Sem dayı, yoxsa Sem xala? - Amerkanın poçt qutusu və Novruzəlisi

Sem dayı, yoxsa Sem xala? - Amerkanın poçt qutusu və Novruzəlisi
20:18 30 Oktyabr 2016
92 Ölkə
Ölkə mətbuatı
A- A+

"ABŞ-ın 6 milyondan artıq vətəndaşı prezident seçkiləri prosesindən süni və məcburi şəkildə kənarlaşdırılıblar. Bu bizi çox narahat edir".

ATƏT-in ABŞ-a yolladığı müşahidəçilər belə bəyanat yayıblar. Noyabrın 8-də Birləşmiş Ştatlarda keçiriləcək prezident seçkilərini müşahidə edəcək bu şəxslərin açıqlamasında vurğulayıblar ki, ABŞ Konstitusiyasına edilən, "üsyançıları və digər cinayətkarları" səs vermək hüquqdun məhrum edən düzəliş ştatları milyonlarla insanı siyasi prosesdən kənarlaşdırmağa imkan verib.

Almaniyadan olan müşahidəçilər missiyasının rəhbəri Georq Link bu səbəbdən "seçkilərin tam demokratik olacağı qayğı doğurur" söyləyib.

ABŞ-da Donald Trampla Hillari Klinton arasında "tərəddüd edən" ştatlardan biri sayılan Pensilvaniyada isə amerikalılar 1980-ci illərdə hazırlanmış mexanizmlər vasitəsilə səs verəcəklər. Bu mexanizmlər isə seçki protokollarının sürətlərini hazırlamadığından ehtiyac yaranarsa səsləri yenidən saymaq praktiki olaraq mümkün deyil.

Bütün bunlar ABŞ-dakı prezident seçkiləri ilə bağlı problemlərin, sadəcə, ikisidir.

Əsas problem isə ölkənin sabiq dövlət katibi, Demokrat Partiyasından prezidentliyə namizəd Hillari Klintonla bağlıdır.

"Açın yazışmaları, qoy, hamı bilsin!"

Hələ dövlət katibi postunda işləyəndə xidməti yazışmalarının internetə sızması faktı ilə bağlı ABŞ-ın Federal Təhlükəsizlik Bürosunun (FBİ) araşdırmaları yenidən başlamaq qərarını şərh edərkən Hillari Klinton sinirlənib.

"Açın o yazışmaları, qoy, hamı bilsin! Amerikalıların bu barədə dərhal məlumat almaq hüququ var. FBİ direktoru Ceyms Komi deyir ki, yeni məlumatların nə qədər önəmli olduğunu hələ bilmir. Amma düşünmək istərdim ki, yeni aşkarlanmış materiallar FBİ-nin bu məsələ ilə bağlı istintaqı dayandırmaq haqqında iyul ayında qəbul etdiyi qərarı dəyişməyəcək", - Hillari Klinton deyib.

Hillari Klintonu anlamaq çətin deyil: o narahatdır, təşvişə düşüb, hətta qorxu içindədir.

Çünki FBİ-nin son açıqlamasına, daha doğrusu, bu qurumun direktoru Ceyms Kominin dediyinə görə, Hillari Klinton 2009-2013-cü illərdə dövlət katibi olduğu vaxtlarda şəxsi elektron poçtu ilə məxfi yazışmalar aparıb.

Bu, ABŞ qanunlarına görə qəti qadağandır və cinayət sayılır.

Klintonu qanunu pozmağa sövq edən məqam isə onun yazışmalarını dövlət qurumlarının kontrolundan və yoxlamalarından gizlətmək istəyi olub.

Söhbət sabiq konqresmen, seks-qalmaqala görə böyük siyasətlə vidalaşmaq məcburiyyətində qalmış Entoni Vinerin noutbukunda aşkarlanmış sənədlərdən gedir.

Vinerin xanımı Huma Abedinsə Demokrat Partiyanın ən fəal üzvlərindən biri, Hillari Klintonun köməkçisidir.

H.Klintonun elektron poçtu ilə bağlı qalmaqal 2015-ci ilin martında qopmuşdu. Dövlət katibi postunda olarkən qanunları pozan və şəxsi elektron poçtu vasitəsilə məxfi, dövlət sirri kəsb edən yazışmalar edən Klintonun məktublarının əksəriyyəti hakerlərin əlinə keçib.

Hillari Klinton sonradan "bütün yazışmamı FBİ-yə verdim" desə də, yalan danışıb. O, "bu məktublar tam şəxsi səciyyəlidir" deyərək 30 mindən artıq məktubu silib.

ABŞ-ın baş prokuroru Loretta Linç baş verən olaylardan dolayı Hillari Klintona cinayət işi açmaqdan boyun qaçırıb.

FBİ direktoru Ceyms Komi isə deyib: "Hillari Klintonun bu məxfi yazışmanı bilərəkdən yaymasına və dövlətin, ölkənin maraqlarına xəyanət etməsinə dəlalət edəcək faktlar aşkarlanmayıb".

Assanjdan ABŞ-a "hədiyyə"

WikiLeaks-in banisi və sahibi Culian Assanj ABŞ prezidnetliyinə namizəd Hillari Klintonun seçki qərargahının rəhbəri Con Podestanın yazışmalarını dərc etməkdədir.

Podesta etiraf edib ki, onun poçt akkauntuna Ukraynadakı İP-ünvandan hücum olması barədə Google-dan martın 19-da xəbərdarlıq alıbmış.

Bundan sonra Klintonun qərargahındakı şəxslər Podestaya elektron poçtun parolunu mümkün qədər tez dəyişməyi məsləhət görüblər.

C.Assanj ABŞ-a daha bir "hədiyyə" edərək dünən C.Podestanın elektron poçt yazışmalarının 21-ci hissəsini yayıb.

Tramp cuşa gəlib

Noyabrın 8-də keçiriləcək prezident seçkilərində Hillari Klintonun rəqibi, ABŞ Respublikaçılar Partiyasından olan namizəd Donald Tramp baş verənləri həzzlə şərh edib.

"Klintonun yazışmaları il bağlı işdə ən ciddi, ən qorxulu cinayətlər var. Bu qadının yazışmaları ilə bağlı biabırçılıq Uotergeyt dönəmindən bəri ən böyük qalmaqaldır. FBİ də məhz bu işin önəminə görə istintaqa yenidən başlayıb. O işdə ciddi, qorxulu cinayətlər olsaydı, FBİ heç zaman təhqiqatları bərpa etməzdi.

Canının qorxusuna düşmüş Hillari Klinton isə FBİ direktorunun ünvanına hədyanlar söyləyərək işi siyasiləşdirəməyə çalışır. Hillari Klintonun rüşvətxorluğu və korrupsiyaya uğraması misilsiz həddə çatıb. Onun cinayətkar sxemlərini Ağ Evə aparmasına yol verməməliyik. Ciddi səhvlərini düzəltdiklərinə görə FBİ və Ədliyyə Nazirliyinə sayğım böyükdür", - Nyu-Hempşirdə keçirdiyi mitinqdə Donald Tramp deyib.

Trampı ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri və respublikaçılar "isteblişmenti"nin siması Pol Rayan da dəstəkləyib. Konqresmen Rayanın dediyinə görə, Demokrat Partiyasından olan namizəd Hillari Klinton FBİ-nin təhqiqatı başa çatana qədər milli təhlükəsizlik məsələlərindən danışmamalıdır.

H.Klinton və onun vitse-prezident postuna təyin etməyə hazırlaşdığı Tim Keyn konqresmen Pol Rayanın açıqlamasını şərh etməkdən boyun qaçırıblar.

Məşhur Lawfare resursunun baş redaktoru Bencamin Uittsin şərhi yetərincə maraqlıdır.

Açıqlamanı olduğu kimi təqdim edirik: "FBİ-nin təhqiqatları bərpa etməsinə səbəbin yeni, çox mühüm informasiyanın aşkarlanması olduğunu demək düz deyil. Çünki FBİ bu faktlarla bağlı istintaqı heç dayandırmamışdı. FBİ direktoru Kominin bəyanatı yalnız onu göstərir ki, yeni faktlar üzə çıxandan sonra qurum əvvəlki, and içiləndən sonra yayılan bəyanatını təkrarlaya bilmir. Yəni FBİ Klintonun qanunları pozmadığına tam əmin deyil".

Zərbə, həqiqətən də, ağırdır

Hillari Klintonla bağlı FBİ-nin istintaqı davam etdirmək qərarında olması xəbəri yayılandan sonra ABŞ-dakı fond birjalarında narahatlıq başlanıb. Əgər son həftələrdə Klinton Trampı keçmişdisə və seçki yarışının şəksiz favoriti sayılırdsa, indi situasiya kökündən dəyişə bilər.

The New York Times və NBC News bildirirlər ki, yeni məlumatlar Hillari Klintonun seçki qərargahının faktiki lideri Huma Abedinin əri, sabiq konqresmen Entoni Vaynerin seks-cinayətləri ilə bağlıdır.

2012-c ildən başlayaraq Vayner tanış qadınlara çılpaq fotolarını yollayırdı. Bu faktlar aşkarlananadan sonra o, konqresmenlikdən istefa verməli olub, siyasi karyerası da dayanıb.

Onun xanımı Şuma Abedin hələ avqust ayında "boşanırıq" desə də, boşanma faktı rəsmiləşməyib.

Məktub yetişdimi?

Yaşananlar Cəlil Məmmədquluzadənin "Poçt qutusu" əsərini yada salır. Donald Tramp, sanki, aşkarlanan məktubların FBİ-yə çatmasını gözləyən yeni Novruzəli, Hillari Klinton isə qutuya və Novruzəliyə baxıb nə baş verdiyini anlamağa çalışdığını göstərən poçtalyondur.

Amma zavallı Novruzəlidən fərqli olaraq Tramp hiyləgərdir və o, siyasətin başına hiylənin motal papağını qoymağa çalışır.

Milli.Az

Elçin Alıoğlu


Xəbərin orijinal ünvanı: http://publika.az/news/nida/174078.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR