Ermənilərə qan udduran, 7 kişi arasında birinci olan “Kəndçi qızı” - FOTOLAR

Ermənilərə qan udduran, 7 kişi arasında birinci olan “Kəndçi qızı” - FOTOLAR
18:03 28 Oktyabr 2016
886 Digər
Ölkə mətbuatı
A- A+

Atalar işləməyən dişləməz deyib. Yəni yaxşı yaşamaq, dolanmaq istəyən hər kəs səylə işləməli, çalışaraq özünə güzəran qurmalıdır. Zərif cinsin nümayəndələrinin bu prosesdə yer alması isə sözün əsl mənasında alqışlalayiqdir.

Bunun da bir sıra səbəbləri var. Məsələ burasındadır ki, ölkəmizdə gender bərabərliyinin mövcudluğu kişilərlə yanaşı, qadınlara biznes qurmaq, sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq, fermer təsərrüfatları yaratmaq yolunda geniş üfüqlər açdı. Son illər respublikamızda qadın fermerlərin artması, üstəlik, onların bəzi hallarda öncüllər sırasında yer almaları kənd təsərrüfatının daha sürətli inkişafı ilə bağlı ümidləri artırır. Təəssüf ki, bu məsələdə müəyyən qayğılar, çətinliklər, problemlər də var.

Elə Publika.az-ın yeni, "Kəndçi qızı" layihəsinin budəfəki qonağı Tərtər rayonu Bəyimsarov kəndinin sakini, bir neçə il bundan əvvələ qədər fermer təsərrüfatı ilə məşğul olmuş Gülbəyaz Tanrıverdiyevadır.

“Övladlarımı pambıq tarlasında böyütdüm”

1949-cu il təvəllüdlü, 67 yaşlı Gülbəyaz Tanrıverdiyeva deyir ki, bədnam qonşularımızın Azərbaycana qarşı növbəti ərazi iddialarının baş qaldırdığı illərdə bura üz tutub: “1988-ci ildə Qərbi Azərbaycandan Tərtərə köçdük. Elə həmin ildən pambıqçılıqla məşğul olmağa başladım. Həyat yoldaşım bir il sonra dünyasını dəyişdi. Buna görə də ailənin bütün yükü mənim çiynimə düşdü. Otuz səkkiz yaşımın olmasına baxmayaraq, ağır işlərdə çalışırdım. 1991-ci ildə briqadir işləməyə başladım. 30 işçim, texnikam vardı. Əkib-biçir, dolanırdıq”.

Yeddi il briqadir işləyən müsahibim obrazlı şəkildə deyir ki, dörd azyaşlı övladını pambıq tarlasında böyüdüb: “Kənd təsərrüfatına, əkin-biçinə ürəkdən bağlılığım məni zəhmətdən soyutmadı. Çünki əkib-becərməyi hələ gənc yaşlarımdan sevirəm.

Bir gün evimiz yandı. Göygöldə yaşayan qardaşlarım həmin rayona köçməyi təklif etdilər”.

Pambıqçılıqla məşğul olmağa başlayan Gülbəyaz Tanrıverdiyeva deyir ki, torpağa, əkinçiliyə bağlılığı onu daim işə həvəsləndirir: “Kolxozda briqadir işləyərək övladlarımı böyütməyə başladım. Yeddi il briqadir işlədim. Bu illər ərzində məhsuldarlıq artdı. Çünki torpağa can-başla qulluq edirdik ki, ondan istədiyimizi alaq. Planı hamıdan yaxşı yerinə yetirib on yeddi briqadir arasında birinci yerə çıxdım. Pambıq planına görə dəfələrlə hamını qabaqladım”.

“Transformator, mühərrik, su borusu alıb, suvarmanı bərpa etdim”

Kolxozlar dağıldıqdan sonra o, icarəyə torpaq sahəsi götürüb: “Həmin vaxtlar icarəyə görə hər hektar üçün köhnə pulla 100 manat ödəyirdim. İcarəyə götürdüyüm torpaq sahələrində pambıq, günəbaxan əkdim. Məhsuldarlıq yüksək oldu. Buna görə də, qollarımı çırmayıb işə gecikdim. Birinci il beş hektar, sonra isə on, hətta on beş hektar torpağı icarəyə götürdüm. Pambıqla yanaşı, çuğundur, yonca əkməyə başladım. Bütün işlərimiz qaydasında idi. Yeganə çətinliyimiz suvarma sistemi ilə bağlıydı. Əkin ərazisindəki quyunu bərpa etdim. Transformator, su mühərriki, boru aldım. Bütün texniki vasitələri əldə etdikdən sonra suvarma sistemini işə saldım. Tədricən suvarma sistemini işə saldım.

Əkib becərdiyimi vaxtında suvarırdım deyə, məhsuldarlıq baxımından korluq çəkmirdim. İşçi qüvvəmiz, lazımi texniki avadanlığımız vardı. Bununla yanaşı, əlavə kömək üçün də işçi tuturduq. Nəinki özüm, övladlarım, hətta gəlinlərim də səhərdən axşama kimi torpaq sahəsində çalışır, əkib becərirdik.

Bəyimsarov kəndində fermer təsərrüfatı ilə məşğul olan yeganə qadın mən idim. Beləcə, bir neçə il geniş təsərrüfat işi ilə məşğul oldum”.

Onun sözlərinə görə, çuğundur üçün toxum Ağcabədidən gətirilirdi: “Sonra isə onun pulunu hissə-hissə ödəyirdik. Kilometrlərlə məsafə qət edib, gecə, ermənilərin gözlərinin qabağında arxın bir hissəsini əkin sahəmizə tərəf yönləndirirdik. Heç dörd oğlum mənim qədər işləyə bilmirdi. Pambıq zavoduna gedəndə hamı mənə hörmətlə yanaşırdı. Deyirdilər, qadın olmasına baxmayaraq kişi kimi çalışır. Həm dolanmağa pulum vardı, həm də kənd camaatı arasında hörmətim. Həm briqadir işləyəndə, həm də fermer kimi çalışanda maddi vəziyyətimiz yaxşı idi”.

“3 hektarlıq şoran torpaq sahəsi ayrılıb”

O, qeyd etdi ki, respublikamızda torpaq islahatı başlayanda, kənddə hər bir ailəyə müəyyən əkin sahəsi verilib. Bundan sonra tədricən onun fermer təsərrüfatı da dağılır: “Bizə pay kimi 3 hektar torpaq sahəsi verildi. Lakin həmin sahə duzlu, şoranlıq ərazidədir. Buna görə də torpağı əkib becərə bilmirəm. Çünki torpaq ağappaq, duzludur. Orada hər hansı məhsuldarlıqdan danışmaq çətindir. Bir sözlə, istifadəyə yararsızdır”.

Yenidən fermer təsərrüfatı, əkin-biçinlə məşğul olmaq istəyən qadın ona pay verilən əkin sahəsinin dəyişdirilməsi ilə bağlı dəfələrlə bələdiyyə sədrinə müraciət edir: “Xahiş etdim ki, bələdiyyə torpağından mənə əkinə yararlı torpaq sahəsi verilsin. Lakin bələdiyyə sədri bundan imtina etdi.

2011-ci ilə qədər fermer fəaliyyətimi davam etdirdim. Həmin vaxt toxumu pambıq zavodu verirdi.

Lakin sonralar imkanlı sakinlər torpaqları hərrac yolu ilə aldılar. Aralarında bir vaxtlar müxtəlif vəzifələrdə çalışanlar vardı. Maddi imkanım olmadığından əkin sahələri əlimdən çıxdı. İndi onlar özləri üçün işçi tutublar”.

İndi geniş ərazilərə malik bir sıra imkanlı şəxslər öz torpaqlarını əkib becərirlər, torpaqları heç kimə icarəyə vermirlər: “Mənim bir zamanlar qazdırdığım artezian quyusunun yanında 8-9 hektar bələdiyyə torpağı var. Torpaqların hamısını məcburi köçkünlərə veriblər. Kimi yonca, kimi taxıl əkir. Hər ailəyə 1 hektar sahə ayırıblar”.

“Mənə torpaq sahəsi ayrılsın, fermer işimi davam etdirim”

Gülbəyaz Tanrıverdiyeva yenidən fermer təsərrüfatı yaratmaq istədiyini deyərək arzularını dilə gətirdi: “Ötən ilə qədər əkin işi ilə məşğul idim. Çox istərdim ki, torpaq sahəm olsun. Yenidən əkin işləri ilə məşğul olum. Mənə pay kimi verilən torpağın yararsızlığı bir yana, heç suvarma sistemi, arx da yoxdur.

Əkin-biçin işi ilə məşğul olaraq övladlarımın dördünü də böyütdüm, evləndirdim. Lakin indi fermer təsərrüfatı ilə məşğul ola bilmirəm. Bələdiyyəyə dəfələrlə müraciət etsəm də, nəticəsi olmadı. Cavabında bildirirlər ki, kimin torpağını verək? Mənə pay verilən torpağın əkinə yararsızlığı, suvarma sisteminin olmaması bir yana, ərazi həm də çox uzaqdadır. Buna görə də istifadəsiz qalıb.

Pambıq, çuğundur, günəbaxan əkmək istəyirəm. Yəni əkinçilik, fermer təsərrüfatının sirlərinə yaxından bələdəm. Lakin ayrılan torpağın yararsız olması mənim təsərrüfatla məşğul olmağıma maneçiliklər törədir. Üstəlik, azı 10 hektar əkinə yararlı sahə lazımdır ki, geniş miqyaslı təsərrüfat işinə başlayasan.

Mənə verilən torpaq sahəsindəki kanallar da təmizlənmir. Heç olmasa təmizlənsəydi, torpağın duzu bir qədər çəkilərdi. Amma nə torpaq verən var, nə də kömək edən. Bir neçə gün əvvəl pambıq zavoduna gedib torpaq sahəmi icarəyə götürmələrini təklif etdim. Zavoddan dedilər ki, yaxşı sahə olsaydı, özün əkərdin”.

“67 yaşım olsa da, buna hazıram”

Fermer kimi fəaliyyətini davam etdirə bilməyən müsahibim kiçik sahibkarlıqla məşğul olmağa başlayıb: “Mağaza tikdirib ticarətlə məşğul oldum. Bir gün Bakıya getdim. Zəng edib dedilər ki, mağazan yanıb. Dükan tamam məhv oldu. Yanğının hansı səbəbdən baş verdiyi indi də məlum deyil.

Buna görə də yeni mağaza tikdirdim. Lakin 3 ay bundan əvvəl oğrular qapının qıfılını sındıraraq mağazamı qarət ediblər. Polisə müraciət etsəm də, təəssüf ki, cinayətkarlar bu günə kimi tapılmayıb. Buna görə də mağazada gecələr də övladlarım qalır”.

Bütün bunlar bir yana, bir müddət əvvəl baş vermiş zəlzələ səbəbindən mağazanın divarları çatlayıb: “Bir dəfə gecə 30 qoyunumu tövlədən oğurladılar. Lakin cinayətkarlar tapılmadı. Bir az sonra yenidən mal-qaramı oğurlamaq istədilər. Böyük oğlumla köməkləşib oğrulardan birini tutub polisə təhvil verdik. Bununla da kənddəki 12 cinayət faktının üstü açıldı. Oğruların hamısına cinayət işi açıldı və həbs edildilər. Bakıdan Tərtər Rayonunun Polis Şöbəsinin cinayət axtarış bölməsinə rəhbər təyin edilən Mehdi müəllim dedi ki, sizə halal olsun. Qadın olmağınıza baxmayaraq oğruları zərərsizləşdirmisiniz, biz neçə vaxt idi onları axtarırdıq”.

Gülbəyaz Tanrıverdiyeva alqı-satqı işi ilə məşğul olsa da, yenidən fermer təsərrüfatını dirçəltmək arzusundadır. Buna görə də üzünü müvafiq qurumlara tutaraq kömək etmələrini istədi: “Bax indi də yaşımın çox olmasına baxmayaraq təkbaşıma azı bir hektar sahəni əkib-becərməyə hazıram. Mənə əkinə yararlı torpaq versinlər, gedim təkbaşıma becərim, toxum səpim. Fermer təsərrüfatını qurmaq, yenidən əkin-biçinlə məşğul olmaq istəyirəm. Amma bunun üçün geniş torpaq sahəsi lazımdır”.

Anar Tağıyev



















Xəbərin orijinal ünvanı: http://publika.az/projects/kendciqizi/173894.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR