Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

"Elə qadınları makiyaj da xilas edə bilməz!" - FOTO

"Elə qadınları makiyaj da xilas edə bilməz!" - FOTO

Date: 30 October 2016 12:27

Məşhur stilist və vizajist Elnur Həsənov xanımları mövsümün makiyaj və saç dəbi ilə tanış edib.
Publika.az-ın qonağı olan vizajist azərbaycanlı xanımlara olan iradlarını, həmçinin ən zövqlü yerli müğənnilər haqqında da fikirlərini bizimlə bölüşüb.

- Sokratın gözəllik haqqında belə bir fikri var: "Gözəllik uzun müddət idarə oluna bilməyən hakimiyyətdir". Sizcə, gözəlliyi həqiqətənmi idarə etmək olmur?

- Gözəlliyi qoruyub saxlamaq, əlbəttə ki, çətindir, qadın daim özünə qulluq etməlidir. Çətin olsa da, mümkünsüz deyil. Ola bilsin ki, Sokratın dövründə gözəlliyi qorumaq mümkün olmayıb. Lakin müasir dövrdə tibb sahəsi o qədər inkişaf edib ki, gənc qızla anasını bir-birindən fərqləndirmək olmur.
Allah hər bir xanıma bir cür gözəllik verib, sadəcə ona düzgün qulluq etmək etmək lazımdır. Hər yaşın da öz gözəlliyi var. Elə xanımlar var ki, cavanlıqda gözəl olsa da, yaşa dolduqca gözəlliyini itirir, eləsi də var ki, yaşa dolduqca gözəlləşir. Gözəllikdən də vacib şarm və zəriflikdir. Təəssüf ki, o hər kəsdə olmur.

- Azərbaycanlı xanımlar yaşa dolduqca gözəlliyini saxlaya bilir?

- Bəli, xanımlarımız özlərinə baxırlar. Mən çox ölkələrdə səfərdə olmuşam, çox yerləri gəzmişəm və əminliklə deyə bilərəm ki, bizim xanımlar daha baxımlıdır.

- Payız-qış aylarında nə cür makiyajlar dəbdə olacaq?

- Əsasən tünd rənglər dəbdədir. Mövsümə uyğun olaraq torpaq, qəhvəyi və boz rəngli göz kölgələri, həmçinin zoğalı, şokolad və tünd bənövşəyi dodaq boyaları hakim olacaq. Xüsusi qeyd etməliyəm ki, gözəllik tendensiyaları arasında layner aktuallığını tamamilə itirib. Onun yerini isə dağınıq və dumanlı göz makiyajı əvəz edib.

- Mövsümün dəbdə olan saç düzümləri haqqında nə deyə bilərsiniz?

- Təbii və dağınıq saç düzümləri ön plandadır.

- Bizim xanımlar parlaq makiyajları sevirlər. Onları sadəliyə razı salmaq çətin olmayacaq ki?

- Parlaq makiyajları sevən xanımlarımız çoxdur, lakin hiss edirəm ki, zamanla onlar da sadəliyə və təbiiliyə meyl edirlər. Mənə müraciət edən gəlinlərin 70 faizi sadə makiyajlar seçir. Bu da sevindirici haldır.

"Gəlinlər açıq geyinməsinlər"

- Yəqin ki, ən kaprizli müştəriləriniz gəlinlərdir.

- Bəli, digər xanımlardan fərqli olaraq gəlinlər daha kaprizli olur. Bu da başadüşüləndir, çünki toy insan həyatında bir dəfə olur və onlar həmin gün maksimum gözəl görünməyə can atırlar. Əsas odur ki, gəlinləri salondan xoşbəxt yola sala biləsən.

- Siz edə bilirsiniz?

- Toydan sonra şəkillərini mənə atıb təşəkkür edirlərsə, deməli, razı sala bilmişəm.

- Qışda toya hazırlaşan xanımlara nə məsləhət görərdiniz?

- Dəbdən əvvəl bədən ölçülərini, gözünün rəngini və üz cizgilərini nəzərə almalıdırlar. Stilistlərə güvənsinlər, heç olmasa ortaq qərara gəlsinlər. Ən əsası özünə yaraşan obraz seçsinlər. Eləcə də gəlinlər çox qoluaçıq geyinməsinlər, xüsusi ilə yaraşmayanda kənardan ifrat dərəcədə pis görünür. Gəlinliklərdə dekolte dərəcəsində olanda qızlar daha gözəl görünür.

- İşinizdə uğurlu olmağın sirri nədir?

- Çox səbirli adamam, bacardığım qədər hər kəsin fikirlərinə hörmətlə yanaşıram, xanımların istəklərini nəzərı alıram. Amma məni hövsələdən çıxaran müştərilər də olur.

- Niyə ən yaxşı dizaynerlər və vizajistlər kişidir? Sizcə, xanım və kişi vizajistin fərqi varmı? Müştərini hansı daha yaxşı duya bilər?

- Qadının gözəlliyini hamıdan yaxşı kim duyar? Əlbəttə ki, kişi. Nəinki modelyer, saç ustası və vizajist, ən yaxşı aşpazlar da kişilərdir. Qadının qadına qarşı olan paxıllığı da bu məsələdə müəyyən qədər rol oynayır.

"...qadını yaşlı göstərir"

- Belə çıxır ki, qadın vizajist onun yanına gələn xanıma paxıllıq edir?

- Ola bilər, niyə də yox. Lakin bu, o demək deyil ki, qadınlar yaxşı vizajist deyil. Yaxşı əl işi olan makiyaj ustalarımız da var.

- Nə cür makiyaj qadını yaşlı göstərir?

- Düzgün edilməyən makiyaj, düzgün seçilməyən rəng tonları qadını yaşlı göstərir.

- Zahiri çirkin olan insana, yoxsa zövqsüz birinə dözmək mümkünsüzdür?

- Həm zövqsüz, həm də zahiri çirkin olan xanımı müsbət tərəfə doğru dəyişmək və gözəlləşdirmək olar. Amma zövqsüz xanımlar kaprizli olanda onu heç bir halda dəyişdirmək, qüsurları gizlətmək mümkün olmur.

"Ərəb qadınları çarşabda belə valehedici görünməyi bacarırlar"

- Hansı şəhərin xanımları sizə ilham verib və çox zövqlü geyiniblər?

- Müsəlman xanımları özünə qarşı daha diqqətlidir, xristian ölkələrində isə qadınların özünə olan biganəliyi məni heyrətləndirir. Ərəb qadınları çarşabda belə valehedici görünməyi bacarırlar. Avropalı xanımlar necə gəldi geyinir, nə cür makiyaj istəyir, edirlər. Baxımlı olmaq üçün makiyajın içində üzmək lazım deyil, ən azından saçlara daraq çəkməlisən.

- Xanımlara nəyi geyinməyi qadağan edərdiniz?

- Artıq çəkili xanımlara yaraşmayan, dar şalvarı, qısa şort və ətəkləri geyinməyi qadağan edərdim. Qolları dar olan köynəklərdə kök xanımların ətləri sallanır, mayası çox gəlmiş xəmirə oxşayır. Ən azından, estetik baxımdan yaxşı görünmür.

"İstəməzdim ki, kişilər şubada gəzsinlər"

- Bəs kişilər nəyi geyinməsələr, yaxşı olardı?

- İdman şalvarı ilə klassik ayaqqabı geyinən kişiləri görəndə qıcıqlanıram. Kişilərin şuba geyinməsini də heç cür qəbul edə bilmirəm. İstəməzdim ki, kişilər şubada gəzsinlər.

- Hansı yaşda stil dəyişkənliyi etmək lazımdır?

- İstənilən yaşda etmək olar, sadəcə ürəkdən gəlməlidir. Hətta 60 yaşlı xanımın da stilini dəyişdirmək olar.

- Məşhur insanlarla işləyəndə nəyi əsas götürürsünüz? Yaradıcılığını sevmədiyiniz ulduzlarla işləyirsiniz?

- Hamıya hörmət edirəm, amma yaradıcılığını bəyənmədiyim biri ilə işləmərəm. Bir dəfə cəhd elədim, alınmadı. Onunla da iş birliyimiz bitdi. Bu səbəbdən də müğənni çevrəsini bir balaca azaltmışam.

- Kimlərlə çalışırsınız?

- Zülfiyyə Xanbabayeva, Zamiq Hüseynov və Röya.

- Belə ulduzlarla çalışmaq sizin üçün uğurdur. Yəqin ki, bu amil qiymətlərə də təsir edir. Sizi şəhərin ən bahalı vizajistlərindən biri hesab etmək olar?

- Özün haqqında deyə bilmərəm ki, "Mən şəhərin ən bahalı vizajistiyəm". Qiymətlər ikinci dərəcəlidir, ən vacibi insanları razı salmaqdır. Adi salonda işləyən usta da bəzən çox gözəl işlər görə bilər. Həm də bəxtim onda gətirib ki, televiziyada çalışmışam. İlk bəzədiyim insanlar aparıcılar olub.

- Gördüyünüz işin keyfiyyəti ilə qiymətlər uzlaşır?

- İstifadə etdiyim bütün məhsullar markalardır, keyfiyyətli məhsullardır. Bəzən olur ki, iki usta da eyni markanın kosmetik məhsullarından istifadə etsə də, toyda makiyaj xanımın üzündən axmağa başlayır. Burada texnika da önəmlidir. Makiyaj üzə yaxşı hopdurulmalıdır.

"Elə qadınları makiyaj da xilas edə bilməz"

- Makiyajsız gözəllik əldə etmək mümkündür?

- Bunun üçün onun daxili də gözəl olmalıdır. Qüsursuz üz cizgilərinə malik olmasına baxmayaraq, xanım paxıl və kinlidirsə, onda elə qadınları makiyaj da xilas edə bilməz!

- Röya ilə necə yola gedirsiniz? Kaprizləri çox olur?

- Hər ulduz kimi işinə məsuliyyətli yanaşır. Zövqlü müğənni olduğu üçün onunla işləməkdən məmnunam. Azərbaycanda tərzi olan iki müğənni varsa, onlardan biri Röyadır. Hərdən mübahisələrimiz də olur, fikirlərimlə razılaşmır. Həmçinin Zülfiyyə Xanbabayevanın da özünəməxsus maraqlı tərzi var.

- Onda necə reaksiya verirsiniz?

- Normal, proqramlaşdırılmış robot deyilik ki.

- Bəs zövqün formalaşması üçün neyləməlisən?

- Bu sənin dünyagörüşündən asılıdır. İnsan özünü tapmalıdır, onda tərzin də formaşalacaq. Bizdə çoxları üslubları uyğunsuz şəkildə bir-biri ilə birəşdirir. Getdiyin tədbirə uyğun geyinməlisən.

"Azərbaycan səhnəsində ilk dəfə şortiki o geyinib"

- Aygün Kazımova ilə işləmisiniz?

- İş birliyimiz olmayıb, münasibətlərimiz çox yaxşıdır. Səhnədə hər zaman yeniliklərə imza atan xanımdır. Azərbaycan səhnəsində ilk dəfə şortiki o geyinib, alt paltarı tərzində kostyumu da səhnəyə ilk dəfə o geyinib. O adam plastilindir, onu hər formaya salmaq olar. Aygün Kazımova səhnəyə çarşabda da çıxsa, böyük şou yarada biləcək. Onun stilistlərinə hörmətim var, amma bəyəndiyim və bəyənmədiyim obrazları da olub. Bu, mənim şəxsi fikrimdir.

- Kişi sənətçilər arasında ən yaxşı geyinən kimdir?

- Zamiq Hüseynov, vəssalam. Səhnə riski və yenilikləri sevir. Yeniliklərə hazır olan insanları sevirəm, bir neçə dəfə kişi müğənni ilə işləmişəm, həmin adam stilində ciddi dəyişiklik etməyi qəbul etmədiyinə görə problemlərimiz olub. Bu baxımdan Zamiqlə işləmək çox rahatdır, hər fikirlə razılaşır, başqaları nə deyər deyə tərəddüd etmir.

- Qadınlar əlinə pul keçən kimi estetik əməliyyat etdirməyə, qaynaq dırnaqlardan, taxma saçlardan, kirpikdən istifadə etməyə can atır. Sizcə, müasir xanımlar niyə bu qədər süni olmağa can atır?

- Əgər üzdə ciddi qüsurlar varsa, əməliyyatlara pis baxmıram. Amma uzun və gözəl saçlarını dəb naminə kəsdirən, sonra da peşman olub qaynaq etdirən, dodaqlarını həddindən artıq şişdirən xanımlara, əlbəttə ki, pis yanaşıram.

- Hər bir xanımın makiyaj çantasında nələr mütləq olmalıdır?

- Kirşan, göz qələmi, dodaq boyası, ənlik və tuş.

- Səmranı "Eurovisuon 2016" mahnı müsabiqəsində siz bəzəmişdiniz. Nədənsə, onun geyimi ilə bağlı çoxlu tənqidlər səsləndi. Vizajist və stilist kimi fikirlərinzi bilmək maraqlı olardı?

- Biz özümüz-özümüzü tənqid etməyi sevirik. Niyə dünya ulduzu səhnəyə cəlbedici geyimdə çıxanda onu bəyənirik, amma yeri ifaçıları tənqid atəşinə tuturuq? Axı Avropa səhnəsinə çıxan ifaçı qapalı geyinə bilməz. Demirəm, çox açıq geyinməlidir. Sadəcə, müəyyən standartlara cavab verməlidir. Onun üzərində böyük bir komanda işləmişdi, onu idarə edən adamlar var idi. Erməni iştirakçının səhnə kostyumu açıq-saçıq idi. Halbuki onlar öz müğənnilərini bəh-bəhlə qarşıladılar.

- Builki müsabiqədə Səmranı siz bəzədiniz. Necə oldu ki, sizi seçdilər?

- Azərbaycanda olan çəkilişlərdə Səmranı mən makiyaj etmişdim. Ukraynanılar işimi bəyəndilər və bu dəfə vizajistin Azərbaycandan gəlməyini istədilər. Beləliklə də 9 ildən sonra iştirakçımızı "Eurovision" səhnəsinə hazırlayan, makiyaj edən ilk yerli vizajist mən oldum. Onun makiyajına mən təkcə qərar verməmişdim. Dəvət olunanda hazır referans və protokol verdiər ki, makiyaj belə olmalıdır. Yəni, çərçivədən çıxmağa icazə yox idi. Eləcə də Səmra orada stilistlərə deyə bilməzdi ki, "Mən bu paltarı geyinə bilmərəm".

- Dostoyevskinin təbirincə desək, "Gözəllik dünyanı xilas edəcək?"

- Gözəlliyin qarşısında hər kəs acizdir. Ən əsəbi halında qarşısına gözəl qadınla rastlaşanda insanın bütün hirsi soyuyur və sakitləşirsən.

- Makiyaj haqqında doyunca danışdıq. Şəxsi həyatda təzə xəbər, yenilik varmı?

- Sevdiyim şəxs var, amma danışmaq istəməzdim.

- Şad xəbər gözlənilir?

- Bəlkə də.

Milli.Az







Tags:  qadınları makiyaj xilas edə bilməz FOTO

RƏYLƏR


Top news