Səhiyyə Nazirliyi Lənkəran, Lerik və Astaradakı səhiyyə müəssisələrinə mediaturlar təşkil edib

Səhiyyə Nazirliyi Lənkəran, Lerik və Astaradakı səhiyyə müəssisələrinə mediaturlar təşkil edib
14:42 31 Oktyabr 2016
28 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 31 oktyabr. REPORT.AZ/ Səhiyyə Nazirliyi regionlarda fəaliyyət göstərən səhiyyə müəssisələrində aparılan yenidənqurma işləri ilə ictimaiyyəti tanış etmək məqsədilə mediaturlar təşkil edir.
“Report”un məlumatına görə, növbəti mediaturun ünvanları Lənkəran Müalicə Diaqnostika Mərkəzi, Lerik və Astara Rayon Mərkəzi xəstəxanaları olub.
Jurnalistlərin ilk baş çəkdiyi səhiyyə ocağı Lənkəran Müalicə Diaqnostika Mərkəzi olub. Mərkəzin fəaliyyəti barədə məlumat verən baş həkimin müavini Ağəli Əliyevin sözlərinə görə, Lənkəran və ətraf rayonların əhalisinə xidmət edən müəssisə ən müasir tibbi avadanlıqlarla təchiz edilib: “Mərkəzdə əhaliyə dializ, stasionar əməliyyat, cərrahiyyə, reanimasiya, şüa-diaqnostika, poliklinika şöbələri xidmət edir. Bu gün Mərkəzdə müalicə və müayinə ilə yanaşı, müxtəlif səpkili əməliyyatlar da icra olunur. Bura açıq ürək əməliyyatları da daxildir. Mərkəz il ərzində 100 mindən artıq xəstəyə xidmət edir. Mərkəzdə mövcud olan hemodializ şöbəsində hazırda 100 xəstə müalicə alır, 15 hemodializ aparatı var”.
A.Əliyev deyib ki, hər bir regionun spesifik sağlıq problemi olduğu kimi, Lənkəran bölgəsində də əsasən ürək, qan-damar, mədə-bağırsaq sistemi xəstəlikləri daha çox qeydə alınır: "Mərkəzdə 49 həkim, 93 orta tibb işçisi, 92 nəfər texniki işçi çalışır. Son illər ana-uşaq ölümü halları Lənkəranda da azalıb".
Tədbir zamanı Lənkəran Müalicə Diaqnostika Mərkəzində Respublika Müalicəvi Diaqnostika Mərkəzinin (RMDM) ezam olunan geniştərkibli həkim heyəti tərəfindən əhalinin müayinə və müalicəsi aparılıb.
Media nümayəndələrinin baş çəkdiyi növbəti səhiyyə ocağı Lerik Rayon Mərkəzi Xəstəxanası olub. Baş həkim Mübariz Ağayev qeyd edib ki, tibb ocağı 81,6 min nəfərlik əhaliyə yüəksək səviyyədə tibbi xidmət göstərir: “90 çarpayılıq mərkəzi xəstəxana əhaliyə ambulator və stasionar tibbi xidmət göstərir. Burada əhaliyə Konsultativ poliklinika, Terapiya, Cərrahiyyə, Doğum, Uşaq xəstəlikləri, Təcili və təxirəsalınmaz tibbi yardım şöbələri xidmət edir. Lerik rayonunda 1 mərkəzi, 6 kənd xəstəxanası fəaliyyət göstərir. Lerik RMX-da 57 həkim, 182 nəfər orta tibb işçisi çalışır. Ancaq hazırda xəstəxanada ümumilikdə 40-a yaxın həkimə ehtiyac var. Xəstəxanada əsasən gənc, yeni tibbi biliklərə malik cərrahlara, anestezioloq, reanimatoloqa ehtiyac var. Rayonumuzda başqa yerdən işləməyə gələn gənc həkimlərə stimul olaraq maaşdan əlavə kompensasiya və kommunal şəraitini yaxşılaşdırmaq üçün icra hakimiyyəti tərəfindən torpaq sahəsi də verilir”.
Baş həkim bildirib ki, Lerikdə respublika səviyyəsində uşaq ölümü iki dəfə aşağıdır: “Son 5 ildə ana ölümü baş verməyib. İqlim və sağlam qidalanma ilə bağlı olaraq Lerikdə əhalinin əksəriyyəti sağlamdır, amma burda da ən çox ürək-damar xəstəlikləri birinci yer tutur”.
Jurnalistlər daha sonra Astara Mərkəzi Rayon Xəstəxanasına baş çəkiblər. Baş həkim Əlövsət Əliyev deyib ki, xəstəxana yüksək beynəlxalq standartlara cavab verən müasir tibbi avadanlıqlarla və zəruri ixtisaslı kadrlarla təmin olunub: “Xəstəxananın həkim və tibb işçilərindən ibarət səyyar briqadalar rayonun ən ucqar dağlıq ərazisində yerləşən kəndlərdə yerli əhalinin yüksək səviyyədə tibbi müayinə və müalicəsini aparır. Xəstəxanada 8 şöbə fəaliyyət göstərir. Şöbələrə qəbul, cərrahiyə, ginekologiya, hemodializ, infeksion, təcili yardım, rentgenologiya və terapiya şöbələri daxildir. Ay ərzində xəstəxanaya 250-300 xəstə müraciət edir. Mərkəzi xəstəxanada 131 çarpayı mövcuddur. 15 çarpayılıq 4 kənd xəstəxanası var. Bundan başqa, rayonumuzda 11 tibb məntəqəsi var. Xəstəxanada müasir tələblərə cavab verən hemodializ şöbəsində 17 xroniki böyrək çatışmazlığı olan xəstələr həftə ərazində üç seans olmaqla hemodializ alır və bütün dərmanlar dövlət tərəfindən təchiz olunur”.
Baş hakim əlavə edib ki, xəstəxanada 136 həkim ştatı olsa da, hazırda 91 həkim çalışır: "Ümumilikdə 45 həkim çatmır. Əsasən onkoloq, nefroloq, uroloq ixtisasları üzrə həkimlərimiz yoxdur. Xəstəxanada kardioqramma aparatı, kardiotestrlər və exokardioqramma aparatları çatmır. Onların da alınması istiqamətində işlər aparılır. Cənub bölgəsində uşaq ölümlərinin sayı 2-3 dəfə aşağı səviyyədədir, ana ölümləri isə son illər aparılan uğurlu siyasət nəticəsində azalıb”.
Ə.Əliyev vurğulayıb ki, Astara İranla sərhəd bölgə olduğundan əvvəl sakinlərin çoxu İrana müalicəyə getmək üçün müraciət edirdilər, amma səhiyyədə olan inkişaf bu kimi halların qarşısını alır: “Astara bölgəsinin sakinləri üçün əsasən ürək, qan-damar, böyrək, revmatizma xəstəlikləri xarakterikdir. Səhiyyə Nazirliyinin rəhbərliyi ilə xəstəxanamızda ilk dəfə olaraq böyrəkköçürmə əməliyyatı aparılıb və uğurla nəticələnib”. 






















Xəbərin orijinal ünvanı: http://report.az/sehiyye/sehiyye-nazirliyi-lenkeran-lerik-ve-astaradaki-sehiyye-muessiselerine-mediaturlar-teskil-edib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR