Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Uşaqlar donur, məktəbləri qızdırmağa ayrılan milyonlar hara gedir

Uşaqlar donur, məktəbləri qızdırmağa ayrılan milyonlar hara gedir

Date: 28 October 2016 16:12

Uşaqlar məktəbdə soyuqdan donurlar. Müəllimə isə deyir ki, Təhsil Nazirliyi sinifdə papaq və palto ilə oturmağa icazə vermir. Hər həftə xəstələnirlər.

Milli.Az xəbər verir ki, bunu virtualaz.org saytına Bakı şəhər sakini Nərmin İsmayılzadə deyir.

Nərminin övladları 151 saylı orta məktəbdə təhsil alırlar. Havaların kəskin soyuması, qışın erkən gəlməsi valideynləri məcbur edib ki, sinfin qızdırılması üçün elektrik sobası alsınlar. Amma bu dəfə də məktəbin hesabına işıq pulunun çox yazılacağını əsas gətirərək sobadan istifadəyə icazə verilməyib. Valideynlərə "Azəristiliktəhcizat"ın qış rejiminə keçməsini gözləməyi tövsiyə ediblər.  

Qış gəlib, amma rəsmən yox...

Hazırda əksər valideynlər "Azəristiliktəhcizat"ın qış rejiminə keçməsini gözləyir. Hərçənd ki, "Azəristiliktəhcizat"ın  "Azəriqaz" İstehsalat Birliyinə borclu olması səbəbindən builki qış mövsümündə qazanxanalara "mavi yanacaq" verilib-verilməyəcəyi bəlli deyil. Hələlik tərəflər arasında danışıqlar aparılır və "Azəristiliktəhcizat"a borcun müəyyən faizinin ödənilməsi təklif edilib.

Əks halda borclu-borclunun saxlığını istəməyəcək, sosial yönümlü obyektlər də daxil olmaqla yüzlərlə bina istiliksiz qalacaq. Borcun tam məbləği ilə bağlı fərqli açıqlamalar gəlir, son məlumatlara görə isə, məbləğ 80 milyon manatı ötüb. Təbii ki, bu ilin 9 ayında illərdir yığılan borcun üstünə yenə də borc gəlib. "Azəristiliktəhcizat"ın isə yaxın 10-15 günə heç olmasa yarı faizini ödəyəcəyi  ağlabatan deyil. Özəl məktəblər, litsey və gimnaziyalarda fərdi qazanxana sistemi var. Deməli, iki qurumun pul söhbəti ümumi qazanxanadan istilik alan məktəblərin, daha dəqiq ifadə etsək , kasıb balalarının "başında çatlayacaq".

Virtualaz.org saytı təhsil müəssisələrindən daxil olan şikayətləri nəzərə alıb məktəblərin istiliklə təminatı vəziyyətini araşdırıb.

 Rəsmi hesabat...

"Azəristiliktəchizat" Açıq Səhmdar Cəmiyyəti  ötənilki qış mövsümündə Bakıda 184 məktəbi istiliklə təmin edib. Bu barədə ASC-nin rəsmi səhifəsində yer alan hesabatdan bəlli olur. Ötən il 121 uşaq bağçasına istilik verilib. Statistikadan görünür ki, 2011-2015-ci ilə nisbətən  2007-2008-ci payız-qış mövsümündə istiliklə təmin edilən məktəb və bağçaların sayı daha çox olub.

Rayonlarda isə 105 məktəb binası, 36 uşaq bağçası qızdırılıb. "Azəristiliktəhcizat"  2015-2016-cı il qış mövsümündə ümumilikdə, 289 məktəb, 157 uşaq bağçası binasını istiliklə təmin edib. Bu rəsmi hesabatdır və təbii ki, real vəziyyət fəqlidir. Soyuq havada qazın təzyiqinin azaldılmasından balalarımızın canı isinməyib, biz hələ günlərlə istiliyin verilməməsindən danışmırıq. 

Böyüklərin pul davası

"Azəriqaz" İstehsalat Birliyi iddia edir ki, "Azəristiliktəhcizat" hər il istifadə olunan qazın yalnız 35-38 faiz haqqını ödəyib. Nəticədə böyük həcmdə borc yaranıb. "Təkcə bu ilin 9 ayında cəmiyyətin istehsalat birliyinə olan borcunun üstünə 8 milyon 416 min manat əlavə borc gəlib" ,- "Azəriqaz" İB-nin mətbuat xidmətinin rəhbəri İbrahim Kərbalayev virtualaz.org saytına deyib.

Onun sözlərinə görə, tərəflər arasında hələ də danışıqlar gedir. Amma borcun müəyyən faizi ödənilməlidir: "İlk növbədə, debitor borcu olmayan qazanxanalara yanacaq veriləcək. Amma tam olaraq borclu qazanxanalara qaz verilib-verilməyəcəyini indidən söyləmək çətindir. Noyabrın 15-dək vaxt var, bəlkə borc ödəniləcək".

İ.Kərbalayev orta məktəb və ya uşaq bağçalarını istiliklə təmin edən, amma borcu ödənilməyən qazanxanalara qaz verilib-verilməyəcəyini də söyləməkdə çətinlik çəkib.

Doğrusu, "Azəriqaz" borc qalmaqalında ittiham olunacaq sonuncu qurum ola bilər. Hətta borcunu tələb etməkdə haqqlıdır. Məsələnin birbaşa cavabdehi "Azəristiliktəhcizat"dır.

Pul var, istilik yoxdur

Bəs bu qurum istismar olunan qazın pulunu niyə vaxtlı-vaxtında ödəməyib? Bu qədər borcun yaranmasına səbəb nədir? Bu sualları qurum rəhbərliyi mətbuatda dolayı da olsa cavablandırıb. Təbii ki, bu işdə ən yaxşı variant abonentləri ittiham etməkdir və "Azəristiliktəhcizat" da bu yolu seçib. Abonentlər istisinə isinə bilməsə də, tüstüsünə kor olduğu istiliyin haqqını vaxtlı-vaxtında ödəmirmişlər. Yığım az olduğundan cəmiyyət ziyanla işləyib. Üstəlik, Tarif Şurası son qərarı ilə qiymətləri artırsa da, istilik dəyərindən bir neçə dəfə aşağı qiymətə satılırmış...

Bəs, dövlət tərəfindən haqqı ödənilən sosial obyektlər, məktəb və bağçalara niyə normal istilik verilmir? ASC-nin rəsmisi Rafiq Əliyevlə bir neçə dəfə danışmaq cəhdimiz alınmadığından bu suala cavab tapa bilmədik. Təhsil müəssisələrinə verilən istiliyin müqabilində pulun ödənişi gecikdirilirmi?  Hər il bunun üçün büdcədən nə qədər vəsait ayrılır? Ayrılan vəsaitin təyinatı üzrə xərclənib-xərclənmədiyinə nəzarət edilirmi?

Yəqin ki, Bakı meri Hacıbala Abutalıbovun yaxın kadrı hesab edilən Yaşar Həsənov və ya Rafiq Əliyev bu suallara cavab vermək istəyər. Yalnız onu demək istəyirik ki, ölkə mətbuatında Satınalmalar üzrə Dövlət Agentliyinin müsabiqələrə dair məlumat əksini tapıb və oradan görünür ki, "Azəristiliktəchizat" əsaslı təmir və bərpa adı ilə illər ərzində 76 milyon manat xərcləyib.

Bundan əlavə, "Azəristiliktəhcizat" yarandığı gündən kifayət qədər vəsaitlə təmin edilib, hətta iki mənbədən maliyyə alıb. Məsələn, yaxın iki-üç ilədək hər il 40 milyon manat vəsait ayrılıb. 2008-2013-cü illərdə büdcədən mənzil-kommunal təsərrüfatı sektorunda istilik sisteminə 112 milyon manat vəsait ayrılıb, investisiya xərclərində isə 2007-2013-cü illər üçün 109 milyon manat yönəldilib. Yəni bu vəsait təhsil və digər obyektləri tam istiliklə təmin etmək mümkün idi. Yəni "Azəristiliktəchizat" ASC təsvir edildiyi kimi, heç də kasıb olmayıb, 

Təhsil Nazirliyindən qısa və natamam cavab

Məktəblərin qızıdırılması və digər ehtiyacları üçün vəsait təbii ki, dövlət büdcəsindən ayrılır və Təhsil Nazirliyinin xətti ilə "Azəristiliktəhcizat"a yönəldilir. Məktəblərdə istilik yoxdursa, ya pullar vaxtında ödənilmir, ya nazirlik ödədiyi vəsaitin müqabilində istilik tələb etmir, ya da dövlət vəsaitinin təyinatı üzrə xərclənməsinə nəzarət yoxdur.

Məsələnin əmmasını, yəni yuxarıda qeyd etdiklərimizi öyrənmək məqsədilə "Azəristiliktəhcizat"a ünvanladığımız sualları Təhsil Nazirliyinə də göndərdik. Və nazirlikdən qısa və natamam cavab aldıq: "Hazırda 1432 fərdi qazanxana var, digər məktəblər "Azəristiliktəhcizat"ın hesabına qızdırılır. Hələ də istiliklə təmin edilməyən məktəblər var, Təhsil Nazirliyi məktəblərə verilən istiliyin haqqını ödəyir".

Nazirlik hər il ayrılan vəsaitin məbləğini, hazırda  "Azəristiliktəhcizat"a borclu olub-olmadığını, istiliklə təmin edilməyən məktəblərin sayını açıqlamayıb.

Odunla qızdırılan məktəblər

Məktəbələrin qızıdırılmasında problemin olduğunu təhsil nazirinin müavini Ceyhun Bayramov ötən il mətbuata verdiyi açıqlamada da təsdiqləyib. "Bizim bəzi məktəblərdə belə bir problemlər mövcuddur. Bu istiqamətdə davamlı olaraq işlər aparılır. Həm Təhsil Nazirliyi, həm yerli icra hakimiyyəti orqanları bu istiqamətdə sıx əməkdaşlıq edir", - C.Bayramov söyləyib.

Nazirliyin digər açıqlamasında isə rayonlarda hələ də dizel və odundan yanacaq kimi istifadə edən məktəblərin olduğu bildirilib.

Nazirliyin təhsil müəssisələrinin istiliklə təminatına dair son hesabatı ilə bağlı axtarışlarda yalnız 2009-2011-cu ilin göstəriciləri qarşımıza çıxır. Hesabatda göstərilir ki, məktəblərin istiliklə təminatı üçün 2007-ci ildən xüsusi proqram həyata keçirməyə başlayıb. Söhbət yenə də yüz milyonların sərf edildiyi layihədən gedir. Cəmi 2 il ərzində ölkə üzrə 700 məktəbdə istilik sistemi bərpa olunub. Məktəblərin əksəriyyəti nazirliyin vəsaiti ilə istilik sisteminə qoşulub. Amma sonradan istilik sistemi sıradan çıxan məktəblər də var.

Qazanxana tikəndə qaz vurub qazan doldururlar

Həmin illər fərdi qazanxanaların tikintisi ilə bağlı da qaranlıq məqamlar da ortaya çıxmışdı. Məsələn, iqtisadçı Rövşən Ağayev qazanxanaların tikintisinə çəkilən xərcin şişirdildiyini sübuta yetirmişdi. "Hansısa beynəlxalq təşkilatın xətti ilə 300-350 nəfərlik məktəbdə quraşdırılan bir qazanxananın dəyəri 25 min manata çatır. Həmin ərazidən bir qədər aralıda yerləşən başqa kənddəki təxminən eyni ölçülü məktəbdə Təhsil Nazirliyinin xətti ilə qurulan qazanxananın qiyməti bundan təxminən 3 dəfə çox - 75 min manat təşkil edirdi. Ümumiyyətlə, qazanxanaların quraşdırılması ilə bağlı xərclərə nəzər yetirsək, bir məktəbə qazanxananın qurulması üçün sərf olunan xərclər 50-100 min manat arasında dəyişir. Yəni kifayət qədər böyük vəsaitdir", - iqtisadçı demişdi.

Son 2-3 ilə qədər hər il dövlət büdcəsindən orta məktəblərdə istilik sistemi üçün 8,5 milyon manat ayrılırdı. 2015, 2016 və nəhayət, gələn il üçün nəzərdə tutulan məbləği isə nazirlik açıqlamadı.

Beləliklə, "Azəristiliktəhcizat" - Təhsil  Nazirliyi - "Azəriqaz" üçbucağında milyonlarla manat havada uçur, uşaqlar isə "donur".

İstilik vaxtından tez verilə bilər, amma nazirlik müraciət etməyib

Qeyd edək ki, "Azəristiliktəchizat" ASC-nin Abonent və müştəri xidmətlərinin rəisi Rafiq Əliyev apa.aza bildirib ki, istiliyin vaxtından tez verməsi üçün tədris müəssisələrindən müraciət daxil olmalıdır. "Bu məsələ "Azəristiliktəchizat" ASC ilə Bakı Şəhər Təhsil İdarəsi, regional təhsil idarələri arasında bağlanan müqavilələrlə tənzimlənir. Müqavilə 5 aylıq müddətə bağlanır, çünki dövlət tərəfindən onlara 5 aylıq limit ayrılıb. Əgər müvafiq müraciətlər daxil olarsa, biz istiliyin verilişini vaxtından əvvələ həyata keçirə bilərik. Hazırda bir sıra internat məktəbləri, doğum evi, xəstəxanalar tərəfindən müraciətlər daxil olduğundan biz həmin müəssisələri istiliklə təmin edirik. Lakin orta məktəblərdən hələlik müraciət daxil olmayıb. Yalnız dağlıq ərazilərdə istiliyin verilişinə noyabr ayının 1-dən başlanacaq".

...Bu il yüzilliyin ən sərt qışı olacaq. Deməli, soyuq, qar hələ qarşıdadır. Noyabrın 15-də normal istilik olacaqmı, yoxsa əmi-dayıların pul davasından balacalar əziyyət çəkəcəklərmi, bunu yaxın 10-15 günə biləcəyik...

Milli.Az











Tags:  Uşaqlar donur məktəbləri qızdırmağa ayrılan milyonlar hara gedir

RƏYLƏR


Top news