Malayziyaya kimlər pas atır? – I divizionda qumar düzəni

Malayziyaya kimlər pas atır? –   I divizionda qumar düzəni
13:17 31 Oktyabr 2016
37 İdman
Ölkə mətbuatı
A- A+

Yazının başlığı bizim təxəyyülümüzün məhsulu deyil. Bu, futbol üzrə Azərbaycan çempionatının I divizionunda çıxış edən futbolçular arasında geniş yayılmış bir zarafatdır.


Adətən, futbolçular hansısa oyunu uduzduqdan sonra bu atmacadan istifadə edirlər: “Mən topu yandımdakına verirəm, o da qabağa göndərmək əvəzinə Malayziya pas atır”.


Əslində, bu şən zarafatın altında acı bir həqiqət gizlənir. Əksər ölkələrdə olduğu kimi, Azərbaycanda da I divizion matçları qumarın ağuşundadır. İllərdir dönən  bu çarx ətrafında dolananları dolandırır, dəyirmandan gələn tıqqıltıya göz yumanları da doyuzdurur.

Futbol matçlarının qumara qoyulması bu oyunun oynandığı hər yerdə var. İngiltərə Premyer Liqasından tutmuş, Anqola birinciliyinə qədər. Əsasən də, Malayziyada, Sinqapurda fəaliyyət göstərən kontorlara pul qoyuluşları edilir. Sadəcə, ustalıq söhbəti var. Liqanın səviyyəsi nə qədər yüksəkdirsə, orada matçların taleyini həll edənlərin aktyorluq bacarığı daha püxtələşib – federasiyadan, klub idarəçilərindən, hakimindən tutmuş, futbolçusuna qədər...

Azərbaycanda futbolun səviyyəsi qumar düzəni bir-birinə təndir. Bizimkilər hələ naşıdır – futbolu necə oyanırlarsa, danışılmış oyunları da bir o qədər keyfiyyətsiz “səhnləşdirirlər”.


I divizion – məqsədi, məramı olmayan bir birincilikdir. Təsadüfi deyil, son iki mövsümdə yarışın qalibi olan “Neftçala” Premyer Liqaya buraxılmadı. Turnir cədvəlində hansı pilləni tutmağın heç bir önəm daşımayan bir çempionatın iştirakçıları hər zaman qumara açıqdırlar. Üstəlik, həmin klublar səfalət içindədirlərsə, matçları qumara qoyub pul qazanmaq deyil, qazanamamaq günah olar...

I divizion təmsilçiləri arasında 2 klubun daha “peşəkar” olduğu söyləmnilir – “Bakılı” və “Şərurspor”. Xüsusən də, Misir Əbilovun sahibi olduğu “Bakılı” barədə xeyli söz-söhbətlər olub.  

Məsələn, ötən mövsüm keçirilən “Bakılı” – “Göyəzən” qarşılaşmasında ilk yarının qonaqların minimal hesablı üstünlüyü, oyunun isə “Bakılı”nın xeyrinə başa çatacağını futbolinfo.az saytı əvvəlcədən yazmışdı (0:1, 3:1). Nəticə? AFFA “sübut yoxdur” deyib, dəftəri bağladı.  Bu da həmin görüşün icmalı:


Həmçinin, ötən mövsüm baş tutan “Şərurspor” – “Göyəzən” matçının nəticəsi də hər kəs tərəfindən şübhə ilə qarşılandı. Hər halda, Qazax klubunun öz gücünə Bakıda  rəqibini 3 cavabsız qolla üstələməsinə uşaq da inanmaz. Bu isə həmin matçın qollarıdır:



“Göyəzən”nin adını tez-tez hallandırmağımız qəribə görünürsə, izahat verək. İş ondadır ki, illərdir I divizionda 2 aşkar autsayder var – “Energetik” və “Göyəzən”. Bu klubların qələbə əmsalı da bu üzdən yüksək olur. Ona görə də, kimin nə işi varsa, Qazax və Mingəçevir klubları ilə oyunlara saxlayırlar.


Elə cari mövsümdə baş tutan “Göyəzən” – “Şahdağ” oyunu da buna bariz nümunədir ki, bu barədə də yazı yazmışdır. 1:1 hesabı ilə görüşdə vurulan qollar kifayət qədər şübhəlidir:


Autsayderə uduzmağa öncədən pul qoymaqla yanaşı, matçların bol qollu keçəcəyinə yatırım edilməsi də geniş yayılıb. Təsadüfi deyil ki, I divizion matçlarında “qol yağışına”  tez-tez rast gəlirik.


Rəqiblərindən aşkar zəif olan “Energetik”lə “Göyəzən”in 5-6 qol fəri ilə uduzması başa düşüləndi. Amma məsələn, “Şərursporr” – “Bakılı” (5:0), “Rəvan” – “Zaqatala” (1:5), “Bakılı” – “Zaqatala”  (3:6), MOİK – “Şahdağ” (6:0), “Bakılı” – “Turan Tovuz” (0:7) kimi matçlarda qeydə hesablar şübhə doğurur. Təsəvvür edin, cari çempionatda “Bakılı”nın iştirakı ilə keçirilən 8 oyundan  4-də (!) 5 qol, 1 matçda 9, başqa bir görüşdə isə 7 qol qeydə alınıb. Digər 2 dueldən birində hesab açılmayıb, o birində 3 qol vurulub.

Elə ötən mövsüm də oxşar mənzərə olub: “Bakılı” – “Energetik” 7:1, “Ağsu” – “Bakılı” 7:1, “Bakılı” – “Turan Tovuz” 1:8...


Başa düşürük, futbol matçları bütün dünyada qumara qoyulur. I diviziondakı qumar düzəninin, örtülü bazarın dostluğu pozmadığının, əksinə möhkəmləndirdiyinin də fərqindəyik. Ancaq hər şeyin də bir həddi var...


Fanat.Az


 



Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-malayziyaya-kimlr-pas-atr-t53772.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR