Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Laqeyd insanlar ümid qatilləridir

Laqeyd insanlar ümid qatilləridir

Date: 1 November 2016 11:54

APA.TV-nin "Motivasiya" verilişinin bu sayında laqeydlikdən söhbət açılıb.

 

Sevda Sultanova:

 

Laqeydliyin səbəbləri müxtəlif ola bilər. Adam var ki, sadəcə, xaraktercə laqeyddir. Adam da var, onun laqeydliyinə mühit səbəb olurr. Yəni aldığı stress, yorğunluq insanı laqeydləşdirir, onun üçün bütün dəyərlər əhəmiyyətini itirir, o, heç bir prosesdə iştirak eləmir, passivləşir, cəmiyyətlə arasında əlaqə qırılır, həyata özgələşir.

Bəzən laqeydlik özünü müdafiə mexanizmi kimi də işləyə bilər. Psixi sarsıntılar sağlamığa təhlükə törədir. Bu halda insan şüurulu şəkildə özünü laqeydləşdirir,  neqativ xəbərləri oxumur, baxmır, ətrafında baş verənləri vecinə almır.

Qədim Afinada ictimai həyata laqeydlik göstərənlərə “idion" deyilirmiş, tərcüməsi "tənha" deməkdir. Yəni burdan belə çıxır ki, laqeyd adam həm də aososial, tənha adamdır.

 

 

Cavid Zeynallı:

 

Təbii ki, laqeydlik bəyənilməyən və təqdir olunmayan insan keyfiyyətidir. Laqeydliyin formalaşmasının bir neçə səbəbi olur. Məsələn, insan anadan təbiət etibarı ilə laqeyd doğula bilər. Bu, halda laqeydlik mənə görə, tərbiyə olunmayan keyfiyyətə çevrilir. Mühitin və hadisələrin yaratdığı laqeydliyi isə aradan qaldırmaq mümkün olur. Məsələn, ictimai qınaq deyilən bir anlayış var. Taleyüklü məsələlərdə laqeydlik göstərən adamlara ictimai qınaq təsir edir və müəyyən nəticə əldə olunur. Biz ətrafımızda daha çox xırda məsələlərdə insan laqeydliyi görürük. Məişət səviyyəsində, adi münasibətlərdə İnsana, heyvanlara, bitkilərə laqeyd münasibətin şahidi oluruq. Laqeydliklə tərbiyəsizlik, yaxud nəzakətsizlik və hörmətsizlik arasında ciddi fərqlər var. Bir insanı saymamaq ona laqeydlik yox, hörmətsizlikdir. Vacib olan adi məişət məsələlərinə laqeyd yox, taleyüklü məsələlərə laqeyd yanaşmamaqdır.

 

Səbinə Bayramova-psixoloq:

 

Laqeydlik fərdə, uşağa psixi və fiziki formalarda göstərilə bilər. Fiziki laqeydliyə uşağın təməl ehtiyaclarının qarşılanmaması, sağlamlığının qorunmaması kimi hallar göstərilə bilər. Psixi laqeydlik isə ona yetərli maraq və şəfqət göstərməmək, ailədaxili xoşagəlməz kobud davranışlara, pis səhnələrə şahid olmasına icazə vermək, maddə alışqanlığı, cinayət, hücumçu kimi davranışlarını görməzdən gəlmək, lazımi psixoloji dəstək verməmək və bu diqqəti ondan əsirgəmək kimi hallar göstərilə bilər. Uşağın təlim-təhsilinə laqeydlik isə onun təhlükəli yaş dövründə olmasına rəğmən lazımı bilgiləri almasının əngəllənməsi, işləməyə məcbur edilməsi və s. göstərilir. Bəzi insanlar isə özləri özlərinə qarşı laqeyd yanaşırlar, başqalarının məsuliyyətlərini öz üzərlərinə götürməyə meylli olurlar, özlərini unudurlar, etinasız yanaşırlar və onlara ehtiyacı olan insanlar azalmağa başladıqda bunu qəbul edə bilmirlər, özlərini tək yalnız hiss edirlər. Bunu Wendy sindromu adlandırırlar. Amma unutmayaq ki, ətrafdakılara nə qədər heyran olsaq da, ana-atamızı, yaxınlarımızı hədsiz sevsək də, onlara bu sevgimizi qayğımızı doğru göstərə bilmək üçün öncə özümüzün qayğımıza qalmalıyıq ki, diqqətimizi qarşı tərəfə də düzgün istiqamətləndirə bilək.

 

 

İlqar Rəsul:

 

Təsəvvür edin ki, bir neçə yeniyetmə qəddarcasına öz həmyaşıdını döyür. Yaxud bir narkoman bir xanımın çantasını qaçırdır.

Bu vaxt yaxınlıqdan sakit, ziyansız bir adam keçir. O nə qəddar uşaqlara, nə də çantanı qaçırdan narkomana çevrilib baxmır. Sakitcə keçib gedir, hətta addımlarını yeyinlədir, öz vicdanını sakitləşdirmək üçün də, - bunun üçün polis var, bu onların işi, onların problemidir. O qarışsa nə dəyişəcək ki? Əksinə, böyrəyinə, mədəsinə bir təpik də ala bilər - düşünüb yoluna davam edir.

Həmin an köməyə ehtiyacı olan adamın ümidi ölür. Yəni ölümünə döyülən yeniyetmə, çantası qaçırılan qadın, yaxınlıqdan keçən adamı görəndə indicə ondan yardım alacaqlarına ümidlənirlər, adamın heç çevrilib baxmadan getdiyini görəndə isə indicə içlərində yaranan ümid yavaş-yavaş ölməyə başlayır...

Bəzi mütəxəssislər hesab edirlər ki, laqeydlik də qorxaqlıq kimi genlə keçir insana. Laqeydlik başqalarının əzablarına qarşı kar və kor olmaq deməkdir.

 

Bu dünyada bizə dəxli olmayan heç nə yoxdur. Hər şey bizdən başlayır və bizdə bitir. Eləcə də ətrafdakılar. Əgər bir insana yetirilən zərərə laqeyd qalırsansa, bil ki, o şər böyüyüb sənin də qapına gələcək.

 

Tam olaraq APA.TV-də izləyin. 


Tags:  Laqeyd insanlar ümid qatilləridir


RƏYLƏR


Top news