Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

"Dedikləri kimi, vəhhabiyəmsə, gərək onları öldürüm" - FOTO

"Dedikləri kimi, vəhhabiyəmsə, gərək onları öldürüm" - FOTO

Date: 31 October 2016 13:32

"Avtostop" verilişinin aparıcısı Tural Yusifov qafqazinfo-ya müsahibə verib.

Milli.Az müsahibəni təqdim edir:

- Hər gün 3 saatlıq efirdə sualları cavablandırmaq sizi yormur ki?

- Yox, demək olar ki, öyrəşmişəm. Düzdür, bir az temp, dinamika var. Əslində bir az yox, çox dinamika var. Reklamlardan-reklama ayrılırıq, amma belə yorulmuruq. Bu mənim işimdir və pul qazanıram. Ona görə də yoruluram deməyə haqqım yoxdur.

- Dinlədiyim və feysbukda canlı izlədiyim qədərilə digər xəbər bloku, rubrika oxunan zaman da siz yerinizdə durmursunuz, hələ şərh də verirsiniz.

- Verilişimin əvvəlini şablon başlamaq istəmədiyim üçün çox vaxt sonuncu xəbərə şərh verirəm. Radio aparıcı hər dəfə efirə fərqli başlamalıdır ki, dinləyici yorulmasın. Radio televiziyadan daha çətindir. Televiziyada bir süjet verib heç danışmaya bilərsiniz, ancaq radioda mən 3 saat boyunca danışmalıyam və dediyim sözlər də məna yükü daşımalıdır. Əslində, radioda hər 15 dəqiqədən bir dinləyici dəyişməlidir. Çox insan verilişin 1-2 saatını radiodan dinləyib qalan 1 saatı da feysbukdan tapıb izləyir. Hətta 3 saat boyunca efiri dəyişməyənlər var. Artıq bu, bizim uğurumuzdur.

- Fikirləşmədən, qarşınızda hər hansı bir kitab və yaxud vərəqlər olmadan qanunları şərh edirsiniz. Hətta sentyabr ayından səhvinizi tutana pul mükafatı verəcəyinizi də demisiniz. Özünüzə bu qədər güvənirsiniz?

- Veriliş bu mövsümə hazırlaşanda bu, yeniliklərdən biri idi. Elə insanlar var ki, gündəlik olaraq efirimizi sırf səhv tutmaq üçün izləyir. Biz də onlara stimul olsun deyə fikirləşdik ki, səhvimizi güdürlərsə, üstünə də pul verək. Səhvimin tapılması mənim üçün yaxşı bir şeydir, biləcəm və gələn dəfə bu səhvi bir də təkrarlamayacam. Hər gün məbləğ 5 manat artır və bu gün uduş 70 manatdır. Kim istəyər cibindən 70 manat çıxarıb başqasına versin? Bu da məndə əlavə məsuliyyət yaradır. Özümə güvənmək də belədir ki, artıq neçə illərdir ki, bu işlə məşğul olduğum üçün beynim proqnozlaşdırılıb. Maraqlısı budur ki, yüzlərlə qanun-qayda ağlımda qalır, özüm tarixçiyəm, bütün rəqəmləri əzbər bilirəm, ancaq telefon nömrələri yaddaşımda qalmır ki, qalmır.

- Maşınlara olan böyük maraq bir tarixçini bu verilişə gətirib?

- Yox, sadəcə olaraq bazarda olan boşluqdan və işsizlikdən yaranıb. Belə ki, hərbi xidmətdən qayıdandan sonra ANS ÇM-də işə düzəldim. O vaxt həmin radio bir məktəb idi. Daha sonra Media FM-ə gedənə kimi 2010-cu ilin martın 21-dən avqustun 10-a kimi rəsmən işsiz qaldım. Həmin müddətdə bazarı araşdırırdım ki, görək nə var, nə yox. ANS-də işləyəndə "Svetofor" verilişini aparırdım və qaydaları bilmirdim. O vaxt mənə sual verəndə deyirdim ki, mənlik deyil, cümə günü Kamran müəllim gələndə cavablayar. Sonra o işsiz qaldığım ərəfədə qarşıma məqsəd qoydum ki, yol hərəkəti qaydalarını yaxşı öyrənəcəm və efir bazarına yeni bir layihə ilə gələcəm. Efirə dəvət olunan hüquqşunas da sualları cavablandırır, ancaq şablon cavablar dinləyicini yorur. Mən loru dildə və maraqlı danışmağa çalışıram. Efirə təzə-təzə başlayanda qarşımda qaydalar yazılmış kağızlar olurdusa, indi reklam mətnindən başqa heç nə olmur.

- Çox səhviniz olur?

- Hə, 2-3 dəfə olub və onların pulunu da vermişik. Bu, mütləqdir, çünki səhvsiz insan yoxdur. Bir var ki, mən dilində qüsur ola-ola efirə çıxıram, bu, səhv deyil, bu, çox böyük səhvdir, bir də var, texniki xəta edirəm. Bu, normaldır, axı biz də insanıq. Elə aparıcı tanıyıram ki, əvvəllər dil qüsuru olub, "r" hərfini deyə bilməyib, sonradan məşq edib, qüsuru aradan qaldırıblar və hazırda ən yaxşı radio aparıcılarındandır.

- Nəinki paytaxt, ölkənin bütün regionlarından sizə zənglər gəlir və hansısa kəsişmə, yol nişanları və s. ilə bağlı suallar verilir. Bu suallara cavab vermək üçün gərək azı o yoldan 2-3 dəfə keçəsən. Və məndə belə bir təəssürat yaranıb ki, Tural Yusifov boş vaxtlarında elə yolları gəzir.

- Küçələri yaxşı bilməyimi tələbəlik illərimə borcluyam. İndi də varlı deyiləm, ancaq o vaxt imkanımız daha aşağı idi. Hər gün evdən aldığım 1 manatla Hövsan qəsəbəsindən Elmlər Akademiyasına gedib gəlməli idim. Puluma qənaət etmək üçün mən şəhəri ayaqla gəzməyə başladım. "Elmlər"dən "28 May"a, İçərişəhərə, Sahilə - bir sözlə, müxtəlif yerlərə piyada getmişəm. Hətta 28 Maydan Binəqədiyə ayaqla getdiyim vaxtlar olub. Asta-asta, mahnı oxuya-oxuya, yollara baxaraq gedəcəyim mənzilə çatmışam. Bəlkə də tələbə illərində etdiyim müşahidə məndə fotoyaddaş yaradıb. Bilirəm ki, filan yolayrıcında nə var, nə necədir... İndi də hər gün ən azı 10 min addım atmaq üçün gəzməyə üstünlük verirəm. Bu, sağlam yaşamaq üçün lazım olan vasitələrdən biridir. Müəyyən yerlərə maşını parkinqdə saxlayıb ayaqla gedirəm. Yoldakı nişanlara baxıram, onları xəritə ilə müqayisə edirəm.

- Sizi dinlədiyim elə bir efir yoxdur ki, insanların gəzməmək problemindən gileylənməyəsiniz. Tıxacların da əsas səbəblərindən birini elə bunda görürsünüz.

- İnsanımız çox tənbəldir. İş mənasında da, maşın sürməkdə də, nəsə bir yenilik eləməkdə də. Avtomobil aldıqdan sonra fikirləşirlər ki, çörək almağa da onunla getmək lazımdır. Məktəblərin qarşısında vəziyyət daha pisdir. İmkan olsa, valideynlər sinif otaqlarına kimi uşaqları maşınla aparar. Düzü, bu tənbəlliyi də yol polisləri stimullaşdırır. Çünki onlara cərimə yazılmır. Gərək biz bu məsələni efirdə şişirdək, videosunu çəkək, obrazlı dildə danışaq ki, rəisləri onları çağırıb "a kişi, sizdən danışırlar, gedin məsələni həll edin, sussun", - deyə danlasın. Ondan sonra nəsə bir iş görəcəklər.

- Belə başa düşdüm ki, efirə görə bir çox yol polisi əməkdaşları danlaq eşidib. Bu barədə sizə nəsə deyirlər?

- Hazırda mənim nömrəmi bilməyən yol polisi yoxdur. Birbaşa zəng vuranlar var. Elə olub ki, zəng vurub izah ediblər ki, vəziyyət əslində tam başqa cürdür. Biz də razılaşmışıq. Mənə görə danlandığını deyənlər də olub. Bu kimi hadisə Xocalı prospekti ilə bağlı baş vermişdi. Mən iki sıra saxlanmağa görə danışırdım, hər dəfə də Xətai rayon yol polislərinin adını çəkirdim. Axırda zəng vurub dedilər ki, oraya Şəhər Yol Polisi İdarəsi nəzarət aparır, onları çox qınamayım. Daha sonra mən rakursu dəyişdim və başladım idarənin işçilərini qınamağa. Hətta bu yaxınlarda yol polisi zəng etmişdi ki, sürücünü başa sala bilmirlər, deyir ki, Tural belə deməyib. Telefonda mən onunla danışıb izah etdim ki, həqiqətən qaydanı pozub. Çünki bəzən bizim dediklərimiz kontekstdən çıxarılır və tam yanlış anlaşılır.

- Bəs siz heç yol hərəkəti qaydasını pozmusuz?

- Birinci qayda pozuntusu Yusif Səfərov küçəsindəki radarda olmuşdu, onu da özüm bilə-bilə etmişdim. Video da hazırlamışdım. Sonuncu dəfə də Şəmkirdə yoxlamaq üçün 110-la getdim, 124-lə mənə radar gəldi. Onda başa düşdük ki, radar 14 km/saat xəta edir. Ancaq başqa cür olmayıb. Adicə olaraq, mənim maşınıma minən şəxs kəməri bağlamamış mən avtomobili işə salmıram.

- Layihəniz radioda kifayət qədər uğur qazansa da, televiziyada ömrü uzun olmadı. Səbəbini maliyyə çətinliyi olaraq açıqladınız.

- Öz gücümüzə 92 veriliş edə bildik. Verilişin cəmi bir sponsoru var idi. Onların verdiyi pulla da televiziyanın xərclərini ödəyirdik. Bizə bircə qəpik də qalmırdı. Verilişin operatoru, montajçısına şəxsi büdcəmdən pul verirdim. Belə deyək, radioda qazandığım pulu ailəmdən bir az kəsib ona edirdim. Bir müddət veriliş hətta sponsorsuz efirə getdi. 6-7 ay televiziyaya borclu qalmışdım. Azərbaycanda elə bir veriliş heç vaxt olmayıb və mən etməsəm, bundan sonra olacağına da inanmıram. Etsələr də, 2 qalstuklu şəxsi oturdacaqlar, məsələləri müzakirə edəcəklər. Ancaq lazım olan, situasiyalarla göstərmək onlarda olmayacaq. Radio verilişimiz də ölkəmizdə ilk və yeganə verilişdir ki, sırf sürücülərin maarifləndirilməsinə yönəldib. Mən işim üçün həm Bakıda, həm də Türkiyədə qəza əleyhinə kurslarda iştirak etmişəm, artıq üçüncüsünə hazırlaşıram. Biz sırf qəza əleyhinə məsələlərdən danışırıq və əsas üstünlüyümüz budur. Hər gün çox demirəm, bir insanı qəzadan qurtara biliriksə, bu artıq nailiyyətdir. Biz bütün situasiyaları o qədər xırdalayırıq ki, dinləyicinin heç kursa getməsinə ehtiyac qalmır.

- Radioda kifayət qədər sponsorunuz var, hətta 15 dəqiqə boyunca sponsorlardan danışdığınız olur. Bəs nə əcəb televiziyada sponsor tapmaq çətin oldu?

- Radioda reklamın effekti daha çox olduğu üçün reklamçılar televiziyaya reklam verməkdə maraqlı deyillər. Bizim veriliş bazar günü səhər saat 11-də gedirdi. Hansı ki, o vaxt televiziya qarşısında uşaqlar və qadınlar olurlar. Reytinq cədvəlində eyni vaxtda gedən cizgi film və yaxud hind serialı bizdən daha yüksəkdə idi. Hazırda televiziyalar yerli istehsalçıdan veriliş almağa maraqlı deyil. Ona görə də, ayaqyalın rəqs edənlər və kabab bişirənlər daha reytinqlidir.

- Deyəsən, radioda da eyni halları müşahidə etmisiniz ki, səmərəli bir radio açmaq planınız var.

- O fikrim bir az yanlış anlaşıldı. Hazırda bir neçə maraqlı radio verilişlər olsa da, ancaq Azərbaycanda radio bazarı kifayət qədər boşdur. Hər hansı bir uğurlu layihə çox gözəl qarşılana bilər. Ona görə də həmkarlarım nədənsə gileylənəndə mən anlaya bilmirəm. Mənim verilişim 3 saatlıq monoloqdur. Elə vaxt olur ki, 10 dəqiqə hansısa bir qaydanı izah edirəm. Amma kifayət qədər dinləyicim olur. Bir də var ki, standart olaraq bir qonaq çağırıb onun həyatından danışırıq və yaxud illərdir qoyulan mövzuları müzakirə edirik. Bu verilişlərin nə mənəvi, nə də ki iqtisadi səmərəsi var. Mənim üçün radioda qonaqla ən maraqlı danışan aparıcı DJ Fatehdir. Onu dinləyəndə başa düşmək olur ki, aparıcı efirə hazırlaşıb. Prodüseri də çox güclüdür. Hər dəfə fərqli qonaqlar tapır və efir çox maraqlı alınır. Yoxsa bizdə hansı mediaya baxsan, eyni adamları görürsən.

- Verilişinizin şapkasında maraqlı bir cümlə var: "Hər futbolçu Messi, hər veriliş də "Avtostop" ola bilməz". Görünür, "Barcelona" azarkeşisiz.

- Azərbaycanda "Neftçi", baxmayaraq ki, hazırda turnir cədvəlində elə də yaxşı yerdə deyillər, Türkiyədə isə "Beşiktaş" azarkeşiyəm. Ümumilikdə, 1991-ci ildən "Barselona"nın oyunlarını izləyirəm.

- Sadaladığınız klublardan belə başa düşdüm ki, tarixi klubları sevirsiniz.

- Bəli, tarixi, kökü, fəlsəfəsi olan klubları sevirəm. İnsan Messinin oyununa baxanda sadəcə ləzzət alır. Balaca bir insan topu götürür, 11 nəfərin arasından keçir və qol vurur. Verilişimizi də o yöndə edirik. İnsan gərək brend olmağı, öz işini qurmağı bacarsın. Götürək elə Salyandakı qurbağasatanı. İldə bir dəfə Fransaya qurbağa vurur və pul qazanır. O, artıq öz kiçik biznesini qurub. İnsanımızın pis cəhəti odur ki, tez bir zamanda milyoner olmaq istəyirlər. Vergi və digər məsuliyyətlərdən yayınmağa çalışırlar. Bununla da bir yol qət edə bilmir.

- Bir kinoman olaraq son dövrlərdə ölkəmizdə çəkilən filmləri necə, bəyənirsinizmi?

- Mən heç vaxt pulsuz kino təqdimatlarına getmirəm. Biletimi alıram, gedib baxıram. Hazırda çəkilən filmlər kommersiya filmləridir. Kann festivalında mükafat qazanan filmlər heç vaxt kassalarda satılan filmlər olmur. Onlar sənət üçün çəkilən filmlərdir və çox adam onu anlamır. Hazırda bizim istehsal olan komediya filmlərindən qurşaqaltı zarafatlardan istifadə olunmayan, real həyata əsaslanan yeganə film "Oğlan evi"ni daha çox bəyənmişəm. Digər komediyaların hamısına baxmışam. Dekabrda "Oğlan evi-2" filmində mənim səsim də var. Filmin qəhrəmanı "Avtostop"a zəng vurur.

- Həyat yoldaşınız da hazırda ölkəmizin ən tanınmış videobloqerlərindən biridir. Ailəarası bir rəqabət var, yoxsa daha çox dəstək olmağa çalışırsınız?

- Bizim evdə kiçik bir səsyazma və foto-video studiyamız var. Səmanın ilk videolarının çəkəni və montajçısı mənəm. Amma indi özü çəkir, montaj edib təhvil verir. Hər zaman bir-birimizə kömək edirik. Bizim uğurumuz qarşılıqlı köməyin nəticəsidir. Bəlkə də, heç birimiz bu işi tək bacarmazdıq. Yoldaşım hazırda yutubda elə brendlərlə işləyir ki, məndə heç elə sponsorlar yoxdur.

- Yeri gəlmişkən, hər ikiniz reklam bazarını yaxşı bilirsiniz. Ancaq artıq nə yazsanız, tərif etsəniz, onu reklam adlandıranlar da var. Elə götürək bu "SOCAR" məsələsi.

- "SOCAR"da reklam deyil, sadəcə qurum bizə təklif etdi ki, gəlin baxın, görün bizdən kimlər benzin alır. Axı belə bir söz var ki, filan yerdə yaxşıdır, filan yerdə pis. Bütün ölkəyə benzini eyni şirkət verirsə, özünə necə pisini saxlayar. Biz də maraqlı olduğu üçün təklifi dəyərləndirdik, çəkdik. İndi də deyirlər ki, reklam üçün etmişəm.

- Bildiyim qədər, içki və siqaretə qarşısınız. Hətta efirə zəng vuran şəxslər də içkili olduğunu deyəndə sizdən şiddətli töhmət alır.

- Bəli, içmirəm, çəkmirəm. Verilişdə əgər sürücü olaraq içkili vəziyyətdə saxlandığını deyirsə, mən bilmirəm onun neçə yaşı var, kimdir, məndən böyükdür, ya yox, mütləq efirdə utandırıram. Birbaşa üzünə deyirəm ki, ayıb olsun. Çünki içib sükan arxasına əyləşmək ayıbdır. Harada və necə içdiyini, evə hansı vəziyyətdə gedəcəyini özün bilərsən, amma sükan arxasına içkili vəziyyətdə əyləşmək olmaz. Heç uzağa getmirəm, oğlum çörək almağa gedəndə onu vura bilərsən. Artıq peşman olmağı mənim dərdimi azaltmayacaq. Bizim verilişin təməl qaydaları odur ki, kolbasa, xəz dəri, qazlı içkilər, cips, tum, restoran, kafe reklamları səsləndirmirik. Hətta bütün reklamçıların verdiyi ümumi məbləğdən çox pul təklif edənlər olub. Demişik ki, yox. Mən tum reklam edə bilmərəm, mənə görə, tum çırtlamaq avaralığın simvoludur və mən avaralığı təbliğ etmək istəmirəm. Xəz dərilərə birbaşa qarşıyam. Deyirlər ki, bu sünidir, bəs sünidirsə, bunu niyə aldırım? 6 ildir, kolbasa yemirəm, qazlı, spirtli içkilər içmirəm, ona görə də eləmədiyim şeyi dinləyicilərimə bəh-bəhlə tərifləyə bilmərəm. Artıq bu, ikiüzlülükdür.

- Bəlkə də bu səbəbdən sizin vəhhabi olduğunuzu deyənlər var.

- Vallah, Azərbaycanda kimin kimdən xoşu gəlmir, onu ya vəhhabi, ya da nurçu adlandırır. Mən mömin insanam, 2009-cu ildən ibadətdəyəm. Amma indiyə kimi heç kimi dini əqidəsinə, dini baxışlarına görə qınamamışam. Mənim öz baxışım var, başqasının öz. Düzünü Allah bilir. Dini, milli, irqi, cinsi ayrımçılıq etmədən həyatımı düz yaşamaq istəyirəm. Əgər dedikləri kimi vəhhabiyəmsə, gərək onları öldürüm. Amma mən hələ belə bir şey etməmişəm.

Milli.Az







Tags:  Dedikləri vəhhabiyəmsə onları öldürüm FOTO

RƏYLƏR


Top news