Azərbaycanda 19 dövlət əmlakı özəlləşdirilib

Azərbaycanda 19 dövlət əmlakı özəlləşdirilib
11:17 1 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 1 noyabr. REPORT.AZ/ Bu gün Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı növbəti hərrac keçirib. Komitədən "Report"a verilən məlumata görə, budəfəki hərracda 1 səhmdar cəmiyyəti, 1 nəqliyyat vasitəsi və 17 kiçik dövlət müəssisə və obyekti olmaqla ümumilikdə 19 dövlət əmlakı özəlləşdirilib.
Kiçik dövlət müəssisə və obyektlərinin 5-i paytaxtda, 2-si Sumqayıtda, 1-i Yevlaxda, 1-i Cəlilabadda, 2-si Şəkidə, 2-si Gəncədə, 1-i Kürdəmirdə, 1-i İsmayıllıda, 1-i Qobustanda, 1-i Mingəçevirdə yerləşir. Bu əmlakların 4-ü ticarət obyekti, 10-u xidmət və ictimai iaşə, qalanı isə sənaye sahəsinə aid olub.
Hərracda ən yüksək qiymət paytaxtın Qaradağ və Sabunçu rayonlarında yerləşən obyektlərə təklif olunub. Bunlar Qaradağ rayonundakı 193,5 kv.metr sahəsi olan məişət evi və Sabunçu rayonunda yerləşən 67,1 kv. m sahəsi olan 91 saylı mağazadır. Hər iki daşınmaz əmlaka 20 min manat təklif olunub və özəlləşdirilib. Eyni qiymət Kürdəmirdə yerləşən sahəsi 337 kv. m olan 1 saylı çöbərəkbişirmə sexinə də təklif olunub.
Hərracda özəlləşdirilmiş iri dövlət müəssisəsi olan “Pirallahı Çörək” səhmdar cəmiyyəti isə yeyinti sənayesi sahəsinə aiddir. Müəssisənin özəlləşdirilməsi sonradan qoyulacaq investisiya nəticəsində fəaliyyətin tam bərpası və gələcəkdə yeni iş yerlərinin yaradılmasına səbəb olacaq.
Hərracda iştirak edən və qalib olan vətəndaşlar tərəfindən hərrac bitdikdən sonra hərrac protokolu və alqı-satqı müqaviləsi imzalanıb. Bu əmlak sahibləri hərracda əldə etdikləri yeni mülkiyyətə dair dövlət reyestrindən çıxarışları da qısa müddətdə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən ala biləcəklər.
Xatırladaq ki, növbəti belə hərrac noyabrın 8-də keçiriləcək. Bu hərraca 77 dövlət müəssisə və obyekti çıxarılıb. 


Xəbərin orijinal ünvanı: http://report.az/biznes/azerbaycanda-19-dovlet-emlaki-ozellesdirilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR