Basqalın qədim kanalizasiya sisteminin açılmayan sirri - REPORTAJ

Basqalın qədim kanalizasiya sisteminin açılmayan sirri  - REPORTAJ
15:44 29 Oktyabr 2016
90 Digər
Ölkə mətbuatı
A- A+

Basqalın kürəbənd adlanan qədim kanalizasiya sistemi, tarixi məlumatlara görə, orta əsrlər dövründə, bəlkə də xeyli əvvəl inşa edilib. Yerin altından çəkilən bu sistemin içərisi daş tavalarla döşənıb.

 

APA TV-nin yerli bürosunun xəbərinə görə, qəsəbənin döşəmə daşlı yollarının altında gizlənən qədim kanalizasiya xətləri indiyə qədər qəsəbənin çirkab sularını axıtmaqla yanaşı, yaşayış məntəqəsini sel sularından da qoruyub.

 

Bu qədim yeraltı suaxar şəbəkə XII əsrdə elə qurulub ki, çirkab sular hər tərəfi sal daşlarla səliqə ilə hörülən və öz axarı ilə üzüaşağı yönəldilən sistemlə asanlıqla axıb gedir. Eni 1, hündürlüyü 2 metr olan bu qədim kanalizasiya və sel sularından mühafizə sistemi hələ də elə mükəmməl işləyir ki, qəsəbə sakinləri indiyədək bu suların hara axıb getdiyindən xəbərsizdilər. Bu yeraltı sistemin unikallığı qəsəbə sakinləri və turistlər üçün hələ də sirr olaraq qalır.

 

Qəsəbə sakinlərinin sözlərinə görə, bu cur yeraltı kanalizasiya sistemi qədim Lahıc qəsəbəsində də var, amma Basqal kürbəndi öz unikallığına və möhkəmliyinə görə Lahıcı geridə qoyur.

 

Basqalda evlərin hamısı üzü cənuba doğru tikilib. Beş məhəllədən keçən bu kanalizasiya xətləri orta küçədə ana xəttə qoşulur. Həmin dövrdən bəri qəsəbədəki hamamların və fərdi yaşayış evlərinin suyu bu sistemə qoşularaq naməlum istiqamətə axıb. Basqal qəsəbəsində o zamandan fərqli olaraq, indi əhalinin dəfələrlə çox olmasına baxmayaraq, qədim kanalizasiya sistemində heç bir problem meydana çıxmayıb. Bunun yerin altında necə hazırlanması və indiyədək möhkəm qalmasının səbəbi mütəxəssisləri də düşündürür.

 

Görünür, Azərbaycan şəhər infrastrukturunun təşkili baxımından qoca qitəni bir neçə əsr qabaqlayır. Avropada ilk daş döşəmə yollar yalnız XIV əsrdə, kanalizasiya isə XIX əsrin ortalarında meydana gəlib. Amma ölkəmizin qədim şəhər və qəsəbələrində, eləcə də Basqalda bu infrastruktur Avropadan bir neçə əsr əvvəl, yəni XII əsrdə mövcud olub.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/258019

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR