Üzündə ciddi ifadə ilə dərs dinləyən uşağın fotosu bir
kəndin təhsil problemlərinin həll edilməsinə səbəb ola
bilər.
Jake Şərqi Afrikanın ən məşhur uşağı olmağa namizəddir. Sosial
mediada paylaşılan bu fotoda o, ipə-sapa yatmayan avtomobil
müəlliminə, ya da ciddi işlər görən təhlükəsizlik məmuruna
bənzədilib.
Amma Qananın kiçik bir kəndində yaşayan Jake-in çərşənbə günündən
bəri məşhur olmasından xəbəri yoxdur.
Operator Carlos Cortes ABŞ-dan ölkəsinə qayıdan incəsənətlə məşğul
olan Solomon Adufah haqqında sənədli film çəkmək üçün 2015-ci ildə
Qanaya gedib.
Cortes həmin vaxt 4 yaşında olan bu uşağın fotosunu Adufah məktəbdə
dərs dediyi zaman çəkib.
"Jake dərs dinləyirdi. Üzündə düşüncəli ifadə var idi", Cortes
bildirib.
Adufah bu fotonu Instagram hesabında paylaşdıqdan sonra uşaq
İnternet fenomeninə çevrilib.
O əvvəlcə elə sanıb ki, uşaq "lağa qoyulacaq".
27 yaşlı Adufah deyir: "Əvvəl düşündüm ki, şərh verməyim. Amma
sonra bu "layklar"ın yardıma çevrilə biləcəyini düşündüm".
Jake və dostları Qanada kasıb bir kənddə yaşayır. Burada bəzi
ailələr yoxsulluğa görə uşaqları məktəbə göndərə bilmir.
Həmçinin kənd məktəbində ləvazimatları çatışmır.
Cortes deyir ki, "Bir gün, bütün uşaqlara yetəcək qədər qələm
tapmaq üçün 20 dəqiqə çalışdıq. Başladığımız kampaniya da bu
problemi həll edəcək".
Beləcə, 16 yaşından ABŞ-da yaşayan Adufah kənddəki uşaqların
təhsilinə yardım etmək məqsədilə xeyriyyə kampaniyasına
başlayıb.
Kampaniyanın ilk 24 saatında 2000 dollar toplanıb və bu, hədəfin 10
faizi deməkdir.
Adufah deyir ki, "bu pul bu uşaqlar üçün doğrudan çox böyük önəm
daşıyır".
Onun sözlərinə görə, gələcəkdə bu kampaniya müsbət hərəkətə çevrilə
bilər. (milli.az)