Sürüşmə sahələrində vəziyyət AÇIQLANIB

Sürüşmə sahələrində vəziyyət AÇIQLANIB
17:22 31 Oktyabr 2016
30 Ölkə
Ölkə mətbuatı
A- A+

Respublika ərazisində mühüm sürüşmə sahələrində olan vəziyyət açıqlanıb.

Milli.Az bildirir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov APA-ya deyib ki, oktyabrda respublika ərazisində ekzogen-geoloji proseslərin baş verdiyi 77 sahədə müşahidələr davam etdirilib.
 
O bildirib ki, cənub zonasında mövcud olan bütün sürüşmə sahələrində aktivlik müşahidə olunur: "Astara rayonunda Kijəbə sürüşmə sahəsində atmosfer yağıntılarının təsirindən nisbi aktivlik qeydə alınıb, sürüşmə sahəsində mövcud olan çatların parametrlərində genişlənmələr olub. Deqədi-Pəlikəş avtomobil yolunun 5, 7, 8 və 10-cu km-də sürüşmə sahələrində ay ərzində uçqun və sürüşmə prosesinin dinamikasında aktivlik qeydə alınıb, yolboyu yeni sürüşmə sahələri yaranıb. Motlayataq və Miki sürüşmə sahələrinin dinamikasında aktivlik baş verib. Lerik rayonunda Veri-Əliabad yolunun sürüşmə sahəsində mövcud çatların ölçülərində artım qeydə alınıb. Lənkəran-Lerik yolunun 27-29-cu km-dəki sürüşmə sahələrində atmosfer yağıntılarının təsirindən sürüşmə-uçqun baş verib, hazırda ərazidə aktivlik davam edir. Eyni zamanda, Lənkəran-Lerik yolunun 45-47-ci km-də Günəşli kəndi ərazisində mövcud olan qədim sürüşmə sahəsində uzun illərdir stabillik davam etsə də, sahədə aparılan yol bərpa-tikinti işlərinin nəticəsində və atmosfer yağıntılarının təsirindən aktivləşib, sürüşmə sahəsinin parametrləri genişlənib. Lənkəran-Lerik yolunun 17-19-cu km-də sürüşmə sahəsində atmosfer çöküntülərinin təsirindən aktivlik müşahidə olunub. Lənkəranda Horavenç və Gəgiran sürüşmə sahələrində ay ərzində nisbi aktivlik qeydə alınıb. Masallı rayonundakı Güllütəpə sürüşmə sahəsində aktivlik müşahidə olunur. Masallının Zuvand sürüşmə sahəsinin dinamikasında aktivlik baş verib, nəticədə kəndə gedən yolun girişi tam bağlanıb".
 
Ekspedisiya rəisinin sözlərinə görə, Tovuzda Qəribli, Gədəbəydə Şahdağ, Pirdağ, Arıqıran və Əyridərə, Göygöldə Dozular, Daşkəsəndə Alunitdağ və Xızı-Altıağac sürüşmə sahələrində aktivlik müşahidə edilir: "Bundan başqa, Siyəzənin Sədan kəndində eyni adlı sürüşmə sahəsində ciddi aktivləşmə qeydə alınıb. Quba rayonunda Quba-Xınalıq yolunun 37-46-cı km, Quba-Qonaqkənd avtomobil yolunun 37-40-cı km, Qusar-Sudur avtomobil yolunun 37-ci km-dəki mövcud sürüşmə sahələrinin dinamikasında və  Qobustanda Poladlı sürüşmə sahəsi aktivlik müşahidə olunur".
 
Ə. Qaralov qeyd edib ki, Şamaxı rayonu ərazisində Bakı-Şamaxı avtomobil yolunun 106-111-ci km bir neçə yerdə uçqun-töküntü baş verib, sürüşmə sahəsindəki çatlarda artım qeydə alınıb: "Bakı-Ağsu magistral avtomobil yolunun 132-156-cı km-də çatlarda da genişlənmələr müşahidə olunub. Muğanlı-İsmayıllı avtomobil yolunun 2-11, 23-24, 27-29-cu km-dəki sürüşmə sahələrində yolboyu ağır tonnajlı avtomobillərin hərəkəti və atmosfer yağıntılarının təsiri nəticəsində ərazidə aktivlik yenə də qalmaqdadır. Basqal-Sulut avtomobil yolunun 10-cu km-də çatlarda genişlənmə baş verib. Qeyd etməliyəm ki, İsmayıllıda bu ay iki yeni sürüşmə sahəsi yaranıb".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/484983.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR