“Thomson Reuters”in nümayəndələri ilə ATU-da görüş

“Thomson Reuters”in nümayəndələri ilə ATU-da görüş
14:33 2 Noyabr 2016
40 Ölkə
Ölkə mətbuatı
A- A+

Dünyanın tanınmış elmi-analitik informasiya təminatçısı olan “Thomson Reuters” şirkətinin təmsilçiləri Azərbaycan Texnologiya Universitetində (ATU) professor-müəllim heyətinin üzvləri ilə görüşüb.

Görüşdə qeyd olunub ki, ötən il Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə “Thomson Reuters” şirkətinin Elmi tədqiqatlar və intellektual mülkiyyət şöbəsi arasında imzalanan əməkdaşlıq müqaviləsinin əsas komponentlərindən biri ölkəmizin bir sıra ali təhsil müəssisələrinin elmi fəaliyyətinin inkişafına, keyfiyyət səviyyəsinin yüksəlməsinə və dünyada nüfuzunun gücləndirilməsinə dəstək verməkdir.

ATU-nun elm və texnika üzrə prorektoru Səbuhi Yusifov bildirib ki, bu layihə vasitəsilə ali təhsil müəssisələri üçün qlobal elmi baza olan “Web of Science” platformasına və “İnCites” bazasına çıxış imkanlarının yaradılması böyük əhəmiyyət kəsb edir. Çünki, dünyada məşhur elmi platforma olan “Thomson Reuters”ə qoşulma Azərbaycanda elmin inkişafına, beynəlxalq əməkdaşlığın genişlənməsinə və yerli tədqiqatçıların nəşrlərinin sayının artmasına zəmin yaradır.

Elmi nəşrlərin arxiv bazasının yaradılmasından danışan “Thomson Reuters”in informasiya resursları üzrə mütəxəssisi Aygün Babazadə qeyd edib ki, “Thomson Reuters İnCites” dünya ali təhsil müəssisələri və elmi dairələrinin fəaliyyətinin məhsuldarlığını təhlil etmək imkanı verən elmi tədqiqatların qiymətləndirmə alətidir. Hazırda “İnCites” platforması dünyanın 7000-dən artıq tanınmış universiteti, tədqiqat institutu, dövlət qurumu və şirkəti tərəfindən istifadə olunur. “Web of Science” platforması məlumatlarının təhlili isə ali təhsil müəssisələrinə tədqiqatların daha səmərəli istiqamətlərini müəyyən etmək və uğurlu inkişaf strategiyaları qurmaq imkanı verir.

Şirkətinin Moskva filialının şöbə müdiri Valentin Boqorov bildirib ki, proqrama qoşulmaqla Azərbaycanın ali təhsil müəssisələrinin “İnCites” informasiya platformasında yerləşdirilmiş “Journal Citation Reports” məlumat bazasına çıxış imkanları da təmin ediləcək. “Journal Citation Reports”un köməkliyi ilə alimlər öz sahələrinə dair elmi jurnalların müqayisəli qiymətləndirilməsini apara və nəşr üçün daha effektiv jurnallar seçə biləcəklər. Bundan başqa “Science Citation İndex Expanded” müəllim, tələbə və tədqiqatçılara təbiət elmləri və texnologiya sahəsində lazımi elmi məlumatları toplamaq, biblioqrafik informasiyadan və istinadlar haqqında məlumatlardan səmərəli yararlanmaq imkanı yaradacaq.





Xəbərin orijinal ünvanı: http://publika.az/news/bilik/174471.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR