Zərdabda başı kəsilən qadının qan donduran HEKAYƏSİ

Zərdabda başı kəsilən qadının qan donduran HEKAYƏSİ
11:57 2 Noyabr 2016
327 Ölkə
Ölkə mətbuatı
A- A+

Musavat.com xəbər verir ki, əri tərəfindən amansızlıqla qətlə yetirilən 23 yaşlı Rüxsanə Astanovanın üç övladı ortalıqda qalıb və onlara sahib çıxan yoxdur ...

"Hər yazılan həqiqəti əks etdirmir. Gerçəkləri bilmək istəyirsinizsə, gəlin, görün!.."

Milli.Az bildirir ki, Zərdab rayon hüquq-mühafizə orqanlarından musavat-ın müəllifi olduğu "Başı kəsilən qadınlar" yazısına reaksiya belə oldu. Mətbuatla əməkdaşlıqdan bir ayağını qaçaq qoyan qurumlardan belə təklifi alanda onu mütləq dəyərləndirmək lazımdır. O üzdən yolçu yolda gərək. Yolumuz Zərdabın Yarməmmədbağınadır. 23 yaşlı üç uşaq anası Ruxsanə Astanovanın başının kəsilərək qətlə yetirildiyi kəndə...

Baş kəsilən ev...

Kəndə girəndən ta o evə gələnəcən neçə adamdan soruşduq ki, bəs başı kəsilən qadının evi hansıdır? Dedilər, qara qovağın altındakı evdir. Sürücümüz kəndə yaxşı bələd idi. Evi tapmaqda problem olmasa da, kəndin yolları başdan-ayağa problemdir. Kələ-kötür, palçıqlı və gölməçələrlə bol. Biz də şəraitə uyğun davranıb, qaloşlarımızı geyinmək məcburiyyətində qaldıq...

***

Qara qovağın altındakı evdəyik. Həyət boşdur. Qapıları da taybataydır. Hadisə yerini görməyə icazəliyik. O üzdən heç adam axtarmadıq. Çünki bura təkcə kiminsə evi deyil, həm də hadisə yeridir. İçəri girəndə adam vahimələnir. İki otaqlı tikilidir. Elə bil illərdir adam yaşamayıb burada. Hər yeri toz basıb. Eyvana qalxan kiçik pilləkənin yanında bir neçə nimdaş uşaq və böyük ayyaqabısı, kənarda yuyulmaq üçün ləyənə yığılan çirkli və hərəsi bir rəngdə olan, bəzisi də çatlaq qab-qacaq, çirkli uşaq paltarları, sobaya qoymaq üçün doğranan bir qucaq odun, balaca və köhnə, başındakı yırtıqdan içinə saman doldurulmuş oyuncaq ayıcıq...

Palçıqla bulaşıq eyvandan otaqların birinə keçmək istədim. Bələdçim girməyi məsləhət bilmədi. Peşə marağı üstün gəldi. Qapını astaca itələdim. Sınıq-sökük mebel, stol, şkaf, çarpayı. Üstündə hələ qan izləri olan nimdaş döşək, hisli odun sobası, çaydan, cırıq-sökük, yəqin ki, qonşuların verdiyi köhnə, uşaq, qadın geyimləri...Bir də qan qoxusu. O qadın bu otaqda öldürülüb. Əvvəlcə əri Aqşin küt alətlə alnından zərbə vurub. Zərbədən yıxılan qadın huşunu itirib, o üzdən baltalandığı anda müqavimət göstərə bilməyib.
HAŞİYƏ: Qonşular deyirlər ki, həmin gecə səhərəcən çaqqal, canavar ulaşmasından yata bilməyiblər. Qan iyinə gəlibmiş yırtıcılar: "Onların evinin döşəməsində deşiklər var. Gəlinin qanı oradan aşağı süzülüb gölməçə yaradıbmış. Səhər gedib gördük, evin altındakı qan gölməçəsinin ətrafı yırtıcıların ayaq izləri ilə doludur. Səhərəcən torpaqdan gəlinin qanını yalayıb çala düzəltmişdi çaqqallar...

Biz onu heç qınamadıq...

Qəribə olan bu idi ki, 23 yaşlı qadının həyat tərzi haqqında ən mütxəlif sözlər deyir, kişili - qadınlı xeyli kənd adamı. Biri söylədi ki, düzgün həyat tərzi keçirmirdi. O biri qonşusunun sözünü ağzında qoydu:

-Ə, düzdür ee, düz deyildi həyatı. Bir dəfə ondan şikayət eləmişdik. Gəlib xeyli danladılar. Hətta dedilər ki, o cür qadınların uşağını dövlət əlindən alıb özü tərbiyə eləyir, bax haa, eləmə elə işlər. O da yalvardı ki, daha heç nə eləməz, bircə uşaqları əlindən almasınlar. And da içdi ki, pis yola getməyəcək, camaatdan xahiş elədi, ona məhlələrdə iş versinlər, nökərçilik eləsin. Hamı baxdı, yazığı gəldi. Biz onu heç qınamadıq. Çünki bədbəxt idi.

Vəhşi sevgisi...

Ruxsanənin uşaqları dəcəl və xətakar olublar. Qonşular deyir ki, gəlin çörək dalıyca gedəndə uşaqları ayağından çarpayıya bağlayırmış. Sonra qapını üstlərinə qıfıllayırmiş ki, evdən qaçıb arxın kənarında oynamağa getməsinlər. Birdən arxa düşüb boğularlar. İttiham eləmə, əziz oxucu. Çünki bu tip qoruma üsülu həm də ananın psixoloji problemli olmasından xəbər verir.
Təxminən budur vəziyyət: Özü heç nə görməyib qısa həyatında. O böyük sevgidən doğulan uşaq olmayıb. Nə ata segvisi görüb, nə ana nəvazişi. Heç sevilməyib də insan olaraq. Diqqət, qayğı haqda, bəlkə, heç bir fikri belə olmayıb. Küçələrdə, evlərdə böyüyüb, qapılarda işləyib; anası ilə beş manat qazananda sevinib Ruxsanə. Yəni onun uşaqlarına verdiyi özünün həyatdan aldığı qədərdir. Vəhşi sevgisidir bu, başqa adı yoxdur.

Söhbətə kənd sakinlərindən biri də qoşulur:

- Yaşına görə üç uşaq ona çox idi. 23 nə yaşdır ki? Düşünün, beş yaşlı uşağı var. Altı ildir ərdədir. Deməli, ərə gedəndə 17 yaşı olub. Ona ərə getmək də demək olmaz. Fermada fəhlə imiş. Orada tanış olub Aqşinlə də. Bir yerdə yaşayıblar. Rəsmi nikahları da sonradan olub deyəsən. İndi də ər atıb gedib, dəfələrlə ərin ailəsi döyüb çölə tullayıb. Bu insandır, qadındır, anadır, neynəməlidir? Nə yolla olur-olsun yaşamalıdır, başa düşürsünüz, ölənəcən nəyin bahasına olur-olsun yaşamalıdır bütün insanlar. Seçdiyi yol, üsul, həyat tərzi normaldır, bəyəniləndir, ya yox - bu artıq başqa mövzudur. Onların həyatına baxanda ağlıma bircə cümlə gəlir: Allah kimsəni o cür ehtiyaclara salmasın...

Nə yaza bilib, nə oxuya...

Kənd məktəbinin müəllimlərindən biri ilə söhbət edirik:

-Böyük oğlunun beş yaşı var. Dedim, onun sənədlərini gətir məktəbəqədər hazırlıq sinifləri açılıb, özü də pulsuz. Qoyaq oxusun sənin uşağın da. Gördüm uşaqların üçünün də sənədini gətirib. Dedi, bax gör, hansı onunkudur? Dedim, özün niyə baxmırsan? Qayıtdı ki, məktəbə getməmişəm, oxuya, yaza bilmirəm. Sənədlərin içindən böyük uşağın sənədini götürüb, məktəbə yazdırdım ki, barı uşağın oxuması-yazması olsun. Üç gün getdi məktəbə, anasını öldürdü atası, daha gedə bilmir.

Qəribə hörmət...

Heç kim ona əxlazsızdır, ailəmə pis nümunədir, uşaqlarımla oynamağa yaraşmır uşaqları demir. Hamı deyir, bədbəxt idi, vəssalam... Ruxsanənin həyatından danışan yaşlı kənd adamı isə deyir ki...

-Bala, bədbəxtliyin ayrı forması olmur. O, bədbəxt adam idi. Bədbəxt də öldü getdi. Ər küçələrə atıb bu heç, üstəlik boşamaq üçün ərizə verib (Diqqət! Faktı rəsmi orqanlar təsdiqləyib-red.), sonra da gəlib üç uşaq anasının başını kəsib. Elə gün olub, o qız üç uşaqla qapılar gəzib, gecə qalmağa yer axtarıb, hamıya yalvarıb. Bəzən qonşuların tövləsində gecələyib yersizlikdən, yiyəsizlikdən. Çox vaxt da yer tapmırdı yata. İndi torpağın altı da olsa həmişəlik yeri var. Allah günahlarını cahilliyinə bağışlasın.

Ac uşağın fəryadını qoyub, Allah məni eşitməzdi...

Qonşulardan biri danışır ki, neçə dəfə namaz üstən qalxıb Ruxsanənin uşaqlarına yemək, çörək verib: "Sonra namazımı davam eləmişəm. Düşünmüşəm ki, ac uşağın fəryadını qoyub, Allah namazda edilən duaya qulaq verməz. Həm də heç mən özüm o fəryadla namazı qıla bilməzdim"...

Çır-çırpı, odun, bir manatlıq xoşbətlik...

Öldürüldüyü gün Ruxsanə qonşunun həyətini kol-kosdan təmizləyib. Zülümlə qurumuş ağacları kəsib. Ona çörək, bir manat zəhmət haqqı, bir az yemək veriblər. Bir də deyiblər ki, həyətdən təmizlədiyi çır-çırpını, kəsilən ağacları daşıyıb, aparsın öz həyətinə. Görənlər deyir elə sevinirdi, elə xoşbəxt idi, gəl görəsən: "Soyuqdan donurdular. Odun onlar üçün göydəndüşmə olub. Ruxsanə də axşamacan odun, çır-çırpını daşıyıb. Həmin gün o qədər işləyib ki, yorğunluqdan nəfəsi kəsilib. Sonra da həyətlərində gücü çatan odunların hamısını doğrayıb. Gücü çatmayan kötüklər isə, elə indi də həyətdə qalıb. Yüngülləri də eyvanın altına yığıb ki, yağış vurub islatmasın. Nəm odunu kibritlə yandırmaq çətindir, neft də lazım olur. Onu almağa isə Ruxsanənin pulu olmayıb".
 

Başı kürəyinə sallana qaldı...

Bir də o adamı tapmaq lazım idi. Əməliyyatçılardan da ürəkli olub, içəri ilk girən oğlanı. Ruxsanənin meyidini götürməkdə əməliyyatçılara kömək eləyib. Tapmağına tapdıq. Dedi, adımı çəkməyin, amma dəqiq nə olduğunu deyim sizə. Baltanı düz boğazından vurmuşdu. Boyun sümüyü üzülmüşdü. Arxasında bircə barmaq ilişəcək dəri qalmışdı. Əvvəlcə istədim başından tutub götürüm. Gördüm o cür qaldırsam, başı əlimdə gələcək. O üzdən çiynindən götürdüm, başı kürəyinə sallana qaldı bədbəxtin.

Ruxsanənin qaynatası, Aqşinin digər ailə üzvləri nəinki yasa gəlib, heç nəvələrinin harada olması ilə maraqlanmayıblar da. Hadisənin ertəsi günü qaynata kəndə gəlib, evin döşəməsinə tökülən qanı yuyub, mağazadan iki çörək, bir konserv, araq alıb. Gecəni qalıb, səhəri Bakıya dönüb. Çünki qızı və həyat yoldaşı Bakıdakı kafelərdən birində işləyir. Yəni onlar ailəcə Bakıda yaşayırlar. Dərd onlar yox, anası torpağa, atası məhbəsə gedən, ortada qalan üç uşaq, üç qardaşdır. Xanoğlan, Xanlar, Nihad. Onları da görmək lazım.

"Məə apamaa"....

O üç uşaqlardan birinin, Xanların, sizə təqdim olunan şəklinə diqqət edin. Bəlkə də şəkildən o qədər duyulmur. Uşağın alnında dərin, şişib, çirk etmiş yara var. Atası bıçaqla vurub. Qonşular deyir ki, ailədə ikinci uşaqdır Xanlar. O nə zaman atasına, Aqşinə yaxınlaşıbsa, ata döyüb, eyni yerə bıçaqla vururmuş ki, rədd ol, sən bizim qan deyilsən. Qonşular buna dəfələrlə şahid olub, hətta irad bildiriblər ki, uşağın nə günahı var?!..

Beləcə Zərdab rayon mərkəzinə dönürük, uşaqları görməyə. Onları görəndə yaranan ilk təəssürat budur ki, belə saxlandıqlarına görə ayrıca cinayət işi açıla və zamanında ailədən alına bilərdi uşaqlar. Nitqləri qüsurlu, üst-başları çirkli, bir qarın ac, bir qarın tox. Özü də ulu nənələrinin məhləsində dolaşırlar. Onlara deyiblər ki, kimlərsə gəlib sizi aparacaq. Uşaqlar heç yerə getmək istəmirlər. Bu üzdən yad adam görən kimi gücləri yetincə yüksək səslə qışqırırlar. Harasa aparılmalarına etiraz eləyirlər. Beş yaşlı böyük qardaş, nitqi qüsurlu Xanoğlan hamıdan bərk qışqırır:

-Məə apamaa, gedmeem, apamaa....
- Mən səni aparmıram, gəl şəkil çəkdirək...

Bu cavabdan sonra gözünün yaşını silib, gülümsədi. Başı ilə razılığını bildirdi. Sakitcə gəlib kürəyini mənə söykədi... Nə zamandır çimib, yuyundurulmur bu körpə. İlahı, gül ətri gələsi halda, nə qoxur bu uşaq? Bir az qan, bir az aclıq, bir az natəmizlik, bir az baxımsızlıq... Bu körpə faciə qoxuyur, faciə...

"Aşşin xıtt eyedi"...

Xanoğlan atasını elədiklərini əvvəldən sonacan görüb:

-Sen bisen Aşşin xıtt eyədi...
- Kağızı? Nə düzəldir sənə? (əslində nə dediyini anlamışdım, sadəcə fikiri yayındırmaq ümidi ilə belə dedim-red)
-Eşş, mamaan bozağını xıtt eyedi..Soya cene xıtt eyedi, soya cene, xıtt eyedi, soya cene...
- Yox, Aşin mamanın boğazını oxalayıb, həkimlər deyir ki, mamanın boğazı ağrıyır, düzələndə gələcək...
-Yoo, Aşin xıtt eyədi çəsdi, ağımırdı...

Rəqəm bilməyən uşaq anasına dəyən baltaların sayını "xıtt eyədi" sözlərinin təkrar-təkrar saymaqla yadda saxlamışdı. Sayı adamlara belə anladırdı balaca. Dalbadal bir neçə dəfə təkrarlayır, sonra dayanıb, "hə, day xıtt eyəmədi soya" deyirdi...

CAHİLLİK!..

Ruxsanənin anası Gülnarə Astanova isə səssizcə oturub. Onunla danışmaq yox, adam ona üsyan eləmək istəyir. Amma özünü birtəhər saxlamalısan, olmaz.

-Yazını yazanda soyad lazım olur, soyadınız necədir Gülnarə?
-Bilmirəm.
- Necə yəni?
-Yaza-oxuya bilmirəm. Familiya yadımda qalmır. Onsuz da lazım olmur. Hara gedirəm ki, orada kağızda olar. Nə qızınkini bilirəm, nə özümkünü. Baxın görün nədir familiya, orada kağız var.

Ailənin soyadını qonşulardan öyrəndik. Adamın inanmağı gəlmir ki, ölkədə soyadı dilinə illərdir gəlməyən, elə buna görə də onu xatırlaya bilməyən vətəndaş da var. Bax elə bu məqamda açılır düyün. Məmləkətdə niyə bu qədər baş kəsildiyi, qadın ölümünün olduğu düyünü. Bircə səbəb var: CAHİLLİK!..

Baxın Gülnarənin, anası da, özü də balaları da, hətta balasının balası da yaza, oxuya bilmir. Bu balaca bir rayon, hətta ölkə üçün çoxdur. Məmləkəti gələcəkdə onlara təhvil verməmək üçün bu göstərici həm də aidiyyatı qurumlara əməlli sos siqnal olmalıdır. Bəlkə, belə adamlara elementar şeyləri, yazmağı, oxumağı öyrətmək haqda kimsə düşündü. Bəlkə dövlət belə bir layihə, proqram hazırlamaq kimi addım atdı. Çünki bu lazım deyil, gələcəyimizi düşünürüksə, vacibdir.

Problem təkcə qadın deyil...

Qadını haqqında xoşagəlməyən sözlər danışılırsa, bu, bir kişinin faciəsidir, bizim cəmiyyət qanunlarına görə. Anormal qanundur. Çünki quru hisslərə əsaslanaraq söylənilib və qurulub. Əvvəlcə bir ailənin, sonra, qadının, sonra üç uşağın, kəndin, rayonun, cəmiyyətin və ölkənin problemidir. Bunlardan sonra bəlkə də bir az da bir kişinin problemidir. Niyə kişi sona qaldı? Çünki nacins ailə adamından ayrılıb normal insan kimi yaşamağın çox gözəl qanuni yolu var. Amma o addımı atıb, məhkəməyə rəsmi boşanma ərizəsi verəndən sonra gəlib evdə baş kəsən kişinin yeri elə sondur. Söhbət yaxşılardan getmir. Çünki onlar, yəni yaxşı kişilər həmişə yuxarı başda, birinci yerdə olmağa layiqdirlər və elə oradadılar. Ancaq Aqşinlər sübut eləyir ki, onların öz evində problem təkcə qadında yox, həm də kişidədir. Onun aldığı tərbiyədə, böyüdüyü mühitdə, evliliyə qədərki ailəsindədir.

Bir də o evdə, ulu nənəsinin evində verilən yas mərasimində 23 yaşlı gənc qadının, başsız qalan üç oğlunun faciəsi duyulmurdu. Ölüsünü ağlaya da bilmir onlar. Bu da başqa dərddir, yəqin. İnsanların dərdlə yaşadığı evlərdə faciələr sakit qarşılanır. Onlar nəyi, niyə ağlasınlar ki? Bizim üçün gənc bir qadının faciəli həyatı və sonu olaydır, onlar üçün gündəlik yaşadıqları problemlərdən biri. Başqa problemlərdən bir az ağırı, vəssalam. O üzdən, bu da keçər yəni...

Onlara sahib çıxın!..

Bu yazının mahiyyəti təkcə bir faciədən danışmaq deyil. Həm də ortada qalan uç qardaşın, azyaşlının - Xanoğlan, Xanlar və Nihadın - dövlət tərəfindən sahiblənməsi işini sürətləndirməyin vacib olduğunu aidiyyatı orqanlara xatırlatmaqdır. O uşaqlar atasız-anasızdırlar. Yarı ac, yarı toxdurlar. Xanların başındakı yara getdikcə dərinləşir. Yatmağa yerləri belə yoxdur. İnsanlıq xatirinə onları xilas edin! Heç vəzifə borucu deməyin, eləcə insanlıq haqqı xatirinə...

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

DÇ-2017: Qadın güləşçilərimiz mübarizəyə qoşulur

23 Avqust 2017 12:13

Paytaxtda iki ev yanıb, bir qadın ölüb

23 Avqust 2017 12:13

Azərbaycanda lisenziyasız kredit təşkilatı fəaliyyət göstərir

23 Avqust 2017 12:12

SOCAR əməkdaşları Yaponiyanın Vaseda Universitetinin treninq proqramında iştirak edəcəklər

23 Avqust 2017 12:12

Bakı sakini yanaraq öldü

23 Avqust 2017 12:09

O xərçəngin dərmanıdır, Azərbaycanda bitir

23 Avqust 2017 12:09

İspaniyalı futbolçu “Qəbələ”dən ayrılmasının səbəbini açıqlayıb

23 Avqust 2017 12:07

Gürcütanın Borjomi-Xaraqaul bölgəsində yanğın davam edir

23 Avqust 2017 12:07

Bakıda BÖYÜK SÖKÜNTÜ başlayır, 16 minə yaxın mənzil plana düşdü

23 Avqust 2017 12:03

8651 nəfər peşə məktəblərinə qəbul olunub

23 Avqust 2017 11:59

Bakını bürüyən toz dumanı

23 Avqust 2017 11:59

Kurtizanka idi, səfirlə evləndi, admiralın məşuqəsi oldu - TARİXİN ƏN QƏRİBƏ TALELİ QADINI - fotolar

23 Avqust 2017 11:53

İki məşhur klubdan Arda Turana təklif

23 Avqust 2017 11:47

“Neft Daşları”nda yeni quyu istismara verilib

23 Avqust 2017 11:47

Azərbaycanda ilk dəfə çarpaz orqan transplantasiyası əməliyyatı icra olunub

23 Avqust 2017 11:47

Samiraldo OD PÜSKÜRDÜ: "Kişiyəm, nəyəm, kimə nə dəxli var?!" - VİDEO

23 Avqust 2017 11:43

Sahibkarlara 180-dən çox investisiya təşviqi sənədi verilib

23 Avqust 2017 11:42

Azərbaycanlı qızın bu görüntüləri interneti "partlatdı"

23 Avqust 2017 11:40

Konqresdən Trampa Rusiya ilə bağlı QADAĞA

23 Avqust 2017 11:38

Bakıda Ukrayna Dövlət Bayrağı Günü qeyd olunub

23 Avqust 2017 11:37

“CinemaPlus” əsrin boks döyüşünü canlı yayımlayacaq

23 Avqust 2017 11:37

Sərdar Ortacın özündən 3 yaş kiçik qaynatası

23 Avqust 2017 11:36

Yeni virus onlayn oyun həvəskarlarını təhlükə altına qoyur

23 Avqust 2017 11:35

Rusiyada işdən çıxarılan şəxs zavod əməkdaşlarına bıçaqla hücum edib, 3 nəfər ölüb, 2 nəfər yaralanıb

23 Avqust 2017 11:32

2 yaşlı uşağı öldürən azərbaycanlı qadına 12 il həbs - QANDONDURAN CİNAYƏT

23 Avqust 2017 11:29

"Qarabağ" bu gün "Kopenhagen" səddini keçə biləcəkmi? - AZARKEŞLƏR ARASINDA SORĞU

23 Avqust 2017 11:24

“Əbədi müttəfiq”dən geosiyasi düşmənə: Böyük layihə BAŞ TUTACAQMI?

23 Avqust 2017 11:23

Bakıda toz dumanı bir qədər də arta bilər

23 Avqust 2017 11:21

Çempionu döyüb öldürən azərbaycanlı Anarın yerini deyənə 500 minlik MÜKAFAT VƏDİ

23 Avqust 2017 11:19

Qardaşı qızı ilə sevgili olan aparıcı məhkəməyə verildi - FOTO

23 Avqust 2017 11:18

Səfirlik: "Azərbaycan bütün platformalarda beynəlxalq terrorizmlə mübarizə üzrə təşəbbüsləri dəstəkləyir"

23 Avqust 2017 11:17

Azərbaycanın qadın güləşçiləri dünya çempionatında mübarizəyə qoşulur

23 Avqust 2017 11:17

Yığmamız Belarusa uduzdu

23 Avqust 2017 11:17

Naxçıvanda hücum təyyarələri havaya qalxdı

23 Avqust 2017 11:16

Bakıdakı qatı toz dumanının səbəbi açıqlandı

23 Avqust 2017 11:14

"Harvey" tropik qasırğası ABŞ-da benzini bahalaşdırıb

23 Avqust 2017 11:12

Soçi görüşündə nə baş verəcək? - Qərbdə yar axtaran Ermənistanı hansı faciələr gözləyir?

23 Avqust 2017 11:08

"Kopenhagen" - "Qarabağ": bukmeykerlər nə deyir?

23 Avqust 2017 11:07

Prezident orta məktəbin yeni korpusunun açılışında

23 Avqust 2017 11:07

Gürcüstanda iki mikroavtobus toqquşub, 28 nəfər xəsarət alıb

23 Avqust 2017 11:02

“Kopenhagen”in futbolçusu: “Vardar" və "Sonderyuske" ilə oyunlardan nəticə çıxarmalıyıq"

23 Avqust 2017 11:02

Türkiyə 10 minlik yeni ordu yaradır

23 Avqust 2017 10:59

Corc Kluni 1 milyon dolları görün nəyə xərclədi

23 Avqust 2017 10:53

"Qarabağ" tarixi oyuna çıxır

23 Avqust 2017 10:51

Nazirin qardaşı oğlu məhkəmədə ifadə verib

23 Avqust 2017 10:47

Naxçıvanda Əlahiddə Ümumqoşun Ordunun aviasiya hissəsinin SU-25 hücum təyyarələri təlim uçuşları keçirib

23 Avqust 2017 10:47

Nazirlik: Bakıda müşahidə olunan toz dumanı Türkmənistan ərazisindən gəlib

23 Avqust 2017 10:42

Azərbaycan gömrükçüləri avtobusun salonunda 14 000 ədəd siqaret aşkar edib

23 Avqust 2017 10:37

ABŞ Çin və Rusiyanın 16 şirkətinə sanksiya tətbiq edib

23 Avqust 2017 10:37

“Samsung” şirkəti dünyanın 200 ölkəsində “Bixby” səs köməkçisini işə salıb

23 Avqust 2017 10:35