Vətənə, torpağa sevgi hissləri aşılayan - Tütək səsi...

Vətənə, torpağa sevgi hissləri aşılayan - Tütək səsi...
12:19 31 Oktyabr 2016
32 Digər
Ölkə mətbuatı
A- A+

Tütək tənhalığın yol yoldaşı, saf duyğuların sirdaşıdır. Həzin səsi ilə insanı təbiətin qoynuna çağırır, düşüncələrin ahənginə kökləyir. Nə vaxt, necə, hansı ehtiyacdan yaranıb bu alət? Tarixi çox qədimdir. 13-cü əsrdə dahi Nizami Gəncəvi tütəyi çobanın dilindən belə səciyyələndirmişdi:
 
Bir quyudan göyərib çıxmış,
Şəkərdən şirindir, məncə, bu qamış.
Dəldim, yaraladım öz əlim ilə,
Hələ kəsilməmiş gəlməzdi dilə.
O cansız olsa da sevirəm can tək,
Dilsizdir, mənimçün dildir bu tütək...
 
Ta qədimlərdən bu günə qədər duyğularımızın, arzularımızın,  kədər və sevincimizin danışan dilidir tütək... Avazı könlümüzü oxşayır, düşüncələrimizə qanad verir...
 
Tütək alətinin xalqımızın estetik zövqünün formalaşmasında böyük rolu olub. Sənətkarlar arasında quş tütəyi, çoban tütəyi, böyük tütək, kiçik tütək, pikkolo tütək, gil tütək kimi deyimlərdən istifadə edilir. Bu deyimlərdən ən qədimi çoban tütəyidir. Tütək alətini çobanlar icad etdiyindən alətə çox zaman çoban tütəyi də deyirlər. Çobanlar musiqi xəzinəmizə “Çoban bayatı” adlı muğam, “Xan Çobanı”, “Keçiməməsi”, “Çobanlar” və s. kimi rəqslər bəxş ediblər. Tütəkdə hər hansı bir musiqi ifa edilərkən gözlərimizin önündə meşələr, çaylar, bulaqlar, şəlalələr, dağlar canlanır. Qədimdə çobanların peşəkarlıq səviyyələri tütəyi nə cür ifa etmələri ilə qiymətləndirilirdi.
 
Azərbaycanın ən qədim nəfəsli çalğı alətlərindən biri olan tütəyin Adəm Peyğəmbərin dövrünə aid olduğu bildirilir. Bu fakt türk tarixçisi Bahəddin Ögəlin “Türk kültür tarixinə giriş” çoxcildli əsərində tütəyə bənzər alətlərlə bağlı hissədə qeyd edilir.
 
Tütək aləti türk dünyasında kaval, düdək də adlandırılıb. Mikayıl Müşfiq “Çoban” poemasında çobanın kaval çaldığını yazır. O, türkdilli xalqların mədəniyyətini, musiqisini mükəmməl öyrəndiyi üçün öz poemasında tütəyi kaval kimi təqdim edib. XVI əsrdə yaşamış Məhəmməd Əmaninin şeirlərində isə belə bir misra var - Şatır sifət, istidə vurarlar düdək. Abdulla Şaiqin şeirlərində də tütək – düdək kimi təqdim olunur. Sonradan isə düdək alətinə - tütək adı verilib.
 
Tütək - ürəyin səsi hesab olunur. O səbəbdən də bu aləti istənilən insan ifa edə bilmir. Çünki bu alətdə ifa ürək tələb edir. Həsənağa Sadıqov dövrümüzdə tütəyin ən mahir ifaçılarındandır. O, tanınmış aşıq Qurbanın nəvəsidir. Tütəyi də ilk dəfə babasının ifasında eşidib: “Sən elə deyilən kimi ifa et, götür çal, çalmaq başqadır, daxil olmaq tamamilə başqadır. Sən daxil olanda qulağın da tutulur, gözün də bağlanır, girirsən o obraza. Ətini kəssələr də, xəbərin olmayacaq, yəni o qədər daxil olmalısan ki, hiss etməməlisən.  “Tütəyi danışdırmaq üçün alətə böyük sevgi bəsləmək lazımdır” deyir ustad: “İfa etmək asan sözdür, hamı bacarmaz. Şəxsən bu tütəyi istənilən insana verim və deyim ifa et. Bunu səsləndirmək üçün bunu ifa edən insanın ürəyinin səsi daxil olmalıdır bura. Həm tütəyin, həm də ürəyin səsi orada bir-birinə qovuşur və dinləyən insana zövq verir. Mən bu tütəyi başqa cür ifa etsəm, o məndən inciyər. Mən buna razı ola bilmərəm”.
 
İstənilən musiqi alətinin səsi insana müxtəlif anlarını yaşadır. Bu həm sevinclə, həm də kədər və hüznlə bağlı ola bilər. Bu isə musiqi alətini ifa edən sənətkarın ustalığıdır. Həsənağa Sadıqov bunun musiqiçinin daxili aləmi ilə bağlı olduğunu deyir: “Əgər darıxdırıcı bir şey varsa, ifa elədiyi səslərdən ağlamaq, sızıltı, şikayət eşidə biləcəksiniz. Əgər əhvalın şaddırsa, həmin musiqini ifa etdikdə, qulağa daha sevincli gələcək. Ürək nə formadadır, ifaya o formanı verir”.
 
“Fəryad” filmində dinlədiyimiz insan ürəyinin yanğısını xatırladan ifa mərhum Həsən Məhərrəmova məxsusdur. Hər ifasında ürəyinin səsini tütəklə birgə çatdıran Həsən Məhərrəmov, bir çoxlarını bu yola sövq edib. “Onun ifasına həsəd aparırdım” deyir Həsənağa Sadıqov. Ustad onu da deyir ki, tütək üzərində barmaqların hoppanması düzgün deyil, bu aləti gərək sakit tərzdə və səbirlə ifa edəsən. Barmaqları da sakitcə sürüşdürərək öz ifandan zövq alasan: “Almaniyada bir dəfə mağazaya girdim. Bir tütək vardı, satıcıdan aldım o tütəyi. Mənə dedi ki, bu, Hindistan tütəyidir. O tütəyin arxasında dəlik yox idi. Götürdüm o tütəyi başladım ifa etməyə. Arxamda alman dayanıb, o da mənim ifamı dinləyir. Düz yarım saat çaldım bu tütəyi. Sonra mən o tütəyi qaytardım satıcıya və almayacağımı bildirdim. İfamı dinləyən alman dedi “yox, yox, bu tütək sizindir, sən onu danışdırdın”. Tütəyin pulunu verdi və mənə uzatdı”.
 
Kiçik boylu tütək aləti güclü səsi ilə insana böyük təsir gücünə malikdir. Deyilənə görə, zurnada ifa edən hər bir ifaçı tütəkdə də çalmağı bacararmış. Tütək həm də simfonik orkestrdə ifa olunur və yeni harmoniya, yeni gözəllik yaradır. Qədim tarixi olan tütək müasirliyə də uyğunlaşır və beynəlmiləl olduğunu sübut edir. Müasir dövrdə müxtəlif musiqiləri tütəkdə ifa etmək mümkündür. İstənilən janrdakı musiqi tütəyin ifası və müşayiəti ilə daha da möhtəşəm görünür. 
                         
Azərbaycanın bir çox filmlərində tütək ifasından istifadə olunub. "Tütək səsi", "Evlənmək istəyirəm", "Ögey ana", "Qərib cinlər diyarında", "Fəryad" və digər filmlərdə tütəkdə ifa olunan havalar o filmlərə əlavə ruh qatır.
 
Bir çox ölkələrdə tütəyin müxtəlif növləri çox geniş yayılıb. Azərbaycanda böyük və kiçik növləri orkestr və ansamblların tərkibində, tütəkdən əsasən, solo aləti kimi istifadə edilir. Tütək müxtəlif alət ustaları tərəfindən hazırlanır və sevənlərinin, ifaçıların ixtiyarına verilir. Usta Teymur Hüseynov deyir ki, tütək aləti qədim dövrlərdə qarğı və qamışdan hazırlanıb. Ustanın sözlərinə görə, hər qarğıdan tütək hazırlamaq mümkün deyil. Tütək yetişmiş qarğıdan hazırlanır.
 
Səs tembri mülayim və məlahətlidir. Boruşəkilli gövdə ərik, qoz, tut və ya qamışdan hazırlanır. Uzunluğu 280-300 mm, diametri 20 mm-dir. Alətin baş tərəfində borunun içərisinə yanakı kəsilmiş plastmas tıxac daxil edilir: “Kəsdiyim plastmas alətin içərisinə keçirilir. Əvvəllər bu ağac materialından hazırlanırdı, ağac materialının keyfiyyəti az olur. Plastması taxdıqdan sonra dəlik açırıq ki, nəfəs verilsin və səsi ala bilək”.  
 
Gövdənin üst hissəsində yeddi, alt hissəsində isə bir oyuq olur. Dəliklərin açılma prosesi aşağıdan yuxarıya doğru aparılır. Tıxacla gövdə arasında xüsusi ölçüdə boşluq saxlanılır ki, həmin hissədən ağız boşluğuna yığılmış hava dodaqlar vasitəsi ilə gövdəyə üflənir. Sağ və sol əlin barmaqları ilə oyuqları açıb-bağlamaqla səs ucalıqlarını almaq mümkün olur: “Ərik ağacından hazırlanan tütək daha keyfiyyətli və uzunömürlü olur. Səsi də daha məlahətli və şirin olur. Qarğıdan hazırlanmış tütək də yaxşı səslənir, amma uzunömürlü olmur”.  Teymur usta tütək alətini hazır edir və kökləyir. Usta bildirir ki, tütək ifaçıları əsas alətin şirinliyinə önəm verirlər. Bu da əlbəttə ağacın görkəmi ilə yox, keyfiyyəti ilə bağlıdır.
 
Gənclərin tütəyə müraciəti də alətin gələcək nəsillərə ötürülməsinə zəmin yaradır. Sözsüz, bu da alətin aliliyindən və istənilən yaş dövründə olan insana təsirindən xəbər verir. Bu həm də alətə böyük sevginin təzahürüdür.
 
Milli Musiqi Konservatoriyasında tütəyi tədris edən Coşqun Sadıqov alətə sevgisini gənclərə də aşılayır: “Tələbələrdən əsas tələbim odur ki, bu alətdə düzgün səs çıxarsınlar. Qırıq-qırıq səs çıxarılması düzgün deyil. Balaban, qara zurna və tütəyin üfürülmə qaydası tamam fərqlidir”.
 
Tütəkdə ifa olunan musiqi inciləri, xüsusən də muğamlar insanı müqəddəs duyğulara kökləyir. Dinləyiciyə Vətənə, torpağa sevgi, insana məhəbbət, mərhəmət hissləri aşılayır. Hər bir milli musiqi aləti kimi tütək də millətimizin genetik yaddaşında kodlaşmış alətdir. Tütək keçmişimizi gələcəyə daşıyan, milli musiqimizi ən gözəl tərənnüm edən alətlərdən biridir.

Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/258142

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR