Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Azərbaycanda nə qədər uşaq piylənmədən əziyyət çəkir?

Azərbaycanda nə qədər uşaq piylənmədən əziyyət çəkir?

Date: 2 November 2016 09:41

Azərbaycanda piylənmə aşkar edilən uşaqların sayı açıqlanıb.

Axşam.az bildirir ki, Trend-in statistik göstəricilərə istinadən verdiyi məlumata görə, 2015-ci ildə 586 uşaqda ilk dəfə piylənmə aşkar edilib. Əhalinin hər 100 000 nəfərinə bu göstərici 23 nəfər təşkil edib. 2016-cı ilin əvvəlinə əhalinin hər 100 000 nəfərinə düşən bu xəstələrin sayı isə 51 nəfər olub.

Ötən il piylənmə aşkar edilmiş uşaqların 46,8 faizi qız, 53,2 faizi oğlan olub.

Piylənmə aşkarlanmış qızların 66,8 faizi 13 yaşına qədər, 33,2 faizi 14-17 yaşlarında olub. Oğlanlarda isə bu göstərici müvafiq olaraq 65,1 və 34,9 faiz təşkil edib.

Həkim-dietoloq Nərgiz Nəzirova Trend-ə deyib ki, əgər əvvəllər piylənmə orta yaşlı nəsil arasında müşahidə edilirdisə, indi xəstəlik gənc yaşlardan da başlayır.

Mütəxəssis hesab edir ki, digər xəstəliklər kimi, piylənmə də cavanlaşıb: "Bunun əsas səbəbləri düzgün qidalanmama, lazımsız içkilər və ərzaqlardan istifadədir. Piylənmənin səbəblərindən biri də hərəkətsizlikdir. İnsanda ilk növbədə daxili orqanlar piylənməyə başlayır. Nəticədə onurğa problemləri, protruziya, yırtıqlar yaranır, damarların varikoz genişlənməsi başlayır. Artıq çəki insan üçün çox problemlər yaradır. Köklük, eyni zamanda insana edilən tibbi müalicənin effektini aşağı salır. Ona görə də bir çox müalicələrdə insan əvvəlcə arıqlamalı, sonra müalicə olunmalıdır. Çünki bədəndə olan piy müalicənin effektini xeyli aşağı salır".

Səhiyyə Nazirliyinin apardığı araşdırmalar nəticəsində müəyyən edilib ki, Azərbaycanda qeyri-infeksion xəstəliklərin böyük əksəriyyətinin baş verməsi tütündən istifadə, artıq çəki və qeyri-sağlam qidalanma kimi risk amilləri ilə bağlıdır.

Piylənmədən kişilərə nisbətən daha çox qadınlar əziyyət çəkirlər (müvafiq olaraq 16,4% və 27,2%). Bu risk amilinin yayılması 1980-2008-ci illər arasında dünya üzrə iki dəfə artıb.

Tədqiqatların nəticələrinə görə, Azərbaycanda əhalinin yalnız 6,4%-i məqsədli şəkildə idmanla məşğul olur.

Azərbaycan zəngin tərəvəz və meyvə məhsulları ilə məşhur olsa da, əhalinin 40%-dən çoxu bu məhsullardan gündəlik istifadə etmir. Yaş qrupları, cinslər arasında ciddi fərq olmadan əhalinin əksəriyyəti (84,9%-i) gün ərzində ÜST tərəfindən tövsiyə edilən miqdardan az meyvə-tərəvəz istifadə etdiyini bildirib. Ev təsərrüfatlarının yarıdan çoxunda (54%) doymamış yağlardan istifadə edilir.


Tags:  Azərbaycanda uşaq piylənmədən əziyyət çəkir

RƏYLƏR


Top news