Qubkin Universitetinin tələbələri: "Biz Bakını və Azərbaycanı sevdik" - FOTO

Qubkin Universitetinin tələbələri: "Biz Bakını və Azərbaycanı sevdik" - FOTO
15:52 2 Noyabr 2016
42 Ölkə
Ölkə mətbuatı
A- A+

Bir neçə gün ərzində Bakı Ali Neft Məktəbinin (BANM) qonaqları İ.M.Qubkin adına Rusiya Dövlət Neft-Qaz Universitetinin (Milli Tədqiqat Universiteti) 10 tələbəsindən ibarət nümayəndə heyəti olublar. Qubkin Universitetinin Beynəlxalq Neftçi Mühəndislər Cəmiyyətini (SPE) təmsil edən tələbə qrupunun səfəri BANM-in SPE bölməsinin dəstəyi ilə təşkil olunub.

BANM-dan Milli.Az-a verilən məlumata görə, səfərlə bağlı öz təəssüratlarını bölüşərək suallarımızı cavablandıranlar Mühəndis mexanika fakültəsinin dördüncü kurs tələbəsi Evelina Qadılşina, Avtomatlaşma və hesablama texnikası fakültəsinin dördüncü kurs tələbəsi Dmitriy Koşeçkin, Kimya texnologiyası və ekologiya fakültəsinin üçüncü kurs tələbəsi Anton Runenkov və Neft və qaz yataqlarının işlənilməsi fakültəsinin üçüncü kurs tələbəsi Sofiya Şoşkin olublar.

- Səfərinizin əsas məqsədi nə idi və ona nail ola bildinizmi?

Sofiya: Səfərimizin əsas məqsədi gələcək əməkdaşlıq üçün Bakı Ali Neft Məktəbi və onun SPE bölməsi ilə əlaqələrin möhkəmləndirilməsi idi və biz buna nail olduq. Nailiyyətimiz daha böyük oldu: biz ömürlük dost tapdıq, sizin təkrarolunmaz şəhərinizlə, onun mədəniyyəti ilə yaxından tanış olduq, Azərbaycanın neft sənayesi ilə, valehedici insanları ilə tanış olduq.
Dmitriy: Bizim bir ciddi məqsədimiz var idi - ölkələrimizin gəncləri arasında hazırkı əməkdaşlığın gücləndirilməsi. Biz aşkar sürətdə bu məqsədə nail olduq, birgə əməkdaşlığın səfərlər, konfranslarda iştirak, məktəblilərlə fəaliyyətlər kimi gələcək sahələrini müəyyən etdik.

- Siz Rusiyanın təhsil sistemində neft-qaz üzrə aparıcı ali təhsil müəssisəsinin üzvü olaraq demək olar ki, Azərbaycanın neft-qaz üzrə təhsilini təmsil edən ən aparıcı ali təhsil müəssisəsinə səfər etdiniz. Ali Məktəb, onun texniki təchizatı haqqında nə deyə bilərisniz?

Dmitriy: Bir il ərzində yalnız ingilis dili və informasiya texnologiyalarının öyrənilməsi məqsədilə təhsil almaq ideyası xoşuma gəldi. Biz ali təhsil müəssisəsinin yeni kampusunu ziyarət etdik və uğurlu praktiki dərslərin keçirilməsi üçün onun yüksək texnologiyalarla təchiz olunmasına əmin olduq.
Sofiya: Bəli, mən tədris prosesinə nəzər yetirdim, çünki o məni çox təsirləndirdi. İngilis dilində təhsil almaq ideyası xoşuma gəldi, çünki o müasir ideyadır və indiki reallığa uyğundur. Şirkətlərin dəstəyi ilə universitetlərin açılması isə tədris proqramları və sənaye tələbləri arasında mövcud olan uyğunsuzluqların aradan götürülməsinə köməklik göstərir. Bundan əlavə, sizin məktəb tələbələrə aparıcı neft şirkətlərində istehsalat təcrübəsini keçmək və gələcəkdə iş tapmaq imkanları üçün geniş şərait yaradır və bu hər bir tələbə üçün əsas məsələlərdən biridir. Müasir laboratoriya avadanlıqları tələbələrə tədris proqramını daha yaxşı mənimsəməyə imkan verir və bu, öz növbəsində onların gələcək peşələri ilə bağlı konkret praktiki məqsədlərə yönəldilmişdir.
Anton: Mənim Ali Məktəb haqqında ən xoş təəssüratım yaranıb. Fikir verdim ki, o ən müasir texnika ilə təchiz olunub.Məni, həmçinin Heriot-Vatt Universiteti ilə hazırlanan və BANM-də tətbiq olunan tədris proqramları maraqlandırdı. Sizin Ali Məktəbdə bu gün neft-qaz şirkətlərinə lazım olan mütəxəssislər hazırlanır.
Evelina: Bizi yeni kampus öz genişliyi ilə təəccübləndirdi. Müasir, işiqlı, rahat və yüksək səviyyədə təchiz olunmuş binadır, pəncərələrdən isə neft buruqlarını görmək olar. Neft-qaz üzrə təhsil almaq və dərhal prosesi öz gözünlə izləmək olduqca əla fürsətdir.

- BANM-də təhsil alan tələbələr haqqında nə deyə bilərsiniz?

Evelina: Onlar çox mehriban, şən və öz işlərini yaxşı bilən gənclərdirlər. Məhz onların sayəsində bizim səfərimiz belə yaddaqalan oldu.Onlar bizə doğma şəhərini, ölkələrini göstərdilər və biz də Bakını və Azərbaycanı sevdik. Çox sağ olsunlar, xüsusilə Fidan, Riyad, Fəhmin və Ramin.
Anton: BANM-in tələbələrindən mən yalnız heyranlıqla danışa bilərəm. Texniki bölmədə onlar yüksək hazırlıq səviyyələrini nümayiş etdirdilər və onların göstərdikləri materiallar bizi təəccübləndirdi. Asudə vaxtlarını bizimlə keçirmələrini əsirgəmədilər və doğma şəhərlərini bizə göstərdilər. Etiraf edirəm, Qubkin Universitetinin nümayəndələrinə göstərilmiş qonaqpərvərlik və səmimilik səviyyəsi yüksəkdir.
Sofiya: İlk öncə sizin tələbələr çox mehriban və savadlıdırlar. Onların ingilis dili biliyi yüksək səviyyədədir və onlar öz ölkələrinin tarixini və mədəniyyətini yaxşı bilirlər. Onlar Azərbaycanın gənc nəslinin ən yaxşı nümayəndələridirlər.
Dmitriy: Sizin tələbələr özlərində həm peşəkarlıq, həm də qonaqları qəbul etmək bacarığını əks etdirirlər. Onlarla ünsiyyət qurmaq bizim üçün xoş idi. Əminəm ki, Ali Məktəbin tələbələri ölkənizin gələcəyidir.

- Sizin üçün bu səfər Bakıya ilk səfər idi. Sizin ən çox yadınızda nə qaldı? Siz hansı təəssüratlarla buradan ayrılırsınız?

Evelina: Bəli, Bakıya ilk səfərimiz idi, lakin ümid edirəm son deyil! İlk öncə qonaqpərvər və mehriban sakinlər və öz dar küçələri və xüsusi ruhu ilə İçərişəhər yadda qaldı. Əlbəttə ki, memarlığı, ölçüsü və dizaynı ilə heyran edən Heydər Əliyev adına mərkəz ən gözəl tikintidir. Biz ən xoş xatirələrlə və dadlı narların damağımızda qalan tamı ilə Bakıdan gedirik. Ümid edirəm, sisin gözəl şəhərinizə yenə də gələcəyik!
Sofiya: Bilmirəm nədən başlayım. Bakı gözəl şəhərdir. Bakı Şərqlə Qərbin, qədimliklə müasirliyin birləşdiyi və gözəl parklar və fəvvarələr şəhəridir. Onun qum rəngində işıqlı, mərmər binaları, yeraltı keçidləri onu hətta yağışlı və küləkli havada mehriban edir. Adətən, köhnə evlərin fonunda müasir, şüşəli binaların tikilməsindən xoşum gəlmir, lakin Bakıda onlar nədənsə ideal şəkildə uyğunlaşır - ötən illərin binaları quma bənzəyir, şüşəli binalar isə dənizə və səmaya. Bakı evlərinin interyerləri heyranedicidir. Hazırda tarixi muzey olan Z.Tağıyevin evinin incə, amma dəbdəbəli gözəlliyini heç zaman unutmayacam. Teatr və Opera və Balet Teatrının binası da xoşuma gəldi. Əlbəttə, mən dadlı Azərbaycan yeməklərini və şirniyyatlarını yadıma salacam. Lakin ən çox məni heyran edən insanlar, onların mehribanlığı, qonaqpərvərliyi oldu. Məhz onlar Bakını səfər etdiyim dünyanın ən gözəl şəhərlərindən birinə çevirdilər.
Anton: Azərbaycan möcüzəli ölkədir və onu sözlərlə təsvir etmək mümkün deyil. Hər şeyi öz gözünlə görmək üçün bura gəlməyə dəyər. Sizin mədəniyyətinizlə və sakinlərlə yenə də görüşmək üçün mən bura tezliklə qayıtmaq istərdim.

Milli.Az





Xəbərin orijinal ünvanı: http://news.milli.az/educations/485636.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR