Aydın Əliyev Almaniya səfirini qəbul edib

Aydın Əliyev Almaniya səfirini qəbul edib
15:04 31 Oktyabr 2016
31 Digər
Ölkə mətbuatı
A- A+

 

Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyev Almaniya Federativ Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mixael Kindsqrabı qəbul edib.

 

Komitədən Lent.az-a verilən məlumata görə, qonağı səmimiyyətlə salamlayan Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev ilk olaraq diplomatı yeni təyinatı münasibətilə təbrik edib, ona gələcək fəaliyyətində uğurlar arzulayıb.

 

Azərbaycan ilə Almaniya arasında uzun tarixə malik olan ikitərəfli əlaqələrdən məmnunluqla söhbət açan DGK sədri bu əməkdaşlığın müxtəlif sahələrdə uğurla inkişaf etdiyini vurğulayıb, istər siyasi, iqtisadi, istərsə də mədəni əlaqələrin hazırkı durumunu yüksək qiymətləndirib. Əməkdaşlıq sferasının bundan sonra daha da genişlənəcəyinə əminliyini ifadə edib.

 

Azərbaycanla Almaniya arasında əlaqələrin müxtəlif istiqamətlərdə, o cümlədən gömrük işi sahəsində genişləndirilməsi üçün böyük potensialın olduğunu vurğulayan DGK sədri A.Əliyev hələ 2007-ci ildə Almaniya Federativ Respublikası Gömrük İdarəsinin nümayəndə heyətinin Azərbaycana səfərini məmnunluqla xatırlayıb, bu səfərin, eləcə də o zaman imzalanan sənədin iki ölkənin müvafiq qurumlarının qarşılıqlı əməkdaşlığında yeni bir səhifə olduğunu bildirib. Ümumilikdə bu sahədə prespektivlərdən danışıb, təcrübə mübadiləsinin əhəmiyyətini önə çəkib.

 

Azərbaycan Gömrük Xidməti tərəfindən kadr potensialının gücləndirilməsi işinə xüsusi önəm verildiyini diqqətə çatdıran DGK sədri A.Əliyev Almaniyanın dünyaca məşhur təhsil ocağı olan Münster Universiteti ilə mövcud əməkdaşlıq əlaqələrindən də bəhs edib. Azərbaycanda keçirilmiş Ümumdünya Gömrük Təşkilatının 10-cu illik PICARD  konfransında, eləcə də “Gənclərin Dialoqu - Beynəlxalq gömrük əməkdaşlığının genişləndirilməsi yolu ilə potensialın artırılması” mövzusunda Beynəlxalq Tələbə Konfransında  bu ali təhsil müəssisəsinin nümayəndələrinin iştirakını münasibətlərin daha da genişləndirilməsinə verilən önəmli töhfə kimi dəyərləndirib.

 

İstər büdcə gəlirlərinin formalaşmasında, istərsə də iqtisadi təhlükəsizliyin təmin edilməsində gömrük orqanlarının rolundan danışan komitə sədri son zamanlar aparılan islahatlar barəsində qonağı ətraflı məlumatlandırıb. 2016-cı ilin sonuna iki ay qalmasına baxmayaraq, gömrük orqanları tərəfindən büdcə proqnozunun yerinə yetirildiyini qeyd edib, cari ilin müvafiq dövrü ərzində narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə istiqamətində həyata keçirilən tədbirlərdən danışmış, xüsusilə 1100 kq-dan artıq  narkotik vasitə-heroinin  aşkarlandığını, Almaniyanın “Smith Heimann” şirkətinin istehsalı olan avadanlıqların bu faktların aşkarlanmasında çox böyük faydası olduğunu bildirib.

 

Səmimi qəbula görə təşəkkürünü bildirən Almaniya Federativ Respublikasının fövqəladə və səlahiyyətli səfiri Mixael Kindsqrab Azərbaycanda səfir kimi fəaliyyət göstərməsindən şərəf duyduğunu, tanışlığın onda xoş təəssüratlar yaratdığını ifadə edib. Ölkələr arasında əlaqələrin hazırkı durumunu yüksək qiymətləndirən səfir iqtisadi sferada münasibətlərin daha da genişləndirilməsinin vacibliyini önə çəkib, bunun üçün geniş imkanların mövcud olduğunu bildirib, gömrük sferasında aparılan islahatlardan razılıqla söhbət açıb.

 

Almaniya Federativ Respublikası ilə Azərbaycan Respublikası arasında gömrük müstəvisində əməkdaşlıq əlaqələrinə nəzər salan Mixael Kindsqrab iki ölkənin aidiyyəti qurumlarının birgə əməkdaşlığının daha da dərinləşməsi və intensivləşdirilməsi ilə bağlı proseslərdə yaxından iştirak  edəcəyini diqqətə çatdırıb.

 

Görüşdə qarşılıqlı maraq doğuran bəzi məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/258167

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR