Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Binəqədidə yanan binaya görə tutulan şəxslərin məhkəməsində vəkillərlə hakim arasında mübahisə düşüb

Binəqədidə yanan binaya görə tutulan şəxslərin məhkəməsində vəkillərlə hakim arasında mübahisə düşüb

Date: 31 October 2016 13:07

Bakı. 31 oktyabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Binəqədi rayonu ərazisində çoxmərtəbəli yaşayış binasında baş verən yanğın hadisəsində təqsirləndirilən Miryusif Mahmudov, Ələkbər Əsgərov, Uğur Bəşirov, Qəzənfər Novruzov, Ədalət Rəcəbov, Nizami Orucov, Ağacavad Məmmədov və Akif Əlibəyovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
"Report”un məlumatına görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə şahid qismində Hacıbaba Əkbərov ifadə verib.
O, 2012-ci il avqustun sonlarından 2014-cü ilin yanvarınadək olan müddətdə Binəqədi Rayon İcra Hakimiyyətinin memarlıq şöbəsində böyük məsləhətçi işlədiyini deyib. H.Əkbərov qeyd edib ki, işlədiyi dövrdə yanan binada üzlənmə işləri aparılıb: "Binaların təmir işlərinin aparılmasına Binəqədi Rayon İcra Hakimiyyəti sifarişçi olub. Biz aparılan işlərə yaxından nəzarət etməmişik. Bina və obyektlərdə aparılan təmir işləri zamanı texniki işlərə nəzarət etmək də səlahiyyətimdə olmayıb".
Təqsirləndirilən M.Mahmudov bildirib ki, binada təmir işləri Binəqədi Rayon İcra Hakimiyyətinin yox, onun şəxsi vəsaiti hesabına aparılıb.
Daha sonra M.Mahmudovun vəkili İlhamə Həsənova şahidə suallar verib. Bu zaman vəkil şahidin yalan danışdığını və buna görə də məsuliyyət daşıdığını bildirib.
H.Əkbərov yalan ifadə vermədiyini deyib.
Bu zaman təqsirləndirilən şəxslərin vəkilləri ilə hakim arasında mübahisə yaranıb.
Mübahisə sakitləşdiriləndən sonra Hacıbaba Əkbərov qeyd edib ki, Azadlıq prospektində olan binada aparılan təmir işləri zamanı işçi komissiyası yaradılmayıb.
Daha sonra digər şahid Telman Adıgözəlov dindirilib. O, yanan binada aparılan təmir işləri zamanı fəhlələrin briqadiri olduğunu söyləyib.
Proses noyabrın 1-də davam etdiriləcək.
Qeyd edək ki, 2015-ci il may ayının 19-da paytaxtın Binəqədi rayonu ərazisində çoxmərtəbəli yaşayış binasında ağır nəticələrə səbəb olan yanğın hadisəsi baş verib. Yanğın nəticəsində 15 nəfər ölüb, 50 nəfər xəsarət alıb.
Qulluq mənafeləri tələb etdiyi halda səlahiyyətlərindən istifadə etməmələri nəticəsində vətəndaşların və dövlətin hüquqlarına və qanunla qorunan mənafelərinə mühüm zərər vurmalarında kifayət qədər əsaslar olduğundan binanın üzlənməsində istifadə olunan “poliuretan” məmulatını istehsal edən “QlobalStone” MMC-nin baş direktoru Bəşirov Uğur Firuz oğlu, “Global Construction” MMC-nin təsisçisi və idarə heyətinin sədri Mahmudov Miryusif Mircəfər oğlu, həmin cəmiyyətin İdarə Heyətinin sədr müavini Əsgərov Ələkpər İldırım oğlu, Binəqədi rayon İcra Hakimiyyəti başçısının sabiq birinci müavini Novruzov Qəzənfər Məhərrəm oğlu, 2012-2013-cü illərdə Binəqədi rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin rəisi işləmiş rayon İcra HakimiyyətininTəsərrüfat şöbəsinin müdiri Rəcəbov Ədalət Şəmsəddin oğlu, Binəqədi rayonu, 72 saylı Mənzil Kommunal İstismar Sahəsinin rəisi Orucov Nizami Qara oğlu Cinayət Məcəlləsinin 225.2 (yanğın təhlükəsizliyi qaydalarını pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və digər ağır nəticələrə səbəb olduqda) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə, “poliuretan” məmulatlarının sınaq yoxlamalarını keçirən “Dərnəgül Boru Zavodu” Qapalı Səhmdar Cəmiyyətinin sınaq laboratoriyasının müdiri Məmmədov Ağacavad Hacı oğlu Cinayət Məcəlləsinin 308.2 və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə, “poliuretan” məmulatlarına dair texniki şərtləri razılaşdırmış Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzinin baş direktoru Əlibəyov Akif Muradəli oğlu Cinayət Məcəlləsinin 308.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq onlara həmin maddələrdə nəzərdə tutulan ittihamlar elan edilib.
A.Əlibəyov və A.Məmmədov barəsində isə həbs qətimkan tədbiri seçilməyib.

Tags:  Binəqədidə yanan binaya tutulan şəxslərin məhkəməsində vəkillərlə hakim arasında mübahisə düşüb

RƏYLƏR


Top news