Əflatun Amaşov: “Əhməd İmamquliyevin arzuladığı hədəflərə çatacağına əminəm”

Əflatun Amaşov: “Əhməd İmamquliyevin arzuladığı hədəflərə çatacağına əminəm”
13:43 31 Oktyabr 2016
32 Ölkə
Ölkə mətbuatı
A- A+

Milli Məclisin Azərbaycan-Gürcüstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Mətbuat Şurasının sədri Əflatun Amaşov ötən gün Gürcüstanda keçirilən parlament seçkilərinin II turunun nəticələrinə münasibət bildirib.

Ə.Amaşov Publika.az-a açıqlamasında deyib ki, seçkilər ciddi mübarizə şəraitində keçib:

“Azərbaycan-Gürcüstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri kimi mən də Gürcüstanda keçirilən parlament seçkilərinin II turunun nəticələrini səbirsizliklə gözləyirdim. Diqqətim daha çox Marneulidəki 36-cı birmandatlı seçki dairəsinə yönəlmişdi. İlkin nəticələrə görə, “Gürcü Arzusu” partiyasının irəli sürdüyü namizəd Tamaz Naveriani daha çox səs toplayıb. Həmyerlimiz Əhməd İmamquliyevə səs verənlərin sayı isə xeyli az olub. Əlbəttə ki, bu bir yarışdır. Mən Tamaz Naverianini təbrik edirəm, Əhməd İmamaquliyevə isə səbir diləyirəm. Hələ Əhmədi irəlidə xeyli bu cür imtahanlar gözləyir. Əminəm ki, Əhməd İmamquliyev gələcəkdə səbri, gərgin zəhməti və xüsusi bacarığı sayəsində arzuladığı hədəflərə çatacaq”.

Dünən Gürcüstanda parlament seçkilərinin II turu başa çatıb. Azərbaycanlıların kompakt yaşadığı Marneuli rayonunda “Vahid Milli Hərəkat” partiyasının azərbaycanlı namizədi Əhməd İmamquliyev I turda qalib gəlsə də, II turda nəticələr hakim “Gürcü arzusu” partiyasının namizədi Tamaz Naverianinin xeyrinə dəyişib.

Vasif Həsənli


Xəbərin orijinal ünvanı: http://publika.az/news/nida/174166.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR