Psixoloq: "Valideynlərin laqeydliyi və amansızlığı uşaqlarda intihar meyilinin yaranmasına səbəb olur"

Psixoloq: "Valideynlərin laqeydliyi və amansızlığı uşaqlarda intihar meyilinin yaranmasına səbəb olur"
14:17 1 Noyabr 2016
41 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 1 noyabr. REPORT.AZ/ Psixoloq Asəf Kərimovun "Report"a müsahibəsi.
- Uşaq və yeniyetmələr arasında intihar meyilinin geniş yayıldığını söyləmək olarmı?
- Hər beş yeniyetmədən birində müxtəlif vaxtlarda özünə qəsdlə bağlı tamamilə ciddi fikirlər yaranır. Hətta gələcək on il ərzində 10-14 yaşlarında uşaq və yeniyetmələr arasında suisid hallarının daha çox yayılacağı ehtimal edilir. Əslində, tədqiqatlar özünü öldürən və ya öldürməyə cəhd göstərən yeniyetmələrin əksəriyyətinin heç də ölməyə hazırlaşmadığını göstərir. Onlar yalnız öz baxışlarına görə başqa yolla həll edə bilmədikləri problemlərdən uzaqlaşmaq istəyirlər. Belə uşaq və yeniyetmələrin 75 faizi bu və ya digər dərəcədə öz niyyətlərini açıqlayırlar. Bu barədə danışmağa və dinlənilməyə imkan axtarırlar. Bununla bağlı öz yaxınlarına, tanışlarına işarələr versələr də, çox zaman onlar tərəfindən ciddi qəbul edilmirlər, dinlənilmirlər. Bəzən valideynlər uşağı başa düşməyə cəhd göstərmirlər. Buna görə də suisidal vəziyyətdən əvvəlki halda olan uşaq və yeniyetmələr fərdi, qrup və ailə psixoterapiyasına ehtiyac duyurlar.
- İntihar düşünülüb qərar verilmiş ölümdürmü?
- İntihar düşünülmüş şəkildə insanın özünü həyatdan məhrum etməsidir. Bu, bioloji, genetik, etno-mədəni, psixoloji, sosial və ekoloji faktorların qarşılıqlı təsirinin nəticəsi kimi meydana çıxır. Suisidal davranış isə suisidal aktivliyin bütün mümkün hallarının özünü büruzə verməsidir. Bura fikirlər, məqsədlər, ifadəetmə, hədələr, təhdidlər, özünə qəsdə cəhd və s. aiddir. Xüsusilə bu termin suisidal aktivliyin müxtəlif formalarının qeyd edildiyi yeniyetmə yaş dövrü üçün xarakterikdir. Hətta yeniyetmə dövründə suisidal davranışın əks olunduğu hadisələrin 90 faizinin uşağın “köməyə çağırış səsi” olduğu və yalnız yeniyetmələrin 10 faizində həqiqi özünü öldürmək arzusunun baş qaldırdığı güman edilir. Suisidal davranışı şərti olaraq üç tipə ayırmaq olar: Birincisi, demonstrativ suisidal davranışdır. Bu, əsasən həqiqətən özünü öldürmək üçün heç bir ciddi niyyətin olmadığı səhnənin oynanılmasında əks olunur. Adətən, belə hallar şəxsin onun xilas edilməsi üçün tam şəraitin mövcud olduğu zaman özünü göstərir. İntihara cəhd göstərən şəxs onu mütləq xilas edəcəklərini dəqiq hesablayır və buna tam əmin olur. Orta hesabla hər özünəqəsd halının dördüncüsü demonstrativ cəhddən ibarət olur. Bu isə sonda ehtiyatsızlıq nəticəsində həqiqi intihara çevrilmiş olur. İkincisi, intihara cəhd affekt halında olur və yalnız bir neçə dəqiqə ərzində baş verir. Lakin yaranmış gərginlikdən asılı olaraq belə davranış bir saat və ya bir sutkaya qədər də uzana bilər. Üçüncüsü, həqiqi suisidal davranış isə məqsəd, niyyətlə müşayiət olunur. Bu niyyət ətraflı düşünülmüş şəkildə həyata keçirilir. Bəzi yeniyetmələr davranışların intihar effekti yaranması təsəvvürünə görə qururlar.
- Uşaqların özünü öldürməsinin əsas səbəbləri kimi nəyi göstərmək olar?
- Uşaq və yeniyetmələrin özünə qəsd etməsinin səbəb və motivləri müxtəlifdir. Uşaq valideynlərinin, müəllimlərinin və yaxınlarının diqqətini öz problemlərinə yönəltməyə cəhd göstərir. Yəni böyüklərin laqeydliyi, rəhmsizliyi, ədalətsizliyi və amansızlığı belə bir etirazın formalaşmasına səbəb olur. Suisidə vadar edən motivlər arasında uşağın daşıya bilmədiyi ürək ağrısı, tənhalıq, hər hansı etdiyi hərəkətə görə xəcalət çəkməsi və günah hissi, ümidsizlik və köməksizlik, dözülməz inciklik və özündən narazılıq və özünü alçaltma, suisid vasitəsilə etiraz etmək və bütün problemlərini yoluna qoymaq məqsədilə daha çox özünü büruzə verir. Valideynlərlə etibarlı və səmimi münasibətlərin itməsi yeniyetmələrdə intihara təşviq edən ən güclü vasitələrdən biridir. Eləcə də məktəbdə uşaqların yaşadığı sıxıntılar da onları intihara meylləndirə bilər. Adətən, məktəbdə yeniyetmənin rastlaşdığı çətinliklər onun özünü qiymətləndirməsinin aşağı düşməsinə səbəb olur. Yeniyetmə özünü ətrafdakılar üçün əhəmiyyətsiz hiss edir, bu duyğunu ürək ağrısı ilə yaşayır. Bədbəxtlik və cavabsız, qarşılıqsız məhəbbət də yeniyetmələrdə sıxıntı yaradan amillərdəndir. Bu, yeniyetmənin özünə uyğun tərəf müqabili taparkən və ya onunla hər iki tərəfi qane edə biləcək münasibətlər yaradarkən çətinlik çəkdiyi zaman yaranır.
Müasir dövrdə yeniyetmələr maddi bərabərsizliyi olduqca ağır qəbul edir və bu hissi yaşamaqda çətinlik çəkirlər. Valideynlər arasında münaqişə və ailədə bir-birinə qarşı zorakılıq, həmçinin yeniyetmənin şüuruna kütləvi şəkildə kütləvi informasiya vasitələri, elektron resurslar vasitəsilə aqressiv reklamlar, seks, zorakılıq, həyatın dəyişməz tərəfləri, ölüm və ya özünəqəsdin təbliği nəticəsində yaranan depressiv əhval və psixi pozğunluqlar da intihara səbəb olan ən güclü faktorlardan biridir. Bəzi yeniyetmələr suisidal davranış riskini artıran psixi xəstəliklərə irsən meylli ola bilər. Bundan başqa, sağalmaz xəstəliklər - HİV/QİÇS, onkoloji və dəri zöhrəvi xəstəlikləri, daimi diaqnostika, müalicə və xüsusi pəhriz tələb edən talassemiya, anadangəlmə şəkərli diabet kimi xəstəliklər uşaqlarda həyatdan bezməyə səbəb olur, bu da intihar üçün əsas ola bilər.
- İntihar etmək istəyənlərin hansı davranışları diqqət çəkir?
- Uşaq və yeniyetmələrin suisidal davranışı, intiharı prinsip etibarilə ətrafdakılar tərəfindən sezilir. Belə ki, emosional psixoloji dəyişikliklər, sıxıntı, kədər, sifətdə hüznlə dolu ifadə, ümidsizlik, əsəbilik, laqeydlik və insanlara düşməncəsinə münasibət olur. Onlarda ümidsizlik, çarəsizlik, ətrafda baş verənlərdən narazılıq, səbəbsiz və ya motivasiyalı qorxu, həyəcan hissinin duyulması, qəza, bədbəxt hadisə süjeti ilə əlaqəli yuxular görmək mümkündür. Vərdiş edilən fəaliyyət növlərinə maraq itir, tez-tez izah olunmaz və təkrarlanan evdən qaçma, məktəbdən yayınma halları, tədrisdə təlim uğurlarının aşağı düşməsi, davranışda və xarici görünüşdə dəyişikliklər, səliqəsiz və xoşagəlməz xarici görünüş, sakit monoton, yavaşıyan və sürətli, yüksək emosional nitq, verilən suallara susmaqla və ya təkhecalı cavab vermək, ağlama, sızıldama və deyingənliyə meyllilik, öz işlərini qaydaya salmaq, otağını səylə səliqəyə salmaq, albomda öz şəkillərini yığmaq və qaydaya salmaq kimi xüsusiyyətlər də özünü göstərir. Əlamətlərdən biri də bu cür uşaqların əşyaları, xüsusilə də mühüm və çox sevdiyi əşyalarını tanışlarına, yaxınlarına paylamasıdır. Çəkinin artması və ya azalması, iştahanın artması və ya həddən ziyadə aşağı düşməsi də əlamətlərdən biridir. Bundan başqa, bu cür inasanlarda öz keçmişinə pessimist münasibət, xatirələrində yalnız xoşagəlməz hadisələrin mövcudluğu, hazırkı vəziyyətini qiymətləndirərkən ümidsizlik duyğusu, gələcəklə bağlı planların mövcud olmaması kimi hallar başlayır. Həyatın mənasının itməsi ilə bağlı mühakimələrin yürüdülməsi, intihar etmək niyyətinə işarə etməklə birbaşa və ya dolayısı şəkildə hədə və işarələr, müxtəlif kütləvi informasiya vasitələri, internet vasitəsilə özünə oxşar suisidal davranışa malik şəxslərlə əlaqələr yaratmağa cəhdlər, onlar haqqında bədii ədəbiyyat, filmlər vasitəsilə məlumatların axtarılması, belə şəxslərə marağın yüksəlməsi kimi hallar baş qaldırır. Həmçinin, qeyri-normal sektalarla əlaqələrin yaradılmasına cəhd halları da ola bilər. İntihara cəhd halları daha çox yaz aylarında, xüsusilə ətrafda təbiətin oyanmasının şəxsin ruhi vəziyyəti ilə ziddiyyət təşkil etdiyi aprel ayında qeydə alınır.
- Yaxınlarının, doğmalarının davranışında belə halları görənlər nə etməlidirlər?
- Uşaq və yeniyetmələrin suisid cəhdi ilə bağlı hər hansı şübhə olarsa, onların valideynləri və yaxınlarını məlumatlandırmaq zəruridir. Onlar məktəbdə olduğu kimi, evdə, ailədə fasiləsiz olaraq müşahidə altına alınmalı, lazım gəldiyi təqdirdə psixoterapevt yanında və ya xüsusi müəssisədə müalicəsi təmin edilməli, qayğıkeş münasibətlər yaradılmalıdır. Eyni zamanda, suisid niyyətinin olması aşkarlandığı andan etibarən gecikdirmədən ibrət, nəsihət tonunda deyil, əksinə ruhi baxımdan onunla söhbət etmək lazımdır. Söhbət zamanı ucuz təskinlik və qınaqlardan qaçmaq şərtdir. Yeniyetmə müvəqqəti olaraq stressogen şəraitlərdən mühafizə edilməli, diqqətlə dinlənilməli və onun istənilən şikayəti ciddi qəbul edilməlidir. Bu vəziyyətdə yeniyetmədən düşdüyü situasiyada özündə, ətrafdakılarda nəyi dəyişmək arzusunda olduğu soruşulmalıdır. Xüsusilə məsuliyyət valideynlərin və ya onları əvəz edən digər şəxslərin üzərinə düşür. Uşaqla onu intihara sövq edən hadisənin səbəbləri və bütün həqiqətləri açıqlaması üçün qarşılıqlı etimada əsaslanan ünsiyyəti bərpa etmək lazımdır. Uşağa sözünü kəsmədən, düzəlişlər etmədən qəlbini açmağa imkan yaradılmalıdır. Belə söhbət zamanı məqsəd dərhal vəziyyətdən çıxış yolu tapmaq deyil, uşağa dostcasına dəstək göstərmək, ona etibar etmək olmalıdır. Yeniyetməyə belə diqqətli münasibət onun tam şəkildə psixoloji və fizioloji reabilitasiyasına qədər davam etməlidir. Valideynlər, həkimlər, müəllimlər hər zaman uşaq və yeniyetmələrin istənilən yaşayışı və həyəcanlarının onların qayğısı, diqqət və köməyindən kənarda qalmamalı olduğunu yadda saxlamalıdırlar. 

Xəbərin orijinal ünvanı: http://report.az/sosial-mudafie/psixoloq-valideynlerin-laqeydliyi-ve-amansizligi-usaqlarda-intihar-meyilinin-yaranmasina-sebeb

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR