Yazarlar hansı əsərlər əsasında film çəkilməsini istəyir? - SORĞU

Yazarlar hansı əsərlər əsasında film çəkilməsini istəyir? - SORĞU
16:48 1 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

Azərbaycan milli kinomuzun inciləri sayılan və hər zaman maraqla izlədiyimiz “Böyük dayaq”, “Yeddi oğul istərəm”, “Mehman”, “Uzaq sahillərdə”, “Nəsimi”, “Tütək səsi”, “Səhər”, “Dəli kür” və digər filmlərə görə yazıçılarımıza minnətdarıq. Həmin filmlər həm də ona görə yaddaqalan və sevilən oldu ki, mükəmməl ssenarilər əsasında çəkildi. Kino lentini bir qədər əvvələ fırlatsaq, ən çox əsərləri ekranlaşdırılan yazıçıların İsa Muğanna, Bayram Bayramov, Mirzə İbrahimov, Süleyman Rəhimov, İmran Qasımov, Həsən Seyidbəyli, İsmayıl Şıxlı, Anar, Əkrəm Əylisli, Elçin olduğunu görərik. Amma nədənsə, son illər bu ənənə unudulub. Elə buna görə də kinomuz mükəmməl ssenari baxımından axsayır. Çəkilən filmlər daha əvvəlki kimi tamaşaçını ekran qarşısına kilidləyə bilmir.

Qələm adamlarına “Hansı ədəbi əsərin ekranlaşdırılmasını istərdiniz” sualı ilə müraciət etdik. Bəlkə rejissorlarımız bu cavabları eşidib, milli kinonun vaxtilə qazandığı uğurları yeniləyə.

Publika.az həmin cavabları təqdim edir:

Nasir, yazıçı, jurnalist Vaqif Əlixanlını nə qədər sorğu-suala çəksək də, yalnız bir yazıçının adını çəkdi: “Bu gün Azərbaycanda ekranlaşdırılası bir əsər görürəm, o da Məmməd Səid Ordubadinin “Qılınc və qələm”idir. Yadımdadır, 1967-ci ildə Moskvada tələbəydim, metroya girəndə hamının əlində bir kitab vardı, bütün Moskva “Qılınc və qələmi” oxuyurdu. Hesab edirəm ki, o əsər mütləq kino həllini tapmalıdır”.

Bəs başqa yazarlar?: “Yalnız o əsəri görürəm, onu da dedim. Anar, İsa Muğannanın əsərləri ekranlaşdırılıb, dünya tamaşaçısı üçün ən maraqlı əsər “Qılınc və qələm”dir”.

Yazıçı-dramaturq Elçin Hüseynbəyli öz əsərlərinin adını çəkdi, xeyli israr edəndən sonra siyahıya ikincini də əlavə etdi: “Çox istərdim ki, Azərbaycan gəncliyinə örnək ola bilən qəhrəmanlıq filmlərimiz çəkilsin. Bunun üçün də yazıçılara dövlət sifarişi olmalıdır. Onlar da oturub yazmalıdır. Məsələn, Mübariz İbrahimovun obrazının kinoya gətirlməsini istərdim. Mənim “Gözünə gün düşür” adlı əsərim var, ermənilər o əsər əsasında plagiat film çəkib, dünyaya çıxarıblar. O film Oskar da alıb. Çox istərdim ki, Azərbaycanda bu əsər ekranlaşdırılsın. Sonra istərdim mənim “Don Juan” əsərim kino həllini tapsın”.

“Bəs başqa yazarlardan kimlərin adını çəkrdiniz” sualına qarşı tərəfin cavabı belə oldu: “Xatırlamıram. Hə, indi yadıma düşdü, Məqsəd Nurun “Şəhər meri” əsərinin ekranlaşması maraqlı olardı”.

Tənqidçi Cavanşir Yusiflinin cavabı konkret oldu: “Ekranlaşdırılmasını istədiyim əsərlər bunlardır: Anarın “Göz muncuğu” povesti, Aslan Quliyevin romanları, Fəxri Uğurlunun “Hekayə silsiləsi”, Mübariz Cəfərlinin “Bənna”, “Bağban” romanları, Eyvaz Əlləzoğlunun “Odunçu qayıdır” romanı, Ömər Xəyyamın bəzi hekayələri, Şərifin “Gülüstan” romanı”.

Yazıçı Fəxri Uğurlu bizi çox incitmədi, o qədər əhatəli danışdı ki, tutuquşu kimi məni eyni sualı təkrarlamaq əziyyətindən qurtarmış oldu: “Azərbaycan ədəbiyyatında elə gözəl əsərlər var ki, bədii həllini gözləyir, qalıb, ağzıgünə. Rejissor lazımdır ki, o əsərlərin ekran həllinə nail olsun”.

F.Uğurlunun uzun, maraqlı və olduqca rəngarəng siyahısını təqdim edirik: “İsa Muğanna “Teleram” povesti, Sabir Əhməd “Yamacda nişanə”, Əkrəm Əylisli “Kür qırağının meşələri”, Anar “Macal” povesti, Elçin “Gül dedi bülbülə”, Ramiz Rövşən “Daş” povesti, Seyran Səxavət “Daş evlər”, Saday Budaqlı “Şəbəkə”, “Zədə” povesti, Mövlud Süleymanlı “Köç” romanı, Afaq Məsud hekayələri, İsi Məlikzadə “Yaşıl gecə”, “Quyu”, Vaqif Nəsib “Bir atımlıq barıt”, Eldar Baxış “Qaravun dərənin dükançası”, Məmməd Oruc “Leylək körfəzi”, “Oyun havası” povesti, Şahmarın hekayələri, Dilsuzun “Yol” povesti”.

Yazıçı Saday Budaqlını “Əli və Nino”dan çətinliklə ayıra bildik, nə qədər israr etsək də, başqa əsər adı çəkmədi. Səbəbini isə onunla izah etdi ki, indi xatırlaya bilmirəm: “Uşaqlıqdan “Əli və Nino” romanının ekranlaşdırılmasını arzulayırdım. Nəhayət ki, bu əsər əsasında film çəkildi, amma hələ baxmamışam. Başqa yazarlarıda xatırlamıram”.

Biz ona vaxt verməli olduq. Nəhayət ki, zəng edib, xatırladığını söylədi: “Hə, xatırladım, yaz, Məmməd Orucun “Köçürülmə” romanı. Birdən qarışdırıb Məmməd İsmayıl yazarsan ha!!!”

Yazıçı Qan Turalı: “Od gəlini”nin ekranlaşdırılmasını istəyirəm. Düşünürəm ki, pyesin bədii gücü yəhudilərin “Şindlerin siyahısı”, şotlandların “Cəsur ürək” kimi filmlər çəkməyə imkan verə bilər. Həm də bu pyes bizim xalqımızın dünya tarixində oynadığı misilsiz rolu da göstərərdi. Eyni tarixi zəfəri biz Səfəvilər dövründə də görmüşük, lakin o dövr haqqında təəssüf ki, sanballı bədii nümunəmiz yoxdur.

Belə… Bu yazarlarımızın istəyidir. Oğul istəyirəm ki, bu sadalanan və Fəxri Uğurlu demişkən, “ağzıgünə” qalan bu əsərləri ekranlaşdırsın, həm tamaşaçı qazansın, həm də kinomuz.

Cəvahir Səlimqızı


Xəbərin orijinal ünvanı: http://publika.az/news/art/174338.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR