəyan edir. Bu, çox məsuliyyətli bir mövqedir. Bir daha demək istəyirəm ki, biz bunu birtərəfli qaydada elan edirik. Hesab edirik ki, digər neft ölkələri bu yanaşmaya dəstək verəcəklər və onlar da öz növbəsində oxşar addımlar atacaqlar. Biz neft bazarını ancaq bu təqdirdə sabitləşdirə bilərik. Neftlə zəngin olan ölkələr artıq öz təbii resurslarına görə ədalətli qiyməti də alacaqlar" (bax: Prezident İlham Əliyev və Prezident Nikolas Maduro mətbuata bəyanatlarla çıxış ediblər / AZƏRTAC, 22 oktyabr 2016).

Etiraf edək ki, ədalətli olduğu qədər də rasional və cəsarətli addımdır. Azərbaycan faktiki olaraq bu məsələdə də nümunə göstərir. Bakı bütün geosiyasi maraqları bir kənara qoyaraq, hazırkı mərhələdə dünyanın iqtisadi reallıqlarına uyğun addım atmaq nümunəsini nümayiş etdirir. Yeri gəlmişkən, bu kimi addımlar, ümumiyyətlə, Azərbaycanın enerji siyasətinin məzmununda daim yer tutub. Onlar reallığın dərin və obyektiv analizinə əsaslanaraq qəbul edilib. Bu dəfə də rəsmi Bakı qlobal miqyasda enerji sahəsində müşahidə edilən prosesləri geniş və proqnostik aspektdə təhlil edərək yuxarıda vurğulanan siyasəti davam etdirməyə qərar verib.

Həmin kontekstdə Prezident İlham Əliyevin neft sferasındakı vəziyyəti xarakterizə etməsi olduqca maraqlıdır. Prezident Venesuelanın dövlət rəhbəri Nikolas Maduro ilə görüşdən sonra keçirilən mətbuat konfransında ifadə edib: "Yəni, burada balans olmalıdır. Bu gün bu balans pozulub və neftlə zəngin ölkələr böyük əziyyət çəkirlər. Bu, ədalətsizlikdir və bu balans bərpa edilməlidir. Əminəm ki, belə olarsa, hər kəs ancaq mənfəət götürə və burada maraqlar balansı da təmin edilə bilər. Çünki artıq 2 ilə yaxındır ki, dünya bazarlarına neft ixrac edən ölkələr böyük itkilərlə üzləşiblər. O ölkələrin, o cümlədən Azərbaycanın gəlirləri azalır və bu, ədalətli deyil. Bu ədalət bərpa edilməlidir" (bax: əvvəlki mənbəyə).

Deməli, bütövlükdə dünya enerji siyasəti sahəsində balans pozulub və onun bərpası baş verməsə, bəşəriyyəti daha böyük risklər gözləyir. Azərbaycan rəhbərinin bu tezisi həm nəzəri, həm də praktiki əhəmiyyətə malikdir. Ondan çıxış edərək, yaranmış anormal vəziyyətdən xilas olmaq mümkündür. Prezident İlham Əliyev bunun mexanizmini də dəqiq göstərib. Ölkə başçısı təklif edib: "Əlbəttə, burada ölkələrarası koordinasiya işlərinə gərək bütün ölkələr çox diqqətlə yanaşsınlar, xüsusilə OPEC ölkələri və müstəqil hasilatçılar. OPEC-ə üzv olmayan ölkələr burada çox səmimi, açıq əməkdaşlıq etməlidirlər, birgə düzgün qərarlar qəbul olunmalıdır və qərarların icrası ilə bağlı çox güclü nəzarət mexanizmi işlənməlidir. Əgər bu, olarsa, əminəm ki, yaxın gələcəkdə neftin qiyməti lazımi səviyyəyə qalxmalıdır. O səviyyəyə ki, həm hasilatçı ölkələri, neft kompaniyalarını, eyni zamanda, istehlakçı ölkələri də qane etsin" (bax: əvvəlki mənbəyə).

Bu, faktiki olaraq Azərbaycan rəhbərliyinin enerji problemi ilə bağlı tutduğu strateji mövqedir. Aydın görünür ki, rəsmi Bakı ədalətə və səmimiyyətə əsaslanan beynəlxalq əməkdaşlıq formatı təklif edir. Burada neft istehsalının həcmi ilə ona nəzarət arasında yüksək səviyyədə uzlaşmanın saxlanması maraqlı məqamlardan biridir. Belə görünür ki, müasir şərtlər daxilində bu işi görmək mümkündür.

Prezident İlham Əliyevin yanaşmasında diqqəti çəkən başqa mühüm amil OPEC üzvü olan neft istehsalçıları ilə üzv olmayanların əlaqələrinin uyğunlaşdırılmasından ibarətdir. Bu da faktiki olaraq diqqətin enerji sahəsində bloklaşma prinsipinin yeniləşməsi zərurətinə cəlb edilməsidir. Belə ki, OPEC və ona üzv olmayan ölkələr neftin qiymətində ortaq qənaətə gələ bilirlərsə, geniş mənada bu, konkret təşkilat mövqeyindən deyil, qlobal reallığı nəzərə alan mövqedən çıxış etmək deməkdir.

Beləliklə, Azərbaycan rəhbərliyi qlobal enerji siyasətinə ciddi təsir edə biləcək təkliflər irəli sürüb. Bu, həm də Azərbaycanın öz enerji siyasətini dinamik surətdə inkişaf etdirdiyini sübut edir. Sürətlə dəyişən dünyanın tələblərinə uyğun çevik siyasi xətt özünü göstərir. Bu prosesin uğurla davam edəcəyinə də böyük əminlik vardır.

Milli.Az


Tags:  Qlobal neft siyasəti Azərbaycanın real ədalətli mövqeyi

RƏYLƏR


Top news