Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

MOK federasiya prezidentlərinin istefasını tələb edəcək - RƏSMİ

MOK federasiya prezidentlərinin istefasını tələb edəcək -   RƏSMİ

Date: 28 October 2016 15:47

Bu gün Milli Olimpiya Komitəsinin (MOK) inzibati binasında Rio de Janeyro şəhərində keçirilmiş 31-ci Yay Olimpiya Oyunlarına və Agenda 2020 tövsiyyələr kitabına dair mətbuat konfransı keçirilib.


Fanat.Az xəbər verir ki, MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə bu tədbir haqda danışdıqdan sonra jurnalistlərin suallarını cavablandırıb. O, telekanallardan narazılıq edib: 


"Olimpiadanı çoxlu məşhur telekanallar işıqlandırsa da, Beynəlxalq Olimpiya Komitəsi bununla kifayətlənmir və öz televiziyasında da yarışları göstərir. Bizdə idmana aid 1 dövlət televiziyası var: "İdman Azərbaycan". "CBC Sport" özəldir və ona qarışa bilmərik. Mənim xoşuma gəlməyən cəhət idman xəbərlərinin sonda verilməsidir. Hətta bəzən hava proqnozundan sonra idman xəbərləri çatdırılır".


Hüseynzadə Həndbol və Qılıncoynatma Federasiyalarında yaşanan maliyyə problemləri ilə bağlı suala da aydınlıq gətirib. O bildirib ki, onlar ictimai qurum olduğundan, maliyyə yardımı edilməsindən söhbət gedə bilməz: "Federasiyalar ictimai birliklərdir. MOK da həmçinin. Biz də, onlar da, dövlət tərəfindən maliyyə almırıq və müstəqilik. Ona görə də bizim federasiyalara qarışmaq imkanımız yoxdur. Sadəcə federasiyalara prezidentlər təyin olunanda onlara tövsiyyə olunur ki, imkanlı şəxslər, sponsorluq əlaqələri olan prezident olsun. Amma MOK-un qarşıdakı hesabat-seçki konfransından sonra bəzi prezidentlərin istefa verməsi barədə məsələ qaldırılacaq. Hər 4 ildən 1 federasiyalar hesabat-seçki konfransları keçirməlidir".


Çingiz Hüseynzadə həmçinin Yüngül Atletika Federasiyasının prezidentidir. Ona rəhbəri olduğu federasiyadakı əcnəbilərin durumuna aydınlıq gətirməyi xahiş etdik: "Yüngül atletikada çəkicatan qızın 23 yaşı var və Azərbaycanda qalacaq. Çünki bu idman növünü 40-50 yaşadək də oynamaq olur. Efiopiyadan gələn legionerlerin qalacağı dəqiq bilinmir. Onlardan o qədər də razı deyilik. Ancaq bu dəqiqdir ki, İslamiadaya kimi bu legionerlər qalacaq və ola bilsin ki, yeni legionerlər də olsun. Məsələn, Volqoqradda yüngül atletika üzrə 19 yaşlı qız var. Azərbaycanlıdır, ancaq Rusiya vətəndaşıdır. Ona Azərbaycan pasportu verəcəyik".


Vitse-prezident 3 ildən sonra Bakıda daha bir mötəbər turnirin keçiriləcəyini bildirib. O, 2015-ci ildə Tbilisidə keçirilmiş Avropa Gənclər Yay Olimpiya Festivalının ölkəmizdə baş tutacağını qeyd edib: "II Avropa Oyunlarının keçirilməsi üçün Belarusa heç bir maddi yardım göstərməyəcəyik. Biz sadəcə Gənclər Olimpiya Festivalını 2019-cu ildə keçirəcəyik. Biz o vaxt belə razılaşmışdıq ki, Avropa Oyunlarını bizdən sonra heç olmasa kimsə keçirsin, biz də festivalın təşkilatçılığını edərik. Belarusun prezidenti Aleksandr Lukaşenko ilə görüşümüz də olmuşdu. Lukaşenko bunu bildikdən sonra Minskdə II Avropa Oyunlarının keçirilməsinə qərar verdi. Məsələ belə olub. Bizim Gənclər Olimpiya Festivalını keçirmək üçün hazır infrastrukturumuz var. Ona görə də artıq maddi xərclərə ehtiyac qalmayacaq".


Qeyd edək ki, 1991-ci ildən keçirilən bu yarış gələn il Macarıstanın Dyör şəhərində baş tutacaq. Bu turnir 2 ildən 1 keçirilir.


Fanat.Az




Tags:  MOK federasiya prezidentlərinin istefasını tələb edəcək RƏSMİ

RƏYLƏR


Top news