Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

3 uşaq anasının qətlinə biganə qalan qadın deputatlar

3 uşaq anasının qətlinə biganə qalan qadın deputatlar

Date: 31 October 2016 19:23

Qəbələ rayonunun Kürd kəndində 1991-ci il təvəllüdlü 3 uşaq anası Verdiyeva Səbinə Məzahir qızı ötən gün həyat yoldaşı Xəyal Verdiyev tərəfindən xüsusi amansızlıqla qətlə yetirilib. Qadının ailəsinin verdiyi məlumata görə, Xəyal əvvəlcə onu boğub, sonra küt alətlərdən və bıçaqdan istifadə edilərək qətlə yetirib. Bunu S.Verdiyevanın bədənindəki kəsilmiş-deşilmiş yaralar da sübut edir.

Ailə iddia edir ki, qızını tək kürəkəni Xəyal Verdiyev deyil, oğlanın atası Xaliq Verdiyev və anası Dürdanə Verdiyeva birgə qətlə yetiriblər. İşin daha acı tərəflərindən biri S.Verdiyevanın öldürülərkən hamilə olmasıdır.

Publika.az Milli Məclisin qadın deputatlarının baş vermiş bu hadisəyə münasibətini öyrənib.

Millət vəkili Elmira Axundova bildirdi ki, o, bununla bağlı çoxdan həyəcan təbili çalıb: “Mən hələ bir il əvvəl ictimai təşkilatlara, kütləvi informasiya vasitələrinə müraciət etdim. Bildirdim ki, biz mütləq məişət zorakılığını aradan qaldırmalıyıq. Bununla bağlı xüsusi qanun qəbul etmişik. Lakin buna baxmayaraq məişət zorakılığı artır. Bilmirəm bununla daha necə mübarizə aparmaq lazımdır. Zəmanəmizin aqressivliyi, internetdə nümayiş etdirilən müdhiş görüntülər və digər faktorlar insanların şüuruna təsir göstərir. Amma daha bu dərəcədə yox da.

Hansı bəhanə olursa-olsun, 3 uşağın anasını, hamilə qadını öldürməyə heç nə ilə haqq qazandırmaq mümkün deyil. Bunun axırı hara gedir? Belə hadisələr haqda eşidəndə fikirləşirəm bəlkə, ölüm hökmünü yenidən bərpa edək. Bəlkə bəzi insanların belə ağır cinayətlərdən qorxması üçün ölüm cəzasının tətbiq edilməsi lazımdır? Bəlkə ölüm cəzası olsa, bəziləri belə əməllərdən çəkinər? Belə hadisələr təkrarlananda istəyirsən, həmin məsələni Milli Məclisdə qaldırasan”.

Millət vəkili hesab edir ki, istisna hallarda, belə cinayətlər baş verdikdə ölüm cəzası tətbiq edilməlidir: “Bəzən cinayətkarlar qətlə yetirdikləri insanları öldürməklə kifayətlənməyərək onun meyitini də parçalayırlar. Belələrinə hansı cəzanı verəsən? İyirmi il cəza verək, həbsxanada iyirmi il çörəyimizi yeyib yaşasın?

Son illər cəmiyyətdə çox dəhşətli hadisələr baş verir. Gah bu hadisənin əksi baş verir – qadın kişini öldürür. Onun meyitini bir neçə hissəyə parçalayır və aparıb haradasa basdırır. Bu, dəhşətli cinayətdir. Gah da belə hadisələr - kişi qadını amansızlıqla qətlə yetirir. Bu cəmiyyətin sonu hara gedir?

Hesab edirəm hüquq-mühafizə orqanları, icra hakimiyyətləri, müəllimlər bu işdə diqqətli olmalıdırlar. Hadisə kənd yerində baş verib. Yəqin bilirdilər ki, bu insanı incidirlər. Bəs valideynlər hara baxır? Hətta bir dəfə qızın burnunu sındırıblar. Niyə qızın valideynləri həyəcan təbili çalmırdılar?

Bilirsiniz, qadını o biri ailənin ixtiyarına buraxıblar. Belə çıxır ki, kəndlərdə qadınlar tam hüquqsuzdur, hə? Bəs onların hüquqlarını kim müdafiə edir? Ən azından regionlar üzrə qadınlar üçün sığınacaqlar tikilməlidir”.

O, hesab edir ki, sığınacaq olsaydı, heç olmasa bu qadın ora üz tutardı: “Məsələ müvafiq qurumların diqqətini cəlb edərdi. Həyat yoldaşını ora dəvət edərdilər. Onların arasında söhbət aparılardı. Bəlkə bundan sonra nəsə həll edilərdi.

Belə çıxır ki, qadın öz problemləri ilə təkbətək qalıb. Bu, çox pisdir və təhlükəlidir. Heç bilmirəm hansı çıxış yolunu göstərim. Bütün bunlar əlbəttə ki, avamlıqdan, savadsızlıqdan, işsizlikdən irəli gəlir. Bəzən kişi iş tapa, cəmiyyətdə özünü təsdiq edə bilmir. Belə olduqda acılarını, əzablarını qadının üstünə tökür. Bu xəbəri ürək ağrısı ilə oxudum. Belə hallara çox pis, ümidsiz baxıram.

Hesab edirəm belə hallar baş verdikdə cəmiyyətdə dözümsüzlük olmalıdır. Xatırlayırsınızsa, Türkiyədə də belə hadisə baş vermişdi. Onda bütün qadınlar küçələrə axışdı. Ondan sonra bəziləri bir qədər qorxub çəkindilər. Bəlkə bizdə də belə olsa, bunun müsbət nəticəsi olar. Axı nə vaxta qədər qadınları əzəcəklər? Olmaz axı”.

Mövzu ilə bağlı müraciət etdiyimiz digər millət vəkili Gövhər Baxşəliyevə jurnalist olduğumuzu bildikdə danışmaq imkanının olmadığını deyərək dəstəyi qapatdı.

Milli Məclisin digər deputatı Kamilə Əliyevanın da mövzuya münasibətini öyrənmək mümkün olmadı. Köməkçisi sualımızı eşitdikdən sonra bu barədə xanım deputatı məlumatlandıracağını və millət vəkilinin bizə zəng edəcəyini dedi. Lakin bu, baş vermədi.

Millət vəkili Jalə Əliyevanın məsələyə münasibəti maraqlı oldu: “Birmənalı olaraq deyirəm ki, bu, qəbulolunmaz hadisədir. Təəssüf ki, nə qədər müasirləşmədən, ailələrin təməlinin möhkəm olmasından danışsaq da, maarifləndirmə işi aparsaq da, cəmiyyət hələ də belə hallarla qarşılaşır. Belə hallar hər birimiz üçün ürək ağrısı ilə qarşılanan olaylardır. Adətən ailələrin qapalı dövlət olduğunu deyirlər. Hər ailənin strukturu, qayda-qanunu var. Amma bununla yanaşı, qəbul olunan və qəbul olunmayan məsələlər var. Düşünürəm ki, baş vermiş sonuncu hadisə də bir ailənin faciəsi deyil, ümumilikdə cəmiyyətin, hər bir fərdin problemi olaraq qarşılanmalıdır. Hüquq-mühafizə orqanları, qadın hüquqlarının müdafiəsi ilə məşğul olan qurumlar və ağsaqqallar buna bənzər hadisələrdə daha duyarlı olmalıdırlar. Onlar belə hadisələrə biganə qalmadan öz mövqelərini bildirməlidirlər. Cəmiyyətdə müxtəlif fərdlər var. Hər kəs eyni şəkildə tərbiyə görmür, maariflənmir. Amma hər halda belə halların qarşısının alınması və bir daha təkrarlanmaması üçün ziyalılar, qeyri-hökumət təşkilatları daha səfərbər iş aparmalıdırlar”.

Millət vəkili Məlahət İbrahimqızı xaricdə olduğunu, danışa bilməyəcəyini dedi.

Millət vəkili Ülviyyə Həmzəyeva bunu cəmiyyətin faciəsi adlandırıb: “Bu hadisə ən azı insafsızlıqdır. Biz bu gün müasir, estetik zövqü formalaşan bir cəmiyyətdə yaşayırıq. Belə bir hadisənin baş verməsi hamımıza toxunmalıdır və mən də bunu pis bir hal kimi qəbul edirəm. Bu həm də bir faciədir. Hesab edirəm ki, bu cür hallara qarşı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, insan hüquqlarını qoruyan aidiyyəti qurumlar yaxından maraqlanmalıdır. Həmin qurumlar ciddi şəkildə bu işlə məşğul olmalıdırlar. Dövlət tərəfindən bu hallarla bağlı bütün lazımı şərait yaradılıb. Həmin xanımın yaxınları həmin dövlət qurumlarına müraciət etməlidirlər. Bu bir qadın yox, cəmiyyətin faciəsidir. Artıq belə hallara qarşı ciddi münasibət olmalıdır”.

Deputat Sevinc Fətəliyeva xaricdə olduğundan onunla danışa bilmədik.

Millət vəkili Sevinc Hüseynova ilə dəfələrlə əlaqə saxlasaq da zənglərimizə cavab vermədi.

Deputat Pərvin Kərimzadə danışmaq istəmədi: “Mən müsahibə vermirəm”. Baş vermiş hadisə barədə ona məlumat versək də, münasibət bildirmək istəmədiyini dedi.

Millət vəkili Flora Qasımova: “Bu hadisə birinci deyil. Son zamanlar əri tərəfindən öldürülən, işgəncələrə məruz qalan qadınlarla bağlı hadisələrin sayı artıb. Düşünə bilmirəm ki, bütün bunların əsas səbəbi nədir. Bilmək olmur ki, bu hadisə ehtiyaca görə, yoxsa ehtiyyatsızlıqdan olub. Mənə elə gəlir ki, bu hadisə qayınata və qaynananın müdaxiləsi nəticəsində baş verib. Çünki oğlan və qız bir-birini istəyiblər. Qayınata və qayınananın ailəyə qarışması böyük faciə və 3 uşağın yetim qalması ilə nəticələnib. Öldürülən qadın da hamilə imiş.

Adətən, bu cür hadisələr müxtəlif səbəblərdən ola bilər. Eləsi var ki, içki və narkotik maddə aludəçisi olduğu üçün öz həyat yoldaşını öldürür, eləsi də var qısqanclıqdan edir. Mən bu hadisəni böyük ailə faciəsi hesab edirəm. Bütün bu kimi hadisələrin qarşısını almaq üçün yerlərdə maarifləndirmə tədbirləri daha çox təşkil olunmalıdır, bu istiqamətdə təbliğat kampaniyası aparılmalıdır. Mən bu hadisəni qınayıram, pisləyirəm. Təklif edirəm ki, bu istiqamətdə rayon və şəhərlərdə maarifləndirmə tədbirlərinin sayı artırılsın”.

Millət vəkili Sahibə Qafarova: “Bu, çox dəhşətli və pis hadisədir. Təbii ki, bu cür hadisələri təkcə qınamaq lazım deyil, ilk növbədə bunun qarşısı alınmalıdır. Bu məsələnin həlli üçün orta məktəb səviyyəsində tərbiyə olunmaqdan başlanılmalıdır. Qadın hüquqlarını qorumaq lazımdır. Azərbaycan qanunvericiliyində də qadının bütün hüquqları müdafiə olunur və bununla bağlı kifayət qədər hüquqi baza mövcuddur. Qadının məişət zorakılığından qorunması və buna oxşar hadisələrin təkrarlanmasına imkan verməməmək mütləqdir. Bu qadının valideyni qızının döyüldüyünü əvvəlcədən bilirdi. Əgər vaxtında polis tərəfindən bunun qarşısı alınsaydı, bəlkə də bu faciə olmazdı. İnanıram ki, hüquq mühafizə orqanları məsələ ilə bağlı lazımı araşdırmalar aparacaqlar.

Digər tərəfdən isə qadınlar cəmiyyətdə öz hüquqlarını mütləq bilməlidir. Bunun üçün isə ilk növbədə maarifləndirmə işləri aparılmalıdır. Gərək qadın da öz hüquqlarını yaxşı bilsin. Azərbaycan ailəsinə xas olan məsələlər var. Qadına münasibət doğru olmalıdır. Bir qız ata evində gördüyü münasibəti gərək ər evinə gedəndə də görsün. Həmçinin, gəlin də gərək ər evinə gələndə öz valideyninə göstərdiyi münasibəti qayınatasına və qayınanasına da göstərsin. Bütün bunlar məsələnin mənəvi tərəfidir. Ancaq məsələnin hüquqi tərəfi odur ki, bu cür hadisələrin ilk növbədə qarşısı alınmalıdır. Qadını öldürmək məsələnin çıxış yolu deyil. Bu hadisə ilə bağlı da inanıram ki, hüquq mühafizə orqanları günahkarın layiqli cəzalandırılması üçün lazımı addımlar atacaqlar. Əgər gəlinin ölümündə qayınatanın və qayınananın da günahı varsa, mütləq onlar da cəzasını almalıdır”.

Millət vəkili Sədaqət Vəliyeva: “İlk növbədə cəmiyyətdə ər və qadın arasında olan münasibətlərin tənzimlənməsi ailədaxili məsələ olduğu üçün burada birbaşa qadın və kişi məsuliyyət daşıyır. Bu cür problemlərin aradan qaldırılması üçün maarifləndirmə işi güclü olmalıdır. Əgər belə cinayətlər baş verirsə, mütləqdir ki, bu savadsızlıq və məlumatsızlıqdan irəli gəlir. Ailədə bir problem varsa, bu, ailə daxilində həll olunmalıdır. Bu hadisə ilə bağlı da ortalıqda cinayət işi var. İndi hüquq-mühafizə orqanları da hadisəni tam araşdırıb, motivini müəyyən edəcəklər və sonra cinayətin tərkib hissəsi məlum olacaq. Öldürülən qadının 3 uşağı var idi, dördüncü isə olacaqmış. Ona görə də bu faciənin kökündə dayanan səbəblər araşdırılmalı və günahkarlar cəzalandırılmalıdır. Eynmi zamanda həmin səbəblər öyrənildikdən sonra gələcəkdə bu cür hadisələrin baş verməməsi üçün qabaqlayıcı tədbirlər görülməlidir. Azərbaycan qanunvericiliyində ailənin bütün hüquqlarının qorunması, sosial təminatı və digər dövlət tərəfindən atılan addımlar nəzərdə tutulur. Sadəcə olaraq indi milli mentalitetdən gələn məsələlər var ki, ona dövlət də müdaxilə edə bilmir. Bunun nəticəsində isə bu cür xoşagəlməz hadisələr baş verir. Bəzən bizə də ailədaxili problemlərlə bağlı şikayətlər daxil olur. Bu yaxınlarda bir qadın bizə müraciət etmişdi, ərindən boşanmaq istəyirdi. Araşdırılandan sonra məlum oldu ki, həmin qadının həyat yoldaşı narkotik maddə aludəçisidir, ona görə də qadın ərindən boşanmaq istəyir. Amma kişi isə ayrılmaq istəmir. Bununla da cinayətə qədər gedən proseslər baş verir. Belə olan halda nəslin sözü keçən ailə ağsaqqalları müdaxilə etmirsə, o zaman bunun nəticəsi ya bu cür ağır olur, ya da başqa hallarla nəticələnir. Təbii ki, bu cür hadisələrin baş verməsi qəbul edilməzdir”.

Millət vəkili Aytən Mustafayeva: “Bu, çox qorxunc bir hadisədir. Əgər bu aqressiya hadisəsi hamilə və 3 övlad anası olan qadına qarşı yaxın ailə üzvləri tərəfindən olubsa, bütün bunlar onu göstərir ki, hələ bu sahədə ciddi maariflədnirmə işlərinə ehtiyac var. Bu hadisə həm də böyük cinayət əməlidir və insan hüquqlarının pozulmasıdır. İnanıram ki, hüquq-mühafizə orqanları və məhkəmələr bununla bağlı lazımı qərarlar verəcəklər.

Çox təəssüf ki, son illər bu cür ailədaxili zorakılıq hallarının sayı artıb. Bütün bunların bir səbəbi insanlarda və ailələrdə aqressiyaların çox olması ilə bağlıdır. Əslində bu cür hallar bütün dünyada müşahidə olunur. Amma təəssüflər olsun ki, Azərbaycana xas olmayan bu cür hallar son vaxtlar bizdə də çoxalıb. Ailədaxili zorakılıqla bağlı böyük işlər aparılmalıdır. Bu işləri bir-iki təşkilat deyil, bütün qurumlar həyata keçirməlidir. Ailədaxili zorakılığın qarşısının alınması istiqamətində keçirilən tədbirlərdə mütləq hüquq-mühafizə orqanlarının nümayəndələri də iştirak etməlidir. Bu istiqamətdə ciddi maarifləndirmə işlərinə ehtiyac var. İlk növbədə orta məktəblərdən və ailələrdən maarifləndirməyə başlamalıyıq. Bütün bunlar həm də kütləvi informasiya vasitələrinin (KİV) bu istiqamətdə apardığı təbliğatın zəifliyindən xəbər verir. Təəssüf ki, bu gün Azərbaycan televiziya kanallarında ailədaxili münaqişələrdən bəhs edən tok-şoular efirə verilir, ailədaxili münasibətlər ortaya çıxarılır. Bizim televiziya əməkdaşları başqa dövlətlərin telekanallarında yayımlanan verilişlərin oxşarını yaradırlar. Ancaq bütün bunlar Azərbaycan cəmiyyətinə və ailəsinə zidd hallardır. Azərbaycanda ailədaxili məsələləri efirə çıxartmaq heç zaman normal qarşılanmayıb. Bunun mənəvi baxımdan da Azərbaycan milli mentalitetinə uyğunluğu yoxdur. Ona görə də həmin verilişlərdə yayımlanan məsələlərin çoxalması bəlkə də bu cür faciələrin törədilməsinə gətirib çıxarır. Ancaq mən hesab edirəm ki, televiziyalar ailədaxili problemləri efirə çıxardıb müzakirə etmək əvəzinə, bu cür məsələlərə tərbiyəvi istiqamətdə yanaşmalıdır. Xarici televiziya kanallarında ailələrin bütövlüyünü və qorunmasını təbliğ edən çox yaxşı verilişlər də var. Azərbaycan kanallarında həmin verilişlərin bənzərlərini yaratmaq olar”.

Millət vəkili Aqiyə Naxçıvanlı: “Bu hadisəni pisləyirəm. Çünki bu, insana xas olmayan hərəkətdir. O qadını öldürən adam barəsində də araşdırma aparılmalıdır. Məni təəccübləndirən odur ki, bu qadının valideynləri niyə görə imkan verib ki, qızı o evə qayıtsın. Axı bu qadın əvvəllər də döyülüb. Qadının qayınatası və qayınanası da ona zülm verib. Bunu qızın valideynləri başa düşməli idi. Bunun üçün də Azərbaycanda qanunları daha da sərtləşdirmək lazımdır. Qanunları daha da sərtləşdirsək, belə halların sayı azalar”.

Qeyd edək ki, Milli Məclis sədrinin müavini Bahar Muradova və millət vəkili Qənirə Paşayeva telefona cavab verməyib.


Tags:  uşaq anasının qətlinə biganə qalan qadın deputatlar

RƏYLƏR


Top news