Poladovsuz "Azdrama", Şəbnəmin kəbin kağızı, Mətanət və Almazın qızları - HƏFTƏBECƏR

Poladovsuz "Azdrama", Şəbnəmin kəbin kağızı, Mətanət və Almazın qızları - HƏFTƏBECƏR
07:47 31 Oktyabr 2016
1545 Şou
Ölkə mətbuatı
A- A+

Milli.Az jurnalist İntiqam Valehoğlunun müəllif layihəsi olan "Həftəbecər"i (98-ci say) təqdim edir.

62 şərh, 12 mindən çox oxunma sayı. Bu, "Həftəbecər" oxucularının ötən həftəyə olan göstəricisidir. Məncə, bir yazar üçün bundan daha sevindirici bir şey ola bilməzdi ki, onu da siz etdiniz. O qədər şərhin içində itib-batdığımı da danmamalıyam. Həftənin şərhini seçmək elə də asan olmadı. Şamaxıdan Reyhan xanımın şərhi, daha doğrusu, istəyini nəzərə aldıq. Jalə adlı (1988) oxucumun isə mənim xeyli öncə yazdığım hekayəni tapıb, şərhdə paylaşması maraqlı hədiyyə oldu.

Akademik Milli Dram Teatrı daha bir sütununu itirdi. Əslində, bu sütun rəsmi olaraq Rus Dram Teatrına məxsus olsa da, çiynini müqavilə əsasında ölkənin ana teatrının repertuar yükünün altına vermişdi. Özü də sözün əsl mənasında. Başa düşdüyünüz kimi, söhbət xalq artisti Fuad Poladovdan gedir. O Poladovdan ki, hazırda Azərbaycan teatr sənətinin barmaqla sayılacaq qədər qalan usta sənətkarlarındandır. Açıqlamasını verdi, gedəcəyini dedi, sonuncu tamaşasını oynadı və GETDİ! Bu gedişin ətrafında lazım olmayan şou da düzəldildi. İllərlə ayağı teatra dəyməyən jurnalistlər aparat-maparatlarını qoltuqlarına vurub gəldilər teatrın xidməti girişinin qapısına, bəziləri tamaşanı "Facebook"da canlı yayımladı, başqa biri ayrı hoqqadan çıxdı. Bu, həm də bir növ fitnələmək idi. Düzdür, Poladov kimi şəxsiyyəti fikrindən döndərmək çətin məsələdir, amma onun üçün "düzənlənən" bu yolasalma mərasimi belə olmasaydı, bəlkə də qayıtmaq haqda düşünə bilərdi. İndiki halda, sıradan bir aktyor üçün də belə bir mərasim düzənlənsə, qayıtmağa utanar, o ki ola Fuad Poladov. 
Mədəniyyət və Turizm Nazirliyi isə payızda qış yuxusuna gedib. Onların işi otel-motellədir, teatr-meatrla deyil. Olsaydı, çıxıb bir kəlmə baş verənlərə aydınlıq gətirərdilər. Bu yerdə Qulpqoyan dayı deyir ki, mənim adımdan ora belə bir cümlə yaz. Utanmasan, Mədəniyyət və Turizm Nazirliyində işləməyə nə var ki?!

Nə qədər gözlənilməz, ağır, bağışlanılmaz, yolverilməz, qəbul edilməz olsa da, Fuad Poladov mövzusunu burada bağlayıb, keçək Şəbnəm Tovuzluya. Hərçənd ki, bu keçidə görə Zərdabinin ruhu mənə qənim olacaq. O gün Şəbnəmi bir verilişə çıxartmışdılar. Aparıcıdan tutmuş, qonaqlara kimi, hətta verilişin montajçısına qədər, hamı haqq qazandırmağa çalışırdı ki, Şəbnəm düz edib evli kişidən uşaq doğur. Hələ bir kəbin kağızını da göstərdilər. Sonra Şəbnəm dedi ki, o adam evli deyil, ailəsiylə bir il əvvəl boşanıb. Amma heç kimin yadına düşmədi soruşsun ki, axı subay adamlar rəsmi nikahla ailə qururlar, kəbin isə daha çox İranda lazım olur. Lap elə bizim özümüzdə də kəbin lazımlı şeydir, bəs nikah kağızı?

Bir gürcü manıs var - Soso Pavliaşvili. Bu adını çəkmək belə ayıb olan gədə deyib ki, atamdan eşitmişəm - Qarabağ ermənilərin olub. Onun da burada konsertini təşkil etmək istəyirdilər. İşdir-şayət, birdən konsert baş tutsa, (hərçənd ki, olmayacaq) o konsertə gedən adamlar Sosodan artıq ola bilərmi?

Aşıq Əli efirdə yol polisinin şöbə rəislərindən birinə salam göndərib, dərhal toplu-tüfəngli zəng vurublar canlı yayıma ki, filan qədər cərimən var, avtomobilin də cərimə meydançasındadır. Adamdan soruşmaq lazımdır ki, aşıq Əli həftənin 5 günü efirdədir, əksəriyyəti də canlı yayım olur. Bəs o "salam"dan əvvəl niyə belə canfəşanlıqla canlı yayıma zəng vurmurdunuz? "Həftəbecər"ə aidiyyatı olmasa da, deyim ki, Azərbaycanda fəaliyyəti haqda mənfi fikir olan üç qurum varsa, biri Dövlət Yol Polisidir. Səbəbini özləri daha yaxşı bilirlər.

Mətanət İsgəndərlinin qızı Ülkərin nişanı 2-3 dəfə qayıdıb. Yeri gəlmişkən, Ülkər Azərbaycan sənətçilərinin övladları arasında ən gözəl 3-5 qızdan biridir, hətta bəlkə birincisidir. İsgəndərli də açıqlama verib ki, Ülkərə oğlan bəyəndirə bilmirik. Rəhmətliyin nəvəsi, bunu bəyəndirin, sonra nişanlayın da. İndi bu dəfə də nişan məsələsi baş tutmasa, onda necə olacaq? Onsuz da müğənni adının bir bədnam tərəfi var. Hətta bəzən sənətçi övladı nə qədər yaxşı olsa da, valideyninin peşəsinə görə haqqında xoş olmayan sözlər deyilir.

Almaz Ələsgərovanın da qızının şəklinə pis-pis şeylər yazıb, sonra söhbəti fırladıblar. Özü belə deyir. Deyirəm, Almaz xanım yaxşı müğənnidir, hə?

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/showbiz/484610.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR