Ermənilər səmanı uduzdular

Ermənilər səmanı uduzdular
09:32 1 Noyabr 2016
57 Ölkə
Ölkə mətbuatı
A- A+

Xarici siyasət, müdafiə, təhlükəsizliyin təminatı və iqtisadiyyatın mövcudluğu müstəvilərində bütünlüklə Rusiyadan asılı olan Ermənistan ölkə üçün çox önəmli olan daha bir sahə üzərində nəzarəti əldən verir.

Daha doğrusu, erməniləri buna vadar edirlər.

Rusiyanın məşhur aviaşirkətləri arasında yer almayan "Pobeda" Moskva-Gümrü-Moskva marşrutu ilə uçuşlara başlamaq niyyətindədir. Ucuz biletlər təklif etdiyinə görə loukoster sayılan aviaşirkət sözügedən marşrutda biletlərin 999 rubldan başlayaraq satılacağını bəyan edib.

Ermənistanda isə ucuz aviabiletlərə alışmayıblar. Bu ölkənin aviadaşımalarına faktiki olaraq nəzarət edən Rusiya aviaşirkətləri maksimum gəlir əldə etməyə çalışırlar. Rusiya istiqamətində uçuşlarda onların real rəqibləri olmadığından bu aviaşirkətlər praktiki olaraq süni inhisar yaradıblar.

Ermənistanı tərk edən və MDB ölkələrinə səpələnən ermənilərin tam əksəriyyətinin Rusiyada yaşadıqlarıın nəzərə alsaq, Rusiya istiqamətində uçuşlar Ermənistanın 2 milyonluq aviabazarının təxminən 80 faizini təşkil edir.

Rusiyanın "Aeroflot" aviaşirkətinin törəmə strukturu olan və baş ofisi Moskvadakı "Vnukovo" hava limanında yerləşən "Pobeda"nın əməkdaşları artıq Ermənistanın Gümrü şəhərindəki "Şirak" hava limanında durumun təftişinə başlayıblar.

Təbii ki, "Pobeda" aviaşirkəti Moskva-Gümrü-Moskva marşrutu ilə hər reysdə biletlərin çox az qismini 999 rubldan satacaq: yerdə qalan biletlər bazar qiymətində təklif olunacaq. Bununla belə, həmin biletlər rəqib aviaşirkətlərin biletləri ilə müqayisədə nisbətən ucuz olacaq.

"Pobeda" biletlərin ucuzluğunu dünyanın bütün loukosterlərinin istifadə etdiyi sxemlə kompensasiya etməyə çalışacaq. Yəni ucuz bilet alanları təyyarədə 150 əvəzinə 180 kreslo quraşdırıldığı üçün sıxlıq, reyslərin gecikməsi və təxirə salınması, qrafikin pozulması və s. kimi "ənənəvi şərait" gözləyir.

Ermənistandakı bütün hava limanlarının idarəçisi olan "Armeniya İnternational Airports" şirkəti Gümrü limanı üçün "Pobeda"ya güzəştlər verib. Üstəlik, Gümrüdəki "Şirak" hava limanında dövlət rüsumu, yəni "hava vergisi" olmadığından "Pobeda" aviaşirkəti Gümrü-Moskva reysinə biletləri orta hesabla 5 min rubla sata bilər.

Hazırda İrəvanda Moskvaya aviabiletlər 8-9 min rubla satılır.

Göründüyü kimi, "Pobeda"nın işə başlaması Ermənistandakı sərnişin aviadaşımalarında qüvvələr nisbətinin və bazar paylarının dəyişməsinə səbəb olacaq.

Maraqlı digər məqamlar da var.

Ermənistan Baş Mülki Aviasiya İdarəsinin rəisi Sergey Havetisyanın dediyinə görə, "Pobeda" aviaşirkəti Mineralnıye Vodı-İrəvan-Mineralnıye Vodı və Voronej-İrəvan-Voronej marşrutlarında da aviareysləri gerçəkləşdirmək niyyətindədir.

Hazırda İrəvanla Rusiyanın Mineralnıye Vodı şəhəri arasında uçuşları Ermənistanın "Armenia" aviaşirkəti reallaşdırır. Bu aviaşirkət Voronejə uçuşlara dekabr ayında başlamaq niyyətindədir.

Göründüyü kimi, "Pobeda" Ermənistanın yeganə, nisbətən "normal" sayıla biləcək aviaşirkətinin marşrutlarını təkrarlayır. Məqsəd isə süni rəqabət yaratmaq, qiymət ucuzluğu ilə dempinqə əl atmaq və "Armenia"nı bazardan çıxarmaqdır.

Rusiya illər əvvəl bu variantı Ermənistanda sınaqdan keçirmişdi və "Air Armenia" aviaşirkətini iflasa uğratmışdı.

Adının mənası rus dilindən tərcümədə "Qələbə" olan "Pobeda" Rusiyanın "Aeroflot" dövlət aviaşirkətinin bir hissəsi olduğundan, MDB məkanında "kəşfiyyatçı" rolunu oynayır. "Aeroflot" ələ keçirməyə çalışdığı bazara indi öncə "Pobeda"nı loukoster qismində yollayır, hədəfə alınmış ölkədəki aviaşirkətləri dempinq vasitəsilə zəiflədir, süni rəqabətdə onları sıradan çıxardır, sonra "Aeroflot"un mövqelərinin möhkəmlənməsi üçün zəruri zəmin yaradır.

Ermənistanda ötən ilin əvvəllərindən "müstəqil aviadaşımalar"ın formalaşdığı ilə bağlı prezident Serj Sarkisyanın bəyanatlarında dəfələrlə vurğuladığı və aşkar şəkildə qürrələndiyi məqamın da əslində sabun köpüyü olduğu aşkarlanır.

Ermənilərin səması təki, aviadaşımaları da bütünlüklə Rusiyanın əlinə keçir.

Bu isə ermənilərin "mülki səma"nı itirməsi də sayıla bilər.

Orxan Hun
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/485055.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR