Rəqəmli yayıma keçidlə əlaqədar 1500 dekoder satılıb

Rəqəmli yayıma keçidlə əlaqədar 1500 dekoder satılıb
11:32 2 Noyabr 2016
152 Ölkə
Ölkə mətbuatı
A- A+

"Bu günə qədər Bakı, Sumqayıt və Abşeronda rəqəmli yayımı qəbul etmə imkanı olmayan televizorlar üçün poçt şöbələrində 1500 dekoder ("Set-Top-Box") satılıb. Daha 3000 dekoder isə bu gün poçt şöbələrinə paylanılacaq".

Milli.Az bildirir ki, bunu APA-ya Radio Televiziya Yayımı və Peyk Rabitəsi İstehsalat Birliyinin texniki direktoru Mikayıl Abbasov deyib. M. Abbasov "Rayonlarda analoq yayımı dayandırılması ləngiyə bilərmi?" sualına cavab olaraq bildirib ki, qərarda hər hansı dəyişiklik yoxdur: "Əksinə, rayonlarda analoq yayımın dayandırılması daha rahat baş tutacaq. Çünki rayonlarda insanların əksəriyyəti yerli kanalları peyk antenaları vasitəsilə izləyir. Buna görə də rayonlarda tam rəqəmli yayıma keçid zamanı çətinlik hiss olunmayacaq".
 
"Digər tərəfdən, vətəndaşlar elə bilir ki, dekoderə verdiyi 22 manatı hər ay ödəyəcək. Bu, belə deyil. Vətəndaşlar 22 manat ödəyib dekoderi aldıqdan sonra, açıq yayımlanan Azərbaycan kanallarına birdəfəlik pulsuz baxacaqlar", - deyə M. Abbasov qeyd edib.
 
Qeyd edək ki, 1 noyabr tarixindən etibarən Bakı şəhəri və Abşeron yarımadasında analoq televiziya yayımı dayandırılıb və rəqəmli televiziya yayımına keçilib. Müasir televizorlar, o cümlədən 2010-cu ildən etibarən istehsal olunan bütün televizorlar rəqəmli yayımlanan siqnalları heç bir əlavə qurğu olmadan qəbul edir.
Rəqəmli yayımı qəbul etmə imkanı olmayan televizorlar üçün isə dekoderləri ("Set-Top-Box") istifadə haqda təlimatla birgə poçt şöbələrindən əldə etmək mümkündür. Bakı, Abşeron və Sumqayıt sakinləri bu qurğuları Poçt Şöbələrindən 22 manat ödəməklə əldə edə bilərlər. Rəqəmli yayım siqnallarını qəbul etmək üçün xüsusi antenaya ehtiyac yoxdur. Analoq yayım üçün istifadə olunan antena vasitəsi ilə rəqəmli formatda TV proqramları izləmək mümkündür. Rəqəmli televiziya yayımına keçid əhaliyə ölkənin istənilən ərazisində televiziya  proqramlarının yüksək keyfiyyətlə, o cümlədən HD standartında izləməyə, təsvir və səs siqnallarının kənar maneələr və informasiya itkisi olmadan qəbul edilməsinə geniş imkanlar yaradır. Respublikanın digər ərazilərində tam olaraq rəqəmli televiziya yayımına cari ilin 1 dekabr tarixindən keçiləcək və analoq yayım bütün ölkə ərazisində tam dayandırılacaq. Naxçıvan Muxtar Respublikasında açıq paketli rəqəmli televiziya yayımına 10 dekabr 2014-cü il tarixindən keçilib. Rəqəmli televiziya yayımına keçidlə bağlı yaranan hər hansı problem və sualla bağlı Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin 14-11 nömrəli "Qaynar xətt"nə zəng etmək lazımdır.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/485470.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR