Səbail Rayon İcra Hakimiyyətində yaradılmış işçi qrupu
tərəfindən Badamdar qəsəbəsinin 3-cü yaşayış massivində torpaqların
inventarlaşması aparılıb.
RİH-in İctimai-siyasi və humanitar məsələlər şöbəsindən "Report"a
verilən məlumata görə, araşdırmalar zamanı müəyyən olunub ki, bu
ərazidə, tikilməkdə olan su anbarlarının birbaşa yaxınlığında
hektarlarla sahə müxtəlif şəxslər, işbazlar, torpaq alverçiləri
tərəfindən saxta sənədlər əsasında zəbt olunub, ərazi hasarlanıb,
bir çox yerlərdə qanunsuz tikinti işləri aparılıb.
İşçi qrupun apardığı araşdırmaların nəticəsi olaraq RİH tərəfindən
burada zəbt olunaraq hasarlanmış torpaq sahələrinin hasarlarının
sökülərək ərazinin ilkin vəziyyətə gətirilməsi prossesinə
başlanılıb. Badamdar qəsəbə nümayəndəsi Zaur Əliyevin verdiyi
məlumata görə, RİH tərəfindən bu işlərə texnika və işçi qüvvəsi
cəlb olunub və bir neçə gün ərzində 3,4 ha ərazidəki hasarlar və
qanunsuz tikililər sökülərək ərazi təmizlənib. Artıq 6 ha yaxın
yeni ərazidə qeyri-qanuni zəbt olunmuş torpaq sahələrinin
təmizlənərək dövlətə qaytarılması prossesinə başlanıb.
Araşdırmalar zamanı torpaq sahələrinin bəzi işbazlar və torpaq
alverçiləri tərəfindən köhnə tarixlə hazırlanmış saxta sənədlər
əsasında rəsmiləşdirilməyə cəhdlər olunduğu müəyyən olunub,
qanunsuz torpaq zəbti və qeyri-qanuni tikinti işləri ilə bağlı
materiallar və saxta sənədlər müvafiq tədbirlərin görülməsi məqsədi
ilə Prokurorluq orqanlarına göndərilib.
RİH tərəfindən Badamdar ərazisində qanunsuz torpaq sahələri zəbti
və tikintilərlə bağlı araşdırmalar və torpaq sahələrinin
inventarlaşdırılması işləri daha qətiyyətlə davam etdirilir.