Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Qarabağ, Qəbələ, Məzənnə, Neftin qiyməti

“Qızıl top” Ronaldonun olmalıdır – SƏSVERMƏ BAŞLADI

“Qızıl top” Ronaldonun olmalıdır – SƏSVERMƏ BAŞLADI

Date: 1 November 2016 11:58

Bir neçə gün əvvəl “Frans Futbol” ilin ən yaxşı futbolçusuna veriləcək “Qızıl top”a 30 namizədin siyahısını açıqladı. Dərhal da futbol həvəskarları arasında qızğın mübarizələr başladı. Ki, bu il ən qiymətli fərdi mükafat kimə çatmalıdır. Kimə çatacaq ki? Ya Ronaldoya, ya da Messiyə... Ağlınıza Qrizmann, Poqba kimi başqa fikirlər gəlməsin. Belə görünür ki, ilin ən yaxşı futbolçusuna verilən mükafat yalnız Messi və Ronaldodan biri karyerasını bitirəndən sonra əl dəyişdirəcək.

Gələk əsas suala: Messi, yoxsa Ronaldo? 8 ildi futbol ictimaiyyəti bu iki superulduzun təkbətək duelini izləyir. Bu zaman kəsiyində argentinalı futbol dahisi 5, portuqaliyalı canlı əfsanə isə 3 dəfə “Qızıl top”a layiq görülüb. Bu gün dünyada çox az adam tapılar ki, onların digərlərindən bir baş üstün olmasıyla razılaşmasın. Yaş ötsə də, Leo və Kriştiano qocalmaq bilmir. 8 il əvvəl olduğu kimi yenə meydanda xarüqələr yaradır, qolları sıralayır, əsl liderlik keyfiyyətləri göstərirlər.

Siyahıdakı 30 nəfərin hamısının şansını xırdalamağa dəyməz. Ancaq əsas favoritlərin şanslarını proqnozlaşdırmaq mümkündür. Hər halda, futbolçuların il ərzində sərgilədiyi çıxışa görə müəyyən fikir yürütmək olar. Hərçənd “Golden Ball”ın səsverməsinin hansı məcrada keçəcəyini bu ilin yayında baş tutan Avropa çempionatının yekunlarına əsasən təsəvvür etmək çətin deyil. Yenə də baxaq görək namizədlərdən kim nə ilə yadda qalıb...

Kriştiano Ronaldo

Mükafat uğrunda əsas favoritdir. Çempionlar Liqasının qalibi olmaqla yanaşı (“Qızıl top”u qazanmaq üçün bu titul əsas nüanslardan biri sayılır), CR7 Leodan fərqli olaraq, tilsimi qırdı və Portuqaliya millisinin heyətində Fransada keçirilən Avropa çempionatının qalibi oldu. Adətən Ronaldoyla Messini müqayisə edənlər həmişə üstünlüyü Leoya verir və bunu da onun Allah vergisi, xüsusi istedad, “yadplanetli” olmasıyla izah edir. Ancaq bu dəfə durum fərqlidir, özü də bütün komponentlərdə: Ronaldo milli komandayla Avropa çempionu olduğu halda, Messinin Argentinası Amerika kubokunda titulsuz qaldı (ardıcıl ikinci dəfə finalda “Albiselesta” Çiliyə uduzdu). Ən azı bu il Messi fanatları mübahisədən qaçsın...

Lionel Messi

Amerika kubokunun finalındakı şok məğlubiyyətdən savayı, Leo Çempionlar Liqasında da uğursuz oldu. Bəli, qarşısına maksimum hədəflər qoyan “Barselona” üçün ÇL-in 1/4 finalında dayanmaq uğursuzluqdur. Odur ki, hər şey Ronaldonun lehinədir. Uzun-uzadı danışmağa ehtiyac yoxdur.

Antuan Qrizmann

Bu il Antuan superulduz statusunu təsdiqlədi. Hətta Avropa çempionatındakı oyunuyla Fransa millisi üçün Messi və Ronaldo qədər önəmli fiqura çevrilmişdi. Bəxti gətirib ki, Qrizmann “Real” və ya “Barselona”da yox, “Atletiko”da çıxış edir. “Hindular”ın heyətində seçilən ulduzlardandır və heç kimin kölgəsində qalmır. Digər tərəfdən Antuanın “Atletiko”da oynaması həm də onun əleyhinə olan məqamlardandır. İstənilən fantastik nəticələrə baxmayaraq, “Barsa” və “Real” futbolsevərlərin gözündə daha baxımlı və güclü komandadır. 2016-cı ildə Avropa çempionatının bombardiri olan fransız forvard Messi kimi iki mötəbər finalda (Çempionlar Liqası və AÇ-2016) ağır zərbə aldı. Ancaq gələcəkdə də “Qızıl top”a namizədlər arasında qalmaq istəyirsə, Qrizmann “Atletiko”nu tərk etməməlidir. “Mançester Yunayted” kimi quyruğu qapı arasında qalan klubun təklifinə aldanmamalıdır.

Neymar

Braziliyalı top ustası karyerasının çiçəklənən dövründə Messidən heç də az məşhur deyildi. Ancaq argentinalıyla eyni dövrdə, hətta eyni komandada oynaması onun əleyhinə işləyən məqamlardandır. Yeni müqaviləyə əsasən braziliyalı futbolçu “Barsa”da Leodan çox qazansa belə, yenə də Suares kimi o da argentinalının kölgəsində qalacaq. Bəlkə də onun vaxtı iki əfsanənin qocaldığı dövrə təsadüf edəcək. Ancaq kim təminat verə bilər ki, yaşa dolduqca Neymar daha yaxşı oynayacaq? Və yaxud zirzəmidə saxlanılan çoxillik şərab kimi oyununu yaxşılaşdıracaq...

Zlatan İbrahimoviç

Hələ “Milan”da oynadığı vaxtdan qocaldığı haqqında söz-söhbətlər gəzən superisveçli karyerasında fərdi göstəricilərə görə ən yaxşı mövsümünü 34 yaşında PSJ-də keçirdi. Düzdür, indi “Mançester Yunayted”də parlaq oyun sərgiləməsə də, İbrahimoviç “Qızıl top”a layiqli namizəddir. Onun unikallığı ondadır ki, ÇL-də qələbəsi yoxdur, milliylə böyük uğuru olmayıb, heç “Qızıl top”u da qazanmayıb. Amma bu, onun karyerasına kölgə salmır. İbra futbol şarmı və xarizmasına görə titullarsız da dahi və əvəzolunmazdır.

Qaret Beyl

3 il dünyanın ən bahalı futbolçusu ünvanına sahib olan uelsli futbolçu “Real”ın “Desima” həsrətinə son qoydu. 2014-cü ildə Çempionlar Liqasının finalında məhz onun əlavə vaxtda vurduğu qoldan sonra komandası ruhlanaraq daha iki qolla qələbəni möhkəmləndirmişdi (Real – Atletiko 4:1). Bununla belə, Beyl Ronaldonun kölgəsindən çıxa bilmədi. Sürət və qüvvətli zərbə ona populyarlıq gətirmədi. Madrid inçadası yenə də Ronaldoya “səcdə edir”.

Pol Poqba

Son illərdə təbliğatı ən güclü şəkildə aparılan Poqba “Mançester Yunayted”ə 105 milyon avrlouq transferiylə Beylin rekordunu qırdı. Ancaq bu rəqəm “Qızıl top”u almağa kifayət etmir. Özü də Pol problemli kluba gəlib. Hələ bir az tənqidi prizmadan yanaşsaq, bunu geriyə addım kimi də dəyərləndirmək olar. Məsələn, “Yuventus”un heyətində ən azı İtaliya çempionu olurdu, ÇL-in finalında oynayırdı. MY-də isə...

Canluici Buffon

Bu gün çoxları, əsasən də İtaliya futbolunun vurğunları gözünü qırpmadan “Qızıl top”u Ciciyə (həm də Manuel Noyerə) verərdi. Ancaq 21-ci əsrdəyik, 1963-cü il deyil. Futbol tarixində bu mükafata layiq görülən ilk və yeganə qapıçı Lev Yaşin olub.

Sonda qeyd edək ki, “Frans Futbol” nəşri azarkeşlər arasında sorğuya start verib.

Pərviz Hikmət


Tags:  Qızıl top Ronaldonun olmalıdır SƏSVERMƏ BAŞLADI

RƏYLƏR


Top news