Kim Azərbaycanın dostu olacaq: Klinton, yoxsa Tramp?

Kim Azərbaycanın dostu olacaq: Klinton, yoxsa Tramp?
07:42 29 Oktyabr 2016
98 Ölkə
Ölkə mətbuatı
A- A+

Amerika Birləşmiş Ştatlarında (ABŞ) prezident postu uğrunda növbəti seçki marafonu artıq başa çatmaq üzrədir. Hadisələrin gedişatı göstərir ki, prezidentlik uğrunda mübarizə əsasən iki namizədin - respublikaçılardan milyarder Donald Tramp və demokrat, sabiq prezident Bill Klintonun həyat yoldaşı Hilları Klinton arasında gedəcək. Hazırda vəziyyət elədir ki, ekspertlər seçkilərdə kimin qələbə qazanacağını birmənalı olaraq deməkdə çətinlik çəkirlər. Bu məsələyə yekun olaraq noyabrın 8-də tam aydınlıq gələcək.

Sual olunur, bu iki namizəddən kimin prezident seçilməsi Azərbaycan üçün xeyirli ola bilər və ya bunlardan hər hansı biri dünyanın hegemon dövləti rəhbəri olarsa, bu, ABŞ-Azərbaycan münasibətlərinə necə təsir göstərəcək?

Bununla bağlı Milli.Az-ın suallarını cavablandıran Milli Məclisin üzvü, "Yeni Azərbaycan" qəzetinin baş redaktoru, politoloq Hikmət Babaoğlu deyib ki, istər Tramp, istərsə də Klintonun prezident seçilməsi Azərbaycanla münasibətlərə ciddi təsir etməyəcək:

"Azərbaycanla ABŞ arasındakı münasibətlər dövlətlərarası münasibətlərdir və xüsusi dövlət institusional qurumları vasitəsilə tənzimlənir. Bütövlükdə beynəlxalq münasibətlərdə iştirak edən ciddi milli aktorların arasındakı münasibətlərin səviyyəsi və keyfiyyəti siyasi sistemin xüsusi institusional qurumları ilə idarə olunur və qərarlar da dövlət aparatı tərəfindən qəbul olunur. Ancaq şübhəsiz ki, dövlət aparatını idarə edən ayrı-ayrı şəxslər də bəzən dövlətlərarası münasibətlərin keyfiyyətinə, istiqamətinə müəyyən mənada yön verə bilirlər. Nəzərə alsaq ki, ABŞ-da ciddi və sistemli dövlət institutu mövcuddur, o zaman Amerikada kimin prezident seçilməsindən asılı olmayaraq, ABŞ-Azərbaycan münasibətləri ənənəvi davam edəcəkdir".

Lakin onun fikrincə, bütün hallarda ABŞ-da çox uzun illərdən sonra Donald Tramp kimi qeyri-standart bir siyasətçinin hakimiyyətə gəlməsi müəyyən kardinal dəyişikliklər yarada bilər: "Çünki bu vaxta qədər Amerikanın siyasi mübarizə tarixində, prezidentlik uğrunda gedən siyasi mübarizədə Tramp qədər qeyri-standart və xarakterli siyasətçi, demək olar ki, olmayıb. Hazırda Amerikadakı siyasi mərkəzləri də qorxudan budur ki, əgər Tramp prezident seçilərsə, onun ənənəvi dövlət aparatı tərəfindən idarə olunması bir qədər çətinlik yarada bilər. Ona görə də düşünürəm ki, istənilən halda, yəni istər Donald Tramp, istərsə də Hillari Klinton seçilərsə, Azərbaycanla münasibətlərdə ciddi dəyişikliklər olmayacaqdır. Amma hər halda təəssüf ki, bu namizədlər Azərbaycanın da mənsub olduğu Yaxın Şərq regionundakı hadisələrlə bağlı bəzi radikal bəyanatlar səsləndiriblər. Düşünmək istərdim ki, bu, seçki təbliğatı mərhələsində səsləndirilən və populist kimi səciyyələndirə biləcəyimiz fikirlərdir və mən əminəm ki, ciddi dövlət aparatının məsuliyyətini daşımağa başladığı andan bu populizmə artıq yer olmayacaq. Hər halda Azərbaycan-Amerika münasibətləri kimin prezident seçilməsindən asılı olmayaraq, öz axarında davam edəcəkdir".

İlkin İzzət

Milli.Az 


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/484004.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR