Dünyada yeganə interaktiv xəbər muzeyi - FOTO

Dünyada yeganə interaktiv xəbər muzeyi - FOTO
14:57 2 Noyabr 2016
28 Dünya
Ölkə mətbuatı
A- A+

Dünyanın yeganə interaktiv xəbər və jurnalistika muzeyi olan "Newseum" 2008-ci ildə Vaşinqtonda açılıb.

Əvvəlcə bu unikal muzey Arlinqton şəhərində (Virciniya ştatı) yerləşib.
Amma sonradan onun Vaşinqtonda xüsusi tikilmiş binaya köçürülməsi qərara alınıb. Muzeyin yeni binasının tikintisinin dəyəri 450 milyon dollar təşkil edib.

Milli.Az report-a istinadən "Newseum"dan hazırlanmış fotoreportajı təqdim edir.
Muzey binası Vaşinqtonun düz mərkəzində - Pensilvaniya Avenyuda, Ağ Ev və Kapitoli arasında yerləşir. Bina şəffaflığı ilə dərhal seçilir: küçədən içəridə baş verənləri asanlıqla izləmək olur. Bununla binanın fasadı mətbuatın sosial funksiyasının rəmzi kimi çıxış edir. Muzey binasının fasadında, həmçinin böyük hərflərlə ABŞ vətəndaşlarının əsas hüquq və azadlıqlarını təmin edən ölkə Konstitusiyasına birinci düzəlişin mətni həkk olunub.
Muzeyin 7 mərtəbəsində 14 qalereya, 15 kinozal və iki yayım studiyası var. Ekspozisiyaların ümumi sahəsi 75 min kvadratmetr təşkil edir.
Muzey interaktivliyi ilə unikaldır. Muzey ziyarətçiləri özlərini redaktor, televiziya müxbiri, fotomüxbir rolunda sınaya, uşaqlar isə "Necə jurnalist olaq?" interaktiv oyununda müsahibə alınması və məqalə üçün material toplanmasının əsaslarını öyrənə bilərlər.
Muzeydə ən vacib kütləvi informasiya vasitələrinin - yazılı KİV, radio, televiziya, fotoqrafiyanın inkişaf xronologiyası təqdim olunub. Ekspozisiya minillikləri - gil lövhəciklər üzərində mixi yazılardan sensorlu ekranlarda təqdim edilən internet-nəşrlərə qədər olan dövrü - əhatə edir.
Ziyarətçilər burada Berlin divarının, terrorçuların partladaraq dağıtdığı Beynəlxalq Ticarət Mərkəzinin damından olan antenanın bir hissəsini, Mark Tvenin mürəkkəbqabını və hətta FTB-nin terrorizmin qarşısının alınması üzrə fəaliyyətinə həsr olunmuş sərgini seyr edə bilər.
Kinozalda XIX əsrin sonlarının məşhur qadın jurnalisti, ruhi xəstə qadınlar haqqında material hazırlamaq üçün özünü dəliliyə vuraraq xəstəxananın içərisinə düşən Nelli Blay haqqında film seyr etmək olar.
İkimərtəbəli şüşə divarda 1837-ci ildən etibarən vəzifəsini yerinə yetirərkən həlak olan 1800-dən çox jurnalistin adları həkk olunub.
Muzeydə, həmçinin 2001-ci il sentyabrın 11-də baş vermiş faciəli hadisələrə həsr olunmuş ABŞ-da ilk daimi muzey sərgisi yerləşir. Orada iki gün ərzində - sentyabrın 11-də və 12-də faciə ilə bağlı beynəlxalq mətbuatda dərc edilən bütün məlumatlar əksini tapıb. Bundan əlavə, oraya gələnlərə bu faciəni işıqlandıran jurnalistlərdən alınmış müsahibələrin olduğu xüsusi hazırlanmış sənədli film nümayiş etdirilir.

Milli.Az













Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/485582.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR