Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Avstriya atletlərini avtobusla vurulmasına görə tutulan şəxslərin şikayəti əsasında məhkəmə başlayıb

Avstriya atletlərini avtobusla vurulmasına görə tutulan şəxslərin şikayəti əsasında məhkəmə başlayıb

Date: 2 November 2016 07:52

Bakı. 2 noyabr. REPORT.AZ/ Bakı Apellyasiya Məhkəməsində I Avropa Oyunlarının "Atletlər kəndi"nin nəqliyyat deposunda Avstriya yığmasının atletlərini avtobusla vurmaqda təqsirləndirilən avtobus sürücüsü Vəli Əhmədovun, həmçinin Nəqliyyat Nazirliyinin (NN) Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin şöbə rəisi Hüseyn Salamovun, "Təhlükəsiz şəhər" kamerasının operatoru Elçin Həsənovun və NN-in Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin Sərnişindaşıma Departamentinin məsləhətçisi Fərid Əmiraslanovun barələrində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi başlayıb.
“Report”un xəbərinə görə, hakim Əmir Bayramovun sədrliyi ilə keçirilən iclasda təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Məhkəmənin baxış iclası noyabrın 15-nə təyin edilib.
Qeyd edək ki, 2015-ci il iyun ayının 11-də, I Avropa Oyunlarının "Atletlər kəndi"nin nəqliyyat deposunda, "Bakubus" MMC-yə məxsus avtobus hərəkət zolağından çıxaraq piyadalar üçün səki ilə gedən Avstriyanın sinxron üzgüçülük üzrə yığma komandasının üzvləri Vanessa Sahinoviçə və Luna Paceri vurub.
Hadisədən sonra avtobusun sürücüsü V.Əhmədov, Nəqliyyat Nazirliyinin Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin şöbə rəisi H.Salamov və "Təhlükəsiz şəhər” kamerasının operatoru E.Həsənov tutulub. NN-in Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin Sərnişindaşıma Departamentinin məsləhətçisi F.Əmiraslanov isə işlə bağlı istintaqa cəlb olunsa da, barəsində həbs qətimkan tədbiri seçilməyib. O, zaminə buraxılıb.
V.Əhmədova qarşı Cinayət Məcəlləsinin (CM) 263.1-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır və ya ağır zərər vurulmasına səbəb olduqda), H.Salmanov və E.Həsənova qarşı 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə), F.Əmiraslanova qarşı isə 314-cü (səhlənkarlıq) maddəsi ilə ittiham irəli sürülüb.
2016-cı ilin yanvar ayının 15-də Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarına əsasən, cinayət işinin baxılmasına xitam verilib və iş ibtidai istintaqa qaytarılıb. Buna səbəb kimi zərərçəkmiş şəxslərin ifadələrinin alınmaması və onların hüquqlarının pozulması göstərilib. Cinayət işi yenidən baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Məhkəmənin hökmü ilə H.Salamovun ittiham olunduğu CM 308.1-ci (vəzifə səlahiyyətindən sui-istifadə olunma) maddəsi həmin məcəllənin 314.2-ci (səhlənkarlıq) maddəsinə tövsif edilib. H.Salamov və V.Əhmədov 3 il müddətinə azadlıqdan məhrum edilib. Hər iki şəxsin cəzalarını Məntəqə Tipli Cəzacəkmə Müəssisəsində çəkməsi barədə qərar qəbul olunub.
E.Həsənov 4 il müddətinə azadlıqdan məhrum edilib. O, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.
Digər təqsirləndirilən F.Əmiraslamovun barəsində CM-nin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq edilib. Ona 2 il 11 ay 28 gün müddətinə şərti cəza verilib. Hökmdən narazı qalan təqirləndirilən şəxslər apellyasiya şikayəti veriblər.

Tags:  Avstriya atletlərini avtobusla vurulmasına tutulan şəxslərin şikayəti əsasında məhkəmə başlayıb

RƏYLƏR


Top news