Azəravtoyol: "Problemli yolların əksəriyyəti sovet dövründə inşa edilib"

Azəravtoyol: "Problemli yolların əksəriyyəti sovet dövründə inşa edilib"
17:27 31 Oktyabr 2016
32 Ölkə
Ölkə mətbuatı
A- A+

"Azərbaycanda avtomobil yolları relyefə uyğun tikilir".

Milli.Az bildirir ki, bunu Trend-ə "Azəravtoyol" ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli deyib.

A.Nəcəfli qeyd edib ki, yol inşa olunmazdan əvvəl tras, yəni A nöqtəsindən B nöqtəsinə qədər çəkiləcək yol müəyyənləşdirilir: "Sonra həmin trasa uyğun olaraq geologiya işləri həyata keçirilir və ərazidəki qruntların tərkibi və növü "Azəravtoyol" ASC-yə məxsus elmi tədqiqat institutu və Fövqəladə Hallar Nazirliyinin laboratoriyalarında müəyyən edilir, buna uyğun da layihə hazırlanır. Elə hallar olur ki, tikiləcək yolun keçdiyi ərazi sürüşmə zonasına düşür. Amma bu o demək deyil ki, oradan yol keçirsə, həmin yolda problem olacaq. Bunun üçün qabaqlayıcı tədbirlər görülür, istinad divarlarının inşası, drenaj sisteminin qurulması və başqa mühəndis qurğularının tikintisi layihəyə salınır. Məsələn, Bakı Dairəvi yolu sürüşmə zonasındadır. Bu yol çətin relyefə malik bir hissədən keçir. Ona görə də orada qabaqlayıcı tədbirlər görülüb".

ASC rəsmisi əlavə edib ki, yolun tikintisindən əvvəl yol layihəsi üçün bütün aidiyyəti qurumların, dövlət təşkilatlarının razılığı mütləqdir: "Yolun layihəsi əvvəlcə Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Baş Dövlət Yol Polisi İdarəsi, "Azəriqaz", "Azərsu", Fövqəladə Hallar Nazirliyi və digər qurumlarla razılaşdırılır. Sonra Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Dövlət Ekspertiza Baş İdarəsində rəy hazırlanır. Əgər layihədə nöqsan varsa, onun aradan qaldırılması üçün tapşırıq verilir. Bu qurumun rəyindən sonra yol üzrə inşaat işlərinə başlanılır".

Qurum sözçüsü bildirib ki, çəkilişində səhvlərə yol verildiyi deyilən yolların əksəriyyəti sovet dövründə tikilib.

A.Nəcəflinin sözlərinə görə, sürüşmənin ən aktiv olduğu yollardan biri - Ağsu aşırımının yenidən qurulmasına külli miqdarda vəsait lazımdır: "O yol yenidən qurulanda həmin ərazi aktiv sürüşmə zonası olduğu üçün orada lazımi mühəndis qurğuları inşa ediləcək. Bu gün biz Şamaxı yolunda yenidənqurma işləri aparırıq. Bu yolda da sürüşmə zonaları var. Genişləndirmə zamanı müəyyən mühəndis qurğuları inşa olunacaq".

Cəlilabad yolunda baş verən çökmə hadisəsinə gəlincə, A.Nəcəfli bildirib ki, həmin yol hələ "Azəravtoyol"un balansına verilməyib: "Bu yolun təmiri üçün 2013, 2014 və 2015-ci illərdə rayon icra hakimiyyətinə vəsait ayrılıb və yol inşa işləri icra hakimiyyətinin hansısa özəl şirkətlərlə müqaviləsi əsasında görülüb. 2016-cı ildən etibarən bütün bu işlər bizə həvalə olunub və "Azəravtoyol" ASC həmin yolun müəyyən bir hissəsində tamamlanma işlərini həyata keçirib".

Qeyd edək ki, bundan əvvəl AMEA Coğrafiya İnstitutunun şöbə müdiri Nəriman Paşayev Azərbaycanda sürüşmələrin baş verdiyi avtomobil yollarının əksəriyyətinin çəkilişində böyük səhvlərə yol verildiyini bildirib.

N.Paşayev yolların çoxunun meşə sahələrindən, sürüşməyə meyilli ərazilərdə salındığını, istinad divarlarının olmadığını deyib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/484976.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR