Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

İnternet dünyasında seks, namus, utanc və şantaj

İnternet dünyasında seks, namus, utanc və şantaj

Date: 28 October 2016 20:37

BBC-nin apardığı araşdırma nəticəsində məlum olub ki, Şimali Afrika, Yaxın Şərq və Cənubi Asiyanın mühafizəkar cəmiyyətlərində minlərlə gənc qadın özəl, bəzən açıq-saçıq şəkillərinə görə utandırılır və şantaj olunur. BBC-nin əməkdaşı Daniel Silas Adamson smartfonlar və sosial medianın ənənəıvi namus və utanc anlayışları ilə necə toqquşduğunu araşdırıb.
2009-cu ildə 18 yaşlı misirli qız Ğadir Əhməd öz sevgilisinin telefonuna videoklip göndərib. Klipdə Ğadir bir rəfiqəsinin evində rəqs edir. Görüntülərdə portnoqrafik bir şey yoxdur. Ancaq onun əynidə açıq-saçıq paltar var və o sərbəst rəqs edir.
Üç il sonra, onların münasibətləri bitəndə sevgilisi ondan qisas almaq üçün həmin videonu YouTube-a yerləşdirib. Ğadir panikaya düşüb. O bilir ki, bütün bu mənzərə - rəqs, geyim, sevgili - onun valideynləri, qonşuları və cəmiyyət üçün qəbulolunmazdır. Bu cəmiyyətdə qadınların qapanaraq özlərini ağır aparması tələb olunur.

Ancaq, onun bu videonu sevgilisinə göndərməsindən bəri keçən bütün bu müddət ərzində Ğadir həm də Misir inqilabında iştirak edib, hicabını çıxarıb və qadın hüquqları barədə danışmağa başlayıb. Kişinin onu cəmiyyət arasında utandırmağa cəhd etməsindən qəzəblənən Ğadir qanuni yollara əl atıb. O, sevgilisinin defamasiyaya görə cəzalandırılmasına nail olsa da, video YouTube-da qalıb və Ğadir sosial mediada bu videonun linklərini paylaşan kişilərin hücumuna məruz qalıb.

"Qərb mədəniyyəti başqadır. Orada çılpaq görüntü qızı sadəcə alçalda bilər. Ancaq bizim cəmiyyətimizdə çılpaq görüntü ölümə yol aça bilər. Hətta onun fiziki həyatına son qoyulmasa belə, sosial və peşəkar həyatı bitmiş sayılır. İnsanlar daha onunla ünsiyyətdə olmaq istəmirlər. O, ostrakizmə (uzaqlaşdırmaya) və təcridə məruz qalır," - İordaniyanın Əmman şəhərindən olan psixoloq və qadın hüquqları fəalı İnam əl-Aşa deyir.
Bir çox hallarda belə təhqirlər barədə məlumat verilmir, çünki qadınları zəif durumda saxlayan qüvvələr həm də onu sakit durmağa sövq edir. Ancaq onlarla ölkədə hüquqşünaslar, polis və fəallar BBC-yə bildiriblər ki, smartfonlar və sosial medianın meydana çıxması ilə onlayn şantaj və təzyiq epidemiyası üzə çıxıb.

İordaniyalı vəkil Zəhr Şarabati BBC-yə bildirib ki, son 2-3 il ərzində o, azı 50 belə halla işləməli olub. "Ancaq bütün İordaniyada bu rəqəm çox böyükdür. Məncə sosial medianı ehtiva edən işlərin sayı 1000-dən az deyil. Bunun nəticəsində azı bir qız öldürülüb", - o deyir.
İordan çayının Qərb Sahilində polis zabiti olan Luay Zreiqat, deyir ki, ötən il Fələstin polisinin kibercinayətlər şöbəsi 502 onlayn cinayət işinə baxıb. Onların çoxunda qadınların özəl şəkillərinin paylaşılması yer alıb. Onun həmyerlisi, şantajla pul tələb etmə hallarına qarşı mübarizə aparan saytın yaradıcısı Kamal Mahmud deyir ki, o, hər il bütün ərəb dünyasından belə hallarla bağlı 1000-dən çox müraciət alır.

"Bəzən fotolar heç seksual deyil... Hicab geyməmiş qızın görüntüsü belə qalmaqal yarada bilər. Kişi bu şəkildən istifadə edərək qızı daha çox şəkil göndərməyə məcbur edə bilər. Körfəz ölkələrində şantaj probleminin miqyası çox böyükdür. Bu, xüsusən də Səudiyyə Ərəbistanı, BƏƏ, Küveyt, Qatar və Bəhreyndən olan qızlara aiddir. Bəzi qızlar bu şəkillərin ictimailəşdiriləcəyi təqdirdə çox böyük təhlükədə olacaqlarını deyirlər," deyə o bildirir.
Səudiyyə Ərəbistanında problem o qədər ciddidir ki, dini polisin tərkibində şantajçıları yaxalamaq və hədələnən qadınlara kömək məqsədilə xüsusi bölmə yaradılıb. 2014-cü ildə dini polisin o zamankı rəhbəri doktor Abdul Lətif əl-Şeix bir Səudiyyə qəzetinə müsahibəsində deyib: "Hər gün bizə şantaj olunan yüzlərlə qadından müraciət daxil olur."
Hindistan Ali Məhkəməsinin hüquqşünası Pavan Duqqal, qadınların görüntüləri ilə bağlə işlərin artıq "axın" halına gəldiyini deyir. Mənim təxmini hesablamalarıma görə Hindistanda gündə minlərlə belə hal baş verir," - o deyir. Pakistana gəlincə, burada internet dünyasını qadınlar üçün daha təhlükəsiz məkana çevirməyə çalışan QHT-nin rəhbəri olan Niğat Dad deyir ki, onun təşkilatına gündə 2-3 qızdan müraciət daxil olur. Bu, ildə 900 müraciət deməkdir.

"Qadınlar kişi ilə münasibətdə olanda öz görüntülərini onunla paylaşırlar. Münasibətlər yaxşı qurtarmayanda qarşı tərəf əlindəki məlumatdan sui-istifadə edərək onları şantaj edir. Təkcə münasibətləri davam etdirmək üçün yox, həm də cürbəcür qəribə məqsədlərlə."
Ancaq məsələ şantajla bitmir. Niğat həm də smartfonlarla cinsi zorakılıq arasında əlaqə görür.
"Bu, özəl şəkillərlə başlayıb, ancaq indi artıq bu zorlamanın özü ilə dərindən bağlıdır. Bu texnologiyalardan əvvəl zorlamanı törədənlər qadını necə susduracaqlarını bilmirdilər. Ancaq indi texnologiya zorlamanın özünə yeni aspektlər qatır. Söhbət video çəkərək onun vasitəsilə qadını hədələməkdən gedir..." - o deyir.

Görüntülərin ictimailəşdirilməsinin nəticələri nə qədər qorxunc olarsa, şantajçının qurban üzərində gücü bir o qədər çox olar.
Tunisin kənd bölgəsindən olan bir gənc qadın öz başına gələnlərdən danışır. Atasının dostu ona cinsi təcavüz edərək onun çılpaq şəkillərini çəkib. Bu şəkillər qızı şantajçıdan asılı vəziyyətə salıb. O, həm də şantaj yolu ilə qızdan pul tələb edirmiş. Kişi onun kiçik bacısını da zorlayacağını deyəndə Amal onu evinə dəvət edərək çapacaqla qətlə yetirib. Hazırda o, 25 illik həbs cəzasını çəkir.

Bu ilin iyulunda Mərakeşdə bir neçə kişi tərəfindən zorlanan 16 yaşlı qız özünü yandırıb. O, bunu kişilərin zorlama zamanı çəkdikləri videonu internetdə yayacaqlarını deməsindən sonra edib. Törədilən cinayətlə bağlı ittiham olunan səkkiz şəxs qızın ailəsinə şikayəti geri götürmələri üçün təzyiq ediblər. Ancaq qız özünü yandıraraq üçüncü dərəcəli yanıq xəsarətindən ölüb.
Ancaq belə görünür ki, cinsi təcavüzü telefona çəkmək üsulu Hindistan və Pakistanda daha geniş yayılıb.
2016-cı ilin avqustunda "Times of India" qəzeti ölkənin şimalında yerləşən Uttar Pradeş ştatındakı dükanlarda hər gün yüzlərlə, bəlkə də minlərlə zorlama videosunun satıldığını aşkar edib. Aqra şəhərində bir dükan sahibi qəzetə belə deyib: "Pornoqrafiya yaxşı satılır."Həmin yazıda deyilir ki, başqa bir satıcı müştəriləri çağırmaq üçün "ən son, ən qızğın" videodakı qızı bəlkə də tanıdıqlarını deyib qışqırırmış.
BBC-nin araşdırdığı nümunələrin birində 40 yaşlı tibb işçisi çox sayda kişi tərəfindən zorlanmasını əks etdirən videonun yaşadığı kənddə WhatsApp vasitəsilə yayılmasından sonra intihar edib. Qadın kömək üçün kəndin ağsaqqallarına müraciət edib, ancaq kənd camaatı nəinki onu çirklənmiş hesab edib, hətta baş verənlərə görə günahlandırıb.
Ancaq mühafizəkar cəmiyyətlərdə bu görüntülərin gücü başqa effekt də verə bilər.
Bəzi qadınlar anlayıblar ki, əgər bu görüntülər qadınları rüsvay etmək üçün istifadə edilə bilərsə, onda onlardan patriarxal mədəniyyətlərə qarşı da istifadə etmək olar.



Ğadir Əhməd özünün rəqs etdiyi videonu Facebookda paylaşmaqla təkcə onu alçaltmaq cəhdlərini zəiflətmədi, həm də videonun rüsvayçılıq mənbəyi olması fikrini rədd etmiş oldu.
"Dünən bir qrup kişi dostlarımla rəqs etdiyimi görüntüləyən videonu paylaşmaqla məni utandırmağa çalışıb. Bildirmək istəyirəm ki, bəli, videodakı mən idim və mən öz bədənimdən utanmıram," deyə Ğadir yazıb.
2011-ci ildə Şimali Afrikadan olan Amina Sbui adlı başqa bir gənc qadın bundan da uzağa gedib: özünün toples (köynəksiz) şəklinin Facebooka yerləşdirib. Çılpaq bədəninin üzərində isə belə yazıb: "Mənim bədənim mənə məxsusdur - o, kiminsə namusunun mənbəyi deyil." Bu şəkil Tunisdə böyük qalmaqala səbəb olmuşdu.

Ğadir Əhməd özünün rəqs etdiyi videonu Facebookda paylaşmaqla təkcə onu alçaltmaq cəhdlərini zəiflətmədi, həm də videonun rüsvayçılıq mənbəyi olması fikrini rədd etmiş oldu.
Bu yaxınlarda Pakistanın Pəncab bölgəsində bir kənddən olan Qəndil Baloç məşhur olmaq üçün sosial mediada özünün provokativ selfilərini paylaşıb. Pakistanın Kim Kardashianı kimi tanınan Qandil bununla Pakistan sosial normalarına meydan oxuyub. Ancaq bu ilin iyulunda o, ailəsini rüsvay etdiyinə görə qardaşı tərəfindən boğularaq öldürülüb.
Səudiyyə Ərəbistanının hökuməti bir tərəfdən qadınların görüntülərindən sui-istifadə edən kişiləri ciddi şəkildə təqib edir, digər tərəfdənsə qızları fotoları internetdə paylaşmağın yaratdığı təhlükələr barədə maarifləndirir.
Bir tərəfdən, bu, Səudiyyə qadınlarını müdafiə etmək üçün mühüm tədbirdir. Ancaq həm də anlamalıyıq ki, texnologiya davranış və düşüncə tərzini dəyişməyə qadirdir. Bu isə, artıq qadınların öz bədənlərinin sahibi olması ətrafında gedən mübahisələrə yeni rəng qatır.

Milli.Az


Tags:  İnternet dünyasında seks namus utanc şantaj


RƏYLƏR


Top news