Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

NATO-Rusiya müharibəsi: Kim barıta od vuracaq?

NATO-Rusiya müharibəsi: Kim barıta od vuracaq?

Date: 29 October 2016 16:23

“NATO iki onillikdən çoxdur ki, Rusiya ilə əməkdaşlığa cəhd edir”.

Publika.az xəbər verir ki, bu haqda Şimali Atlantika İttifaqının (NATO) saytında deylir.

Ancaq KİV yazır ki, “Rusiyanın genişmiqyaslı hərbi genişlənməsi”nə cavab olaraq NATO Baltik və Qara dəniz regionlarında güclərini artırır. “Putin Krım, Ukraynanın şərqində və Suriyada kobud oynadı”, - “The Times” hesab edir.

“The Wall Street Journal” nəşrinin müxbirinin fikrincə, Suriya sahillərinə üzən “Admiral Kuznetsov” təyyarədaşıyan gəminin başçılıq etdiyi Rusiya donanması çətin ki, münaqişəyə həlledici təsir göstərəcək. Amma məqalə müəllifi düşünür ki, Moskva donanmanı göndərməklə beynəlxalq diqqəti özünə cəlb edib.

"Suriyada Rusiya güclərinin yerləşdirilməsi onun fonunda baş verir ki, Rusiya müxtəlif regionlarda hərbi güclərini artırır. Rusiya Baltik dənizinə yeni gəmiləri daxil edib, Krımda və Kalininqradda nüvə döyüş başlıqlarını daşımağa qadir raketləri yerləşdirib”, - məqalədə deyilir.

Öz növbəsində, NATO Baltik və Qara dəniz regionlarında güclərini artırır. Rusiyanın NATO-dakı daimi nümayəndəsi Aleksandr Qruşko hesab edir ki, NATO-nun diqqəti, ilk növbədə, Rusiyanın hərbi-siyasi baxımdan dayandırılmasına yönəlib. “The Guardian” nəşri yazır ki, bu, “soyuq müharibə” vaxtlarından bu yana Rusiya sərhədlərində NATO-nun hərbi güclərinin ən genişmiqyaslı yerləşməsidir. 2017-ci ildə Böyük Britaniya Rumıniyaya qırıcıları göndərəcək. ABŞ Polşada tankları və artilleriyanı yerləşdirir. Müəllif qeyd edir ki, NATO daha əvvəllər zəiflik göstərir və yavaş-yavaş reaksiya verirdi, amma hazırda hərbi ittifaq Moskvaya birmənalı siqnal göndərir.

“Die Welt” nəşri də hesab edir ki, Rusiya və NATO arasında münasibətlər ciddi şəkildə pisləşib: “Krımın zəbt edilməsi, Rusiyanın mübahisəli hərbi təlimləri, Ukraynadakı vəziyyət və Suriyadakı hərbi əməliyyatlar bunun səbəbləridir. İttifaq qorxutmağa cəhd edir və Şərqi Avropada döyüş hazırlığında olan dörd beynəlxalq batalyonun yerləşdiriləcəyini elan edir”.

Nəşr həmçinin NATO-nun saytına istinadən Rusiyanın yaydığı 32 mifdən “top-5”i dərc edib.

Birinci mif odur ki, NATO guya “soyuq müharibə”nin başa çatması ilə öz missiyasını yerinə yetirib. NATO bunu təkzib edir: “Şərqdə suveren dövlətlərin sərhədlərini pozan Rusiyanı müşahidə edirik. Yaxın Şərq və Şimali Afrikada vəziyyəti pisdir”. Bundan başqa, NATO ekspertlər yazırlar Kİ, ittifaq üzrə partnyorlar terrorizm təhlükəsi ilə qarşılaşırlar.

İkinci mif ondan ibarətdir ki, NATO, Moskvanın fikrincə, Rusiyanı mühasirəyə alır. Rusiya sərhədlərinin uzunluğu 20 min kilometrdən çoxdur, onun yalnız 1215 kilometri NATO ölkələri ilə ümumi sərhədə düşür.

Üçüncü mifə görə, NATO Rusiya ilə bağladığı razılaşmaları pozub. Söhbət Rusiya sərhədlərinə NATO güclərinin yerləşdirilməsindən gedir. İttifaq isə hesab edir ki, Baltikyanı ölkələrə və Polşaya yerləşdirilməsi planlaşdırılan batalyonlar əhəmiyyətli güc hesab oluna bilməz. NATO hesab edir ki, Rusiyanın özü NATO-Rusiya Əsas akt çərçivəsində razılaşmaları pozur.

Dördüncü mif odur ki, Avropada yerləşdirilən hava hücumundan müdafiə sistemi Rusiyaya qarşı yönəlib. İttifaqın informasiya sənədində əks arqumentləri gətirir.

Nəhayət, beşinci mif ondan ibarətdir ki, ittifaq Rusiya ilə müharibəyə hazırlaşır. “NATO üzrə müttəfiqlər Rusiya ilə qarşıdurma istəmir. Şərqi Avropa ölkələrində hərbi bölmələrin yerləşdirilməsi dəyişən vəziyyətə cavabdır. Krımın zəbt edilməsinə kimi belə planlar yox idi”, - NATO-nun sənədində deyilir.

“The Wall Street Journal” nəşri yazır ki, sentyabr ayında hərbi təlimlər üçün Baltik dənizindəki Hotland adasına göndərilən 150 İsveç hərbi qulluqçusu gözlənilməz əmr aldılar: “Yerlərində qalın!”. Bu, rəsmən İsveçin müdafiəsinin möhkəmləndirilməsinin birinci mərhələsidir. Ekspertlərin sözlərinə görə, bu addımın genişmiqyaslı geosiyasi mənası var. İsveç demək olar ki, “soyuq müharibə” illərində tutduğu neytral mövqedən imtina edərək NATO tərəfinə keçib. İsveç Avropanın şərq cinahının möhkəmləndirilməsində ittifaqa kömək edir. NATO artıq Finlandiya və İsveçi öz fəal partnyoru hesab edir.

Bundesver (Almaniya Müdafiə Nazirliyi) 600 hərbi qulluqçu ilə yanaşı, “Leopard-2” tanklarını Litvaya göndərəcək. “Sueddeutsche Zeitung” bildirir ki, bundesverin niyyətləri Berlin və Moskva arasındakı münasibətləri kəskinləşdirə bilər, məqalədə (maddədə) deyilir.

“The Times” bildirir ki, neft və qazdan asılı olan iqtisadiyyatını diversifikasiya etməyi bacarmayan Putinin Rusiyası “yayındırma siyasəti”nə keçib. Söhbət Rusiyanın beynəlxalq boşluqdan istifadə edərək Ukrayna və Suriyada atdığı addımlardan gedir.

“Əgər Putin Rusiyanın yaxın xaricində güc nümayişini təşkil etməyə cəsarət edərsə, bu Baltikyanı ölkələrinin şərq sərhədlərində olacaq. Çətin ki, üçüncü dünya müharibəsi orada başlasın, amma bu regionda Rusiya təxribarının riski yüksəkdir”, - müəlliflər qeyd edirlər.

Nəşr bildirir ki, Kreml NATO-nun hazırkı strategiyasını Qərbin qayıdışı kimi qəbul edəcək. Ancaq bildirilir ki, NATO-nun liderlərinin təcavüzkardan qorxması üçün səbəb yoxdur. “The Times” bunu Rusiya iqtisadiyyatındakı vəziyyətin “fransız” olması ilə izah edir.

Ömər Dağlı


Tags:  NATO-Rusiya müharibəsi Kim barıta od vuracaq


RƏYLƏR


Top news