Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

“Xəzər Dəniz Gəmiçiliyi”nin sabiq sədr müavininin evindən seyf oğurlayan şəxslər apellyasiya şikayəti veriblər

“Xəzər Dəniz Gəmiçiliyi”nin sabiq sədr müavininin evindən seyf oğurlayan şəxslər apellyasiya şikayəti veriblər

Date: 29 October 2016 08:22

Bakı. 29 oktyabr. REPORT.AZ/ Bakıda “Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin sabiq sədr müavini Mübariz Mədətovun evindən seyf oğurlamaqda müqəssir bilinən Ruslan Nabatov və Ramil Bağırov barələrində olan hökmdən apellyasiya şikayəti veriblər.
“Report”un məlumatına görə, Bakı Apellyasiya Məhkəməsində keçiriləcək iclas oktyabrın 31-nə təyin edilib.
İşə hakim Vüqar Məmmədovun sədrliyi ilə baxılacaq.
İttiham aktına əsasən, oğurluq hadisəsi bu il mayın 23-də baş verib. R.Nabatov tanışı R.Bağırovla birlikdə Bakı şəhər sakini, “Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin sabiq sədr müavini M.Mədətovun Zirə qəsəbəsində yerləşən bağ evindən içərisində 10 min ABŞ dolları və 40 min avro pul olan seyfi oğurlayıb. Daha sonra həmin şəxslər maşını zibillik olan əraziyə sürüblər və seyfi sındıraraq içərisindəki pulları bölüşdürüblər.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə R.Nabatov və R.Bağırov hər biri 10 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkumlar apellyasiya şikayəti veriblər.
Xatırladaq ki, M.Mədətovun oğlu Xalid Mədətov 2014-cü ilin mart ayının 15-də gecə saat 00:30 radələrində Suraxanı rayonu, Zığ şosesində yol-nəqliyyat hadisəsi törədib. Hadisə nəticəsində məşhur tarzən, xalq artisti Ağasəlim Abdullayevin həyat yoldaşı Briliant Abdullayeva və onun nəvəsi Ağasəlim Abdullayev dünyasını dəyişib.
Hadisəni törədən şəxs məhkəmənin hökmü ilə 5 il nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 12 il müddətinə azadlıqdan məhrum edilib. Sürücülük hüququndan məhrum edilmə cəza müddəti bitdikdən sonra tətbiq olunacaq.
Hadisədən sonra Azərbaycan Prezidentinin sərəncamı ilə M.Mədətov “Xəzər Dəniz Gəmiçiliyi” QSC-də tutduğu vəzifəsindən azad edilib.

Tags:  Xəzər Dəniz Gəmiçiliyinin sabiq sədr müavininin evindən seyf oğurlayan şəxslər apellyasiya şikayəti veriblər

RƏYLƏR


Top news