Gürcüstandan artıq qızılgül ətri gəlmir. Son parlament seçkiləri
bu ölkənin qoxularının da dəyişdiyini göstərdi.
Eduard Şevarnadze Qərb təhsilli Saakaşvilini ədliyyə naziri təyin
edəndə istəyi hakimiyyətdən getmək yox, başlanması zəruri olan
islahatların daha modern formada aparılması idi. Nə də olsa,
əvvəlcə siyasi karyerasında deputatlıq kürsüsündən başlayan Mişa
startı pis götürməmişdi. Və bir gün Qərb yetirməsi Saakaşvili
əlində “qızılgülləri” ilə Şevarnadzenin kabinetinə daxil olur. Yox,
o, ağsaçlı rəhbəri təbrik etmirdi, ondan oturduğu kabinetlə birgə
tutduğu postu tərk etməyini istəyirdi.
İllər sonra Şevarnadze verdiyi müsahibələrinin birində kabinetinə
daxil olub, ondan istefa vermək tələbini irəli sürənləri belə
xatırlayacaqdı: “Onlar üç nəfər idi. İndiki prezident
Mixael Saakaşvili, baş nazir Zurab Jvaniya və Nino Burcanadze.
Onlar mənə qarşı birləşmişdilər. Onların üçü də mənim
yetirmələrimdir”.
SSRİ-nin baş diplomatı olmuş və iki il öncə vəfat edən gürcülərin
ilk prezidentini özünün yetişdirdiyi kadrlar devirmişdi. O kadrlar
Gürcüstana demokratiya gətirəcəkdi...
Mişanın əlinə verilən qızılgüllərin Qərbin bağçasından dərildiyi
şübhəsiz idi. Qərb SSRİ-nin xarabalıqlarında “demokratiya çiçəyini”
Qafqaz dağlarından əkməyə başlamışdı. Mişanın əlinə qızılgülləri
verənlərin hədəfi aydın idi:
1. Post-sovet məkanında “rəngli inqilab”ların başlanğıcını qoymaq.
Tiflis “qızılgüllər”lə bəzəndikdən bir il sonra, Kiyev narıncıya
boyandı. Ukrayna tarixinə “narıncı inqilab” sözlərini yazdırdı və
Viktor Yuşenko öz adaşını – Viktor Yanukoviçi devirdi. (Ukrayna
inqilabı bir də 9 il sonra dadacaqdı. Hansı ki, Yanukoviç 2008-ci
il prezident seçkilərində itirdiyi postunu bərpa etdi və 5 il sonra
qaçmağa məcbur oldu. 2013-cü ildə baş verən “Maydan”la əslində Qərb
Saakaşvili ilə başlatdığı “post-sovet məkanını işğal etmə” planını
davam etdirirdi).
Mişanın gətirdiyi güllər 2005-ci ildə Qırğızıstanda zanbaq kimi
peyda oldu. Müxalifət “zanbaq inqilabı” ilə Əsgər Akayevi
devirdilər. Onun yerinə gələn Bakiyev 5 il hakimiyyətdə qala bildi.
2010-cu ildə Bakıyev Qərb və Rusiya arasında ikili oyun oynamağın,
yəni Akayevi devirən Qərbin maraqlarını “siyasi qumara” qoymağın
cəzasını çəkdi. Qırğızlar 5 il ərzində ikinci inqilabı etmişdi.
İkincisi inqilab hakimiyyəti Atambayevə verdi.
Gürcüstandan başlanan rəngli, güllü inqilablar Qərbin Rusiyanın
təsir dairəsində olan ölkələri öz çətiri altına toplamasına xidmət
edirdi. Mişa da eyni “məktəbin” yetirməsi idi, Bakıyev də. Sadəcə
olaraq, ikinci birincidən daha pis şagird olmuşdu. Ukraynada da
Yuşenko məhz Qərbin adamı olaraq tanınırdı. Yanukoviçin “ikinci
dönüşü” məhz Qərbə sərf etmədiyi üçün slavyan oğulları bir-birinə
silah çəkdiyi “Maydan” baş verdi.
Mişanın gürcülərə hakim gətirilməsində birinci hədəf bu idi.
2. Prosesin Gürcüstandan başlamasının səbəbləri də açıq görünür.
Qərb Tiflisdə öz adamını hakimiyyətə gətirməklə Rusiyanın cənub
sərhədlərində möhkəmlənmək gedişi etdi və beləliklə Rusiyanın
Cənubi Qafqazda təsir gücünü parçaladı. Azərbaycanın balansı
siyasət aparması ilə razılaşan Moskva regionun iki ölkəsində -
Ermənistanda və Gürcüstanda əsas söz sahibi idi. Mişanın gəlişi
rusların əlindəki kartlardan birinin alınması idi. Qərb Cənubi
Qafqazı rusların əlindən tamamilə almaqla etnik rəngarəngliyi ilə
seçilən Şimali Qafqazda müstəqillik hərəkatını başlatmaq və
SSRİ-dən qalma imperiyaya cənub cəbhəsindən zərbə endirmək
niyyətində idi.
3. Mişanın Gürcüstanı həm də Cənubi Qafqazın “ilk qaranquşu” idi.
Qaranquş regiona baharın gəldiyinin müjdəçisi rolunu oynayırdı və
hesablamalara görə, Azərbaycan və Ermənistanda da eyni ssenarilər
həyata keçiriləcəkdi. Bu, Qərbin Gürcüstanın timsalında regionda
“demokratiya modeli” yaratmaq planı idi. Bu planın böyük hədəfi
Rusiya idisə, kiçik hədəflərdə regionun digər iki ölkəsi var
idi.
Gürcüstanı Qərb modelli ölkəyə çevirmək; regionun digər
ölkələrindəki əhali üçün cəzbedici mərkəz etmək; beləliklə, digər
iki ölkədəki əhalini öz hakimiyyətlərinə qarşı “gürcü modeli
istəyirik” şüarı ilə qaldırmaq.
Misal üçün, Bakı balans siyasətini dəyişmirsə, yəni Rusiyaya tam
arxa çevirmirsə, ona qarşı “gürcü modeli”ni işə salmağı
düşünürdülər. Sonrakı dövrlərdə buna bir neçə dəfə cəhd oldu
da.
“Gürcü modeli”: hər şey göründüyü kimidir?
Saakaşvilinin Gürcüstana demokratiya gətirdiyi deyilir və bunun
görüntüsü yaradılırdı. Lakin realda Gürcüstanda “polis dövləti”
modelinin tətbiq olunduğu aydın idi. Eynilə Amerikadakı kimi polis
“şah” rolunda oynayırdı. Mişaya görə, içkiyə qurşanmış gürcünü
“çaxır boçkasından” çıxarmaq üçün bundan savayı yol yox idi. O,
buna müəyyən mənada nail oldu da. Lakin 2012-ci il parlament
seçkiləri gürcülərin Mişanı çaxıra dəyişdiyini göstərdi. Qərbin
“qızılgül ətri verən demokratiyası” artıq pis qoxular verməyə
başlamışdı.
Ya model yanlış idi, ya da bu modelin tətbiqi üçün seçilən
vasitə. Saakaşvilinin yola salınması və yerinə “Qazprom”
səhmlərinin 1 faizinə sahib olan İvanişvilinin gəlişinin arxasında
duran səbəblər bunu aydın edir.
Saakaşvilinin gedişi hər şeydən öncə “Qərb öz Mişasını niyə
xərclədi?” sualını önə çıxartdı. “Qərb və Rusiya
Gürcüstanda hakimiyyəti bölüşdürdü”. Bu sualın cavabı
belədir.
2013-cü ildə “ərəb baharı”nın dirəndiyi Suriya “çibanının” ortaya
çıxması Qərbin Gürcüstanda Rusiyaya güzəştə getməsinə səbəb oldu və
hakimiyyətin bölgüsü aparıldı. Baş nazir postu Rusiyanın, prezident
postu Qərbin, həmçinin, parlament və digər güc strukturları bərabər
şəkildə bölüşdürülür. Müdafiə naziri postunun Saakaşvilinin adamı
İrakli Alasaniyaya verilməsi də buna bir nümunə idi. 2014-cü ilə
qədər Gürcüstanda Qərb və Rusiya razılıq əsasında hərəkət etdilər.
Ötən il başlayan Ukrayna böhranı ilə “Gürcüstan razılığı” da
pozuldu və ilk olaraq Alasaniya postundan uzaqlaşdırıldı. Daha
sonra Qərb tərəfdarları olan xarici işlər naziri Maya Pancikidze və
avrointeqrasiya üzrə dövlət naziri Aleksi Petriaşvili də postlarını
təhvil verdi.
Prezident Georgi Marqvelaşvili ilə baş nazir İrakli Qaribaşvili
(artıq keçmiş baş nazir) arasında qarşıdurmalar da bundan xəbər
verirdi. Hazırda İvanişvilinin “xaç atası” olduğu “Gürcü arzusu”
tərəzinin Rusiya gözünə ağırlıq verir.
Mişanın gedişində bu faktor aydın görünür. Lakin burada gürcülərin
istəkləri də böyük rol oynadı. İvanişvilinin hakimiyyətə
yiyələndiyi 2012-ci il parlament seçkilərində Saakaşvilinin “Vahid
Milli Hərəkat”ı şəhərlərdə az, kəndlərdə çox səs toplamışdı. Bu
fərq olduqca maraqlı idi. Səbəb isə olduqca sadədir: kəndlərdə daha
çox qeyri-gürcülər yaşayır, şəhər əhalisinin əksəriyyəti isə
gürcülərdən ibarətdir. Gürcülər Mişanın sərt rejiminə cəmi 9 il
dözə bildilər və onu bu illər ərzində doya-doya içə bilmədikləri
çaxıra dəyişdilər. Qərbin ən böyük səhvlərindən biri bu idi:
“demokratiya modeli”nin tətbiq edilməsi üçün seçilən vasitə.
Və Gürcüstanda keçirilən son parlament seçkiləri bunu bir daha
göstərdi. Oktyabrın 8-də keçirilən seçkilərin I turunda hakim
“Gürcü arzusu”nun qalib gəldiyi elan olundu. Oktyabrın 30-da baş
tutan II turda da nəticə dəyişmədi. “Vahid Milli Hərəkat”
partiyasının üzvləri seçkilərdə saxtakarlıqların olduğunu
deyirlər.
“Seçkilər total saxtakarlıqla müşahidə olunub. Bir gün
öncədən seçicilər təhdid olunurdu ki, hakim partiyanın namizədinə
səs verilsin”.
“Vahid Milli Hərəkat”dan namizəd olan azərbaycanlı namizəd Əhməd
İmanquliyev seçkinin saxtalaşdırldığını belə ifadə edir.
Marneulidəki seçkidə azərbaycanlıları kim hədələyib? - Məğlub namizəd danışdı - FOTO
Ə. İmamquliyev qeyd edib ki, Marneulidə seçicilərə hədə-qorxu gələn şəxs əslən azərbaycanlı olan polis dəstəsinin rəisi Bəhruz Abdurrahmanov olub.