Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Qarabağ, Qəbələ, Məzənnə, Neftin qiyməti

Daxili işlər naziri Almaniyanın Azərbaycandakı səfiri ilə görüşüb

Daxili işlər naziri Almaniyanın Azərbaycandakı səfiri ilə görüşüb

Date: 1 November 2016 19:07

Bakı. 1 noyabr. REPORT.AZ/ Daxili işlər naziri, general-polkovnik Ramil Usubov Almaniya Federativ Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Mixael Kindsqrab ilə görüşüb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, nazir yeni təyinatı münasibətilə onu təbrik edib, Azərbaycandakı diplomatik fəaliyyətində uğurlar arzulayıb.
İki ölkə arasındakı münasibətlərin tarixinin XIX əsrin ikinci yarısına gedib çıxdığını xatırladan nazir, Azərbaycanın Avropada etibarlı tərəfdaşlıq münasibətlərini inkişaf etdirdiyi ölkələrdən birinin də Almaniya olduğunu, əlaqələrin genişləndirilməsində ulu öndər Heydər Əliyevin böyük rolunu, dostluq və etibarlı tərəfdaşlıq əlaqələrinin daha da dərinləşdirilməsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən əhəmiyyətli addımların atıldığını vurğulayıb.
Hər bir ölkənin uğurlu inkişafının daxili sabitliyin etibarlı qorunmasından, kriminogen durumun daim nəzarətdə olmasından birbaşa asılılığını nəzərə çatdıran nazir daha sonra qonağa cinayətkarlığa qarşı aparılan mübarizə barədə məlumat verib. Sabitliyin, əmin-amanlığın etibarlı təmininin ölkə vətəndaşları ilə bərabər, əcnəbilərin də təhlükəsizlik şəraitdə yaşayıb işləmələrinə əlverişli şərait yaratdığını qeyd edib.
Daxili İşlər nazirlikləri arasında əməkdaşlığın həm ikitərəfli formatda, həm də Beynəlxalq Kriminal Polis Təşkilatı (İnterpol) çərçivəsində həyata keçirildiyini səfirin nəzərinə çatdıran nazir səkkiz il əvvəl - 2008-ci ilin noyabrında Berlin Təhlükəsizlik Konfransında iştirak etdiyini, səfər zamanı ikitərəfli əlaqələrin səmərəliyinin artırılması məqsədilə "Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və Almaniya Federativ Respublikasının Daxili İşlər Nazirliyi arasında Birgə Niyyət Bəyanatı"nın imzalandığını xatırladıb, birgə işbirliyinin daha da inkişaf etdirilməsində rəhbərlik etdiyi qurumun maraqlı olduğunu bildirib.
Eyni zamanda, əməkdaşlığın ATƏT, BMT, Avropa Şurası və digər təşkilatlar çərçivəsində həyata keçirildiyini də deyən cənab Ramil Usubov ölkəmizin Avropaya inteqrasiya etdiyini, polisin fəaliyyətini tənzimləyən, demokratik prinsiplərə söykənən, insan hüquq və azadlıqlarının önə çəkildiyi yeni qanunların qəbul edildiyini, bu işdə bir sıra inkişaf etmiş dövlətlərin, beynəlxalq təşkilatların ekspertlərinin, o cümlədən alman mütəxəssislərinin də rolu olduğunu diqqətə çatdırıb.
Avropa standartlarına uyğun qanuvericiliyin, qabaqcıl təcrübənin öyrənilməsinin və təbiqinin əməkdaşların xidməti fəaliyyətinə müsbət təsir göstərdiyini xatırladan nazir insan və vətəndaş hüquq və azadlıqlarının pozulması barədə daxil olan müraciətlərə xüsusi diqqət yetirdiyini, bunun nəticəsi olaraq, vətəndaş hüquqlarını pozan əməkdaşlar barədə ən sərt tədbirlərin görüldüyünü bildirib.
Problemlərə toxunularkən transmilli mütəşəkkil cinayətkarlığın əsas növlərindən olan beynəlxalq terrorçuluq, ekstremizm, narkotiklərin qanunsuz dövriyyəsi, insan alveri, qanunsuz miqrasiya, kibercinayətkarlıq ilə mübarizənin diqqət mərkəzində dayandığı vurğulanıb.
Səmimi qəbula və ətraflı məlumata görə minnətdarlıq edən səfir Mixael Kindsqrab istənilən ölkə üçün daxili sabitliyin, təhlükəsizliyin təmin olunmasının əsas vəzifələrdən biri olduğunu, bu istiqamətdə daxili işlər orqanlarının üzərinə böyük məsuliyyət və vəzifələr düşdüyünü, asayişin qorunması, təhlükəsizliklə bağlı ölkəmizdə hər hansı problemin olmadığını, respublikamızda özlərini rahat və sərbəst hiss etdiklərini diqqətə çatdırıb, bütün sahələlərdə əməkdaşlığın daha da genişləndirilməsi üçün səylərini əsirgəməyəcəyini deyib.

Tags:  Daxili işlər naziri Almaniyanın Azərbaycandakı səfiri görüşüb

RƏYLƏR


Top news